Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Sədaqət, vəfa deyilən şey insanın könül yaşantılarıdır. Əfsus, Adəm-Həvva, Leyli-Məcnun, Əsli-Kərəm sevgisinin həyat normaları bu vacib gerçəklərə səmt tuta bilmədi və bu qeyri-zəruri hal əvvəldən başladığı formada bu gün də təəssüf ki, öz xarakterini eyni tərzdə göstərir.
Sevmək hələ sədaqətli olmaq məğzi kəsb etmir. Düzdür, insanın ümdə vəzifəsi ətrafını qorumaqdır, lakin kimisə hifz edə bilmək Tanrı bacarığıdır deyə insana sadəcə, bu səmtə göz dikə bilmək qalır. Bu zaman da – səndən ötrü canımı verərəm – dediyin adama canını verə bilmirsən. O, gedir, sən də ya yalqızlığın qoynunda çabalayır, ya da heç nə olmamış kimi yeni səmtlərə boylanırsan.
Əzizimiz, qələm dostumuz, qardaş dediyimiz Giya Paçxataşvili də sədaqətli ömür-gün yoldaşı Lamaraya sadiq insandı. O da həyatın vəfa zirvəsinə qalxa bilmək üçün dəridən-qabıqdan çıxırdı və bu, Lamaraya əminlik verirdi. Ancaq sən saydığını bir cür sayırsan, fələk də başqa cür – səndən daha dəqiq sayır. Giyanın sakitlik gətirən fikirləri başı batmış fələyin dağıdıcı-sarsıdıcı zərbələri qarşısında aciz qaldı. Qəfil qopan tufan Lamaranı qəm yeməkdən ağappaq ağarmış Giyadan araladı. Dostlar, tanışlar təsəlli verdi, sızladı, bu dəhşətin acısı heç kimi sarmadı; nə oldusa Giyaya oldu…
Lamaranın yoxluğu ağ dünyalı Giyanın şair qəlbinə qara xətlər çəkib. Ağ-qara şeirlər doğur Giyanın titrək qələmi. Bu şeirlər də bugünlərdə «MBM» mətbəəsində işıq üzü görmüş «Son – əvvələ gedən yol» başlıqlı bir kitabda cəm olub. Bu kitab bütövlükdə Giyanın Lamaranın müqəddəs ruhuna əbədi ehtiramıdır. Təbiidir ki, kitabda ürək ağrıdan, qəlb sızladan fikirlər yer alıb. Nə qədər daşürək olsan belə, bu fikirlərə baxış sıradan kimi kövrəlirsən. Elə Giya da bu fikirlərin cəm olduğu şeirləri kövrələ-kövrələ yazıb.
Həyat yoldaşı hələ «xərçəng»in caynaqlarında çırpınarkən Giya ümidsizlikdən asılı qalmışdı.
Üşütmə yurd salıb
Lamaranın solğun rəngində,
Qaraciyərinin xərçəngində…
…Asılıb qulaqlarımdan
Ümidsizliyin son zəngi.
Bu ümidsizlik Giyanı haldan da salmışdı. Lamarasının ağrılarına dözə bilmədiyi üçün özünü qınayırdı. Giley etmirdi, əsla, sadəcə için-için yanırdı. Bunun üçün yazıb:
Dildarımı bəd xəbərlər girləyir,
Həyatını dərmanla kirələyir…
Ardınca ağ nəzərli şairin Tanrıya yalvarışlarının da şahidi oluruq:
…İraq eylə «xərçəng» adlı divini,
Yetim qoyma sənətkarın evini.
Məsləhətdir: dərhal apar Givini,
Dərd artırma dərdli olan evimə.
Fəqət, həyat insan istəkləri ilə xarakterizə olunmur. Bu mənada Giyanın da «xahişi» nəzərə alınmadı. Lamara əbədi olaraq gözlərini yumdu. O gözlərdə Giyanın da ağlığı yoxa çıxdı.
İndi Giyanın yalqız dünyasına yaz hayqırtılı çılğın leysanlar yağır. O da hicranın küt soyuğunda titrəmək əvəzinə çöhrəsinə bir heykəl dürüstlüyü çökdürüb, sakit, özünün eşidəcəyi səslə deyir:
Ruh olub göylərə qalxan,
Yağışlı baxışlarla üstümə axan,
İçimdə yurd salıb, mənsiz darıxan,
O, Sənsən.
Bəllidir, xəyalında canlandırdığı ömür-gün yoldaşına deyir bunu. Bu səsin ehtişamında Lamaranın sədaqətli qadın obrazı görünür. Kənardan ötənlər o işıqlı xanımın Giyaya uzanan əllərinin arasında ağ göyərçinlər və bir də göz yaşı dadı verən sarı-ağ çiçəklər görürlər. Bu ruhsal mənzərəni Giya da görür; fəqət daşlaşmış, süst fikirlərə aludə bədənini tərpədə bilmir. Ağ nəzərlərini Lamaranın göy üzünə sarı yol yoran ruhuna dikir: «Sən qaytarlımış ömrə gülürsən, Ölüm isə sənə» deyir.
Nə etmək olar, həyat təzadlar boğçasıdır. Giyanın «Son – əvvələ gedən yol» kitabı da bu təzadları özündə əks etdirir.
Əlavə:
Əzizimiz Giya! Kitabın barədə təhlili fikir deyə bilmədik. Ağrı-acıdan sarsıldığımız üçün sadəcə, ağı deməklə kifayətləndik. Başın sağ olsun!
Necə ki, yazmısan: «Artıq təkəm…» Doğru deyirsən, artıq təksən. Nə qədər yan-yörəndə dolaşsaq da, ağrılarına məlhəm ola bilmərik.
İkinci əlavə:
Qu quşları tənhalığa dözmür, özlərini məhv edirlər. Bu həyat kodeksi təəssüf ki, insan düşüncəsinə yaddır. Və nə yaxşı ki, bu, belədir; çünki bir insan üzündən ən azı iki-üç adam tələf olardı…