Arzu göyərtməyə gəldim həyata,
Qəlbim günəş oldu, iradəm alov,
Sevincə bərabər nə var dünyada,
Qəmdən betər olur gec gələndə o.
Neçə yol boylandım yaz səhərinə,
Bəxtimə düşəcək günü gözlədim.
Döndərdim könlümü əkin yerinə,
Bir ovuc ümiddən zəmi gözlədim.
Gözləyə-gözləyə xərclədim ömrü,
Səbrimin səddini aşa bilmədim.
Kəsdi yollarımı taleyin əmri,
Fürsət nə vaxt döndü quşa bilmədim.
Nə qədər ayrıclar var imiş öndə,
Yolumu tapınca gəncliyim itdi.
Arzular məqsədə, kama dönəndə,
Mənim içimdəki məni əritdi.
Çəkdim qayğısını hər gələn günün,
Ötən illərimə yana bilmədim.
Bircə istəyimə yetmədi ünüm,-
Taleyin hökmünü dana bilmədim.
Gecikdim neçə yol görüş yerinə,
O qız məndən küsdü, mən taleyimdən.
Tələsdim bağların bar-bəhərinə,
Özüm də usandım öz gileyimdən.
“Hər şeyin vədəsi”-atalar demiş,
Mövsümlər sovuşub, bu bar yetişməz.
Ümid toxumları bəlkə puç imiş?
Təsəlli tapmağa nübar yetişməz.
Gözlədim ömrümün həsrət payını,
Çoxu istəmədim, aza gecikdim.
Özüm də duymadım könül duyanı,
Hər fəslə yetişdim, yaza gecikdim.
Arzu göyərtməyə gəldim həyata,
Qəlbim günəş oldu, iradəm alov,
Sevincə bərabər nə var dünyada,
Qəmdən betər olur gec gələndə o.