HƏYAT VƏ YARADICILIĞI
Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olub. O, 2006-2007-cı illərdə bir ilə yaxın mətbuatda çalışıb, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri mətbuatda çap olunub.
Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunub. O, mətbuatda birinci korrektor vəzifəsində çalışıb, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxıb.
Sonradan müxbir vəzifəsində çalışıb, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri və bunlarla yanaşı, yeni yazdığı şeirləri də mətbuatda çap olunub.
Teymur Həbibi tələbə olarkən universitetin “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olub və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda “Darıxmışam” şeiri çap olunub.
Teymur Həbibi 2008-2009-cu illərdə (“Xidməti xasiyyətnamə” ilə təltif olunmuş) Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlərini qələmə alıb.
2010-2011-ci illərdə Azpress.az saytında (Azərbaycan press video-foto faktoru jurnalı) müxbir, rejissor, montajçı vəzifəsində çalışıb.
2010-cu il oktyabırın 28-də müəllifi olduğu “Həbibi dünyası…” şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
Xatırladaq ki, “Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
O, 2011-2012-ci illərdə AzTV və ATV televiziya kanallarında “Səhər” Proqramı Redaksiyasında müxbir vəzifəsində işləyib.
2012-ci ildə “Süleyman Rəhimov” adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin, “Gənc Yazarlar” Ədəbi Birliyinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilib.
Bununla yanaşı gənc şairin şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən “Mədəniyyət və Ədəbiyyat” portalında dərc olunub.
Kitab və kitabın elektron versiyası sosial şəbəkələrdə (Facebook.com, Oдноклассники.ru, Twitter.com), respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (“Gənclik” Elektron Kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, bineqedi-mks.az, azlibnet.az, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (alinino.az, Kitabxana.net, Azpress.az, edebiyyat-az.com, Kitab klubu) yerləşdirilib.
Hal-hazırda Teymur Həbibinin şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.

ANA
Dünyada ən əziz nemətsən, ana!
Hər bir an diqqətə layiqsən, ana!
Dünyada dəyərli zinətsən, ana!
Sənsən şeir dünyam, sazım da, ana.

Sənsiz darıxıram yuxularımda,
Sənsən muradım da, arzum da, ana.
Laylalar deyirsən xəyallarımda,
Sənsən baharım da, yazım da, ana.

Günlərim, aylarım darıxdırıcı,
Darıxa-darıxa həm də sıxıcı,
Həsrətindən ruhum olub baxıcı,
Sənsən bəxtim, alın yazım da, ana.

QULLUĞUNDA HƏR AN DURUM

Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.

Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.

Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.

Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədir.

AY VƏ ULDUZUN TOYU

Bir gecə bir Ulduz Aya vuruldu,
Həmin gecə Aya nəğmə qoşuldu,
Göydə toy-bayram havası duyuldu,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.

Əl-ələ verib səmada gəzdilər,
Ay və Ulduzun toyunu etdilər,
Günəşə də tez xəbər göndərdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.

Səma al-əlvan içrə bəzənmişdi,
Məclisə yaxın qohumlar gəlmişdi,
Sağdış da, solduş da məclisdə idi,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.

Məclisə Günəş tamada seçildi,
Günəş məclisi açıq elan etdi,
“Cənablar, bəylər, xoş gəlmisiz” – dedi.
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.

Qohumlar, yaxınlar yeyib-içdilər,
Ay və Ulduza sağlıqlar dedilər,
Günəşə də təşəkkürlər etdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.

Vağzalı ilə məclis başa çatdı,
Gənc ailə öz arzusuna çatdı,
Günəş də sonda məclisə nur saçdı,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.

MƏN NİYƏ SEVƏ BİLMİRƏM?

Tanrı mənə bu əzabı
Niyə verirsən, bilmirəm.
Görən nədir məndəki səhv
Mən niyə sevə bilmirəm?

Baxıb gəzən sevənlərə,
Alovlanan o gözlərə,
Sonda döyüb bu dizlərə,
Mən niyə sevə bilmirəm?

Məhəbbətim yanar bir daş,
Gözlərimdən axan sel, yaş,
Mən də sevə biləydim kaş…
Mən niyə sevə bilmirəm?

Ürəyimin sarı simi,
Yarama toxunan kimi,
Köks ötürüb, çəkib qəmi,
Mən niyə sevə bilmirəm?

Xəstə oldum saf eşq üçün,
Sonda qalmadı heç gücüm,
Dərd çəkməkdən yandı içim,
Mən niyə sevə bilmirəm?

Axtardığım gözəl yarım,
Sənsən ürəyimdə ağrım,
Həbibiyəm, yandı bağrım,
Mən niyə sevə bilmirəm?