ramiq

Dövlətimiz güclü siyasi iradəyə malikdir

Baş verə biləcək iqtisadi böhranın yaşanmamağı üçün dövlətimizin borc götürməyinə dair bəzi mülahizələr yanlışdır. Neftin qiymətindəki ucuzlaşma və manatın devalvasiyası ilə yanaşı, iqtisadiyyatımızda böhranın baş verməməyi üçün həll yolları haqqında media və sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif təklif və mülahizələr söylənir.

Bunların içərisində ölkəmiz üçün əsla xeyirli olmadığını düşündüyüm beynəlxalq valyuta fondlarından və banklarından borc götürülməsi təklifidir. Dövlətimiz illərdir torpaqlarımızın işğal altında olmasına baxmayaraq, istər ABŞ və Avropa Birliyi ölkələri, istərsə də üzərimizdə təsirini artırıb yenidən hegemoniya qurmaq istəyən qonşularımız tərəfindən ölkəmizə qarşı edilən təzyiqlərə baxmayaraq ölkə maraqlarından heç bir güzəştə getməyib. Bu cəsur siyasi duruş təqdirə layiqdir.

Dünyada baş verən hadisələrə baxdığımızda siyasi iradə göstərən bir çox ölkənin iqtisadi yöndən zəiflədilib borca sürüklənməsi ilə asılı vəziyyətə salındığını görürük. Ona görə də borc təklifini Azərbaycanın xeyrinə olacaq imiş kimi göstərənlər bundan çəkinməlidir. Azərbaycan xalqı inanclıdır, vətənpərvərdir; heç bir zaman öz rahatlığı üçün ölkəmizin borc üzündən asılı vəziyyətə düşməyini istəməz. Bütün bunlar müvəqqəti çətinlikdir.

Dövlətimizin heç bir mənada digər dövlətlərdən asılı vəziyyətə düşməməyi üçün, lazım gələrsə, daha qənaətcil davranmaq lazımdır. Əgər iqtisadi çətinlik yaşanarsa belə, öz daxili potensialımız hesabına bu çətinliyin öhdəsindən gələcək millətə və dövlətə sahibik.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev