13957503_804607983008841_1534999380_n

Mövcudluğu ayrı-ayrılıqda mümkün olmayan iki termin. Cəmiyyəti idarə edən və orada qayda-qanunu, sabitliyi və tərəqqini təmin edən, bununla belə başlıca məqsədi xalqın maraqları olan siyasi hakimiyyət təşkilatına, dövlət deyilir. Elektorat öz növbəsində, səs verdiklərinə talelərini inanaraq, səsvermə yolu ilə siyasi arenada maraqlarını təmsil edənləri müəyyən edirlər. Hakimiyyət – bir nəfərin daşıyacağı yükdür və o, hakimiyyətin ona nəyə görə lazım olması məsələsini həll etməlidir: şəxsi varlanması üçün (bu cür insanların hakimiyyətdən uzaq durması daha məqsədəuyğundur) və ya Vətəninin rifahı və qorunması üçün (baxmayaraq ki, bu cür insanlar hər zaman azlıq təşkil edir, onlara zərurət böyükdür). Hakimiyyətə rəhbərlik etmək asan deyil, lakin insan dövlətə olan zəruriliyini dərk etmılidir. Hakimiyyəti şəxsə maraqlara görə yox, dövlət və xalqın rifahının artırılması və qorunması üçün qoruyub saxlamaq lazımdır. Məhz buna görə dövlətin idarəetmə yükünü üzərinə götürmüş şəxs konstitusiyaya və ya müqəddəs Qurani-kərimə əl basaraq, dövlət və xalqın maraqlarını müdafiə etməyə and içir.
Dövlət və xalq bir-biri ilə sıx əlaqədə olan iki termindir. Düzdür, bəzən dövlətlə xalqın maraqları ayrılır, lakin bu başqa bir mövzudur.
Prezident – latın dilindən tərcüməsi praesidens – başda, öndə duran (xalqın iradəsi və arzusu ilə konstitusiya ilə müəyyən olunmuş müddətə seçilmiş). Prezident öz növbəsində xalqın rifahı üçün çalışan insanları təyin edir (nazirlər, merlər). Cəmiyyəti idarə etdikdə dövlətin öhdəlikləri: vətəndaşların hüquqlarını qorumaq və təmin etmək, xüsusən: əlçatan təhsil, yüksək həyat səviyyəsi, pulsuz və keyfiyyətli səhiyyə, seçki və fikir azadlığı hüququ. Çıxışlarının birində Ümummilli lider Heydər Əliyev demişdi:
«Xalq dövlət üçün deyil, dövlət xalq üçündür».
Xalq gücdür və bu güc olmadan dövlət mövcud ola və inkişaf edə bilməz. Əlbəttə ki, dövlətin başında elə bir şəxs durmalıdır, ki o özünü tam olaraq xalqın rifahı və çiçəklənməsinə həsr etmiş olsun. İdarəetmə sükanı arxasında durmuş şəxs anlamalıdır ki, bir tərəfdən onun siyasətini dəstəkləyən insanlar duracaq, digər tərəfdən isə dövlətlərini başqa rakursdan görmək istəyən insanlar. Bu da təbii ki, hakimiyyətin çalxalanmasına gətirib çıxara bilər. Əlbəttə ki, hakimiyyəti zəbt etmək istəyənlər bu cür vəziyyətdən istifadə edə bilərlər. Əgər hakimiyyətdə oturan şəxs zəif olarsa, onu məhv edib, ölkədə xaos yaradarlar. Hakimiyyətini yalnız iradəsi möhkəm, müdrik şəxs qoruyub saxlaya bilər. Hakimiyyət insanı sınağa çəkir, onun şəxsiyyətinin bütün simalarını açıb göstərir. Xalq onu başa düşənləri və xalqın rifahı üçün əlindən gələni əsirgəməyən şəxsləri sevir. Rusiya imperiyasının ədliyyə naziri olmuş Qavriil Romanoviç Derjavin «dövlət xadimi» anlayışını dəqiq və dolğun ifadə etmişdir: «Dövlət xadimi, digər vətəndaşlarla müqayisədə daha çox vətəninə bağlı olmalıdır. O, vətənə məhəbbətlə yaşamalı, onu öz tabeçiliyində olanlara aşılamalı və bütün dövlətə nümunə olmalıdır»
Bu cür keyfiyyətlərə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Böyük Britaniyanın baş naziri Uinston Çerçil malik idi.
Heydər Əliyev, bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr etmiş bir siyasətçi olub. Böyük karyer sahibi: Azərbaycan SSR DTK sədri (1967-1969), Azərbaycan SSR KP MK Birinci katibi (1969-1982), SİKP MK Siyasi bürosunun üzvü, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini, general-mayor (1987-ci ildə qulluqdan çıxmışdır), Azərbaycan SSR Ali Sovetinin deputatı (1990-cı ildən), 1991-ci ildən 1993-cü ilə qədər isə Naxçıvan Muxtar Respublikasının sədri olaraq, o 1993-cü ildən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Müxtəlif vəzifələrdə çalışaraq, Heydər Əliyev dövlətçiliyin maraqlarını qoruyaraq bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr etmişdir. Öz həyatı üçün belə qorxmayaraq, Heydər Əliyev xalqın ən çətin məqamlarında onun yanında olub. 20 yanvar 1990-cı il hadisələri ilə əlaqədar, Heydər Əliyev, faciənin səhərisi günü Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyində (hal-hazırda Azərbaycanın Rusiyada səfirliyi) mətbuat konfransı keçirmişdi və orada ordunun Bakıya daxil olmasını pisləmiş və Qorbaçovu Konstitusiyanı pozmasında ittiham etmişdi.
XX əsrin sonlarında Azərbaycanda müstəqillik bərpa edildikdən sonra, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bir çox sahələrində köklü dəyişikliklər etmək lazım idi. Bir tərəfdən ölkənin ərazi bütövlüyü uğrunda Ermənistanla müharibə şəraitində olan Azərbaycan, digər tərəfdən vətəndaş müharibəsi ərəfəsində idi. Ölkə üçün belə bir ağır, dövlətin müstəqillik məsələləsinin həll edildiyi bir məqamda, 1993-cü ilin iyun ayında Azərbaycan xalqının istək və iradəsinə tabe olaraq millətinin əsl oğlu Heydər Əliyev vətənə qayıdır və bununla da Ermənistanla münaqişə zonasında hərbi hərəkətləri və vətəndaş müharibəsini dayandırır. Heydər Əliyev bütün sahələrdə reformalara başlayır, ölkənin daxili və xarici siyasətini gücləndirir. Ümummilli liderin ideya və irsi, Azərbaycan xalqının böyük irsi hesab edilir.
Uinston Çerçil (Tarixin ən dahi britaniyalısı) ondan artıq idarənin rəhbəri olmuşdur. Hələ karyerasının başlanğıcında o, qarşısına Böyük Britaniyanın Baş naziri olması məqsədini qoymuşdu. Çemberlenin istefasından, Norveç uğrunda döyüşdə məblubiyyətdən sonra baş-nazir postuna iki nəfər layiqli namizəd var idi – Uinston Çerçill və Qalifaks. 1940-cı ilin mayın 10-da Çerçill baş nazir oldu. «Qələbə, nəyin bahasına olursa olsun, heç nəyə baxmadan, yalnız qələbə; çünki qələbəsiz həyat mümkün deyil» (13 may 1940). Çerçil Britaniya uğrunda döyüşdə qalib gəlmişdi və Hitlerin Britaniyanı asanlıqla tutma planını darmadağın etmişdi. Yuxarıda adıçəkilən vəzifələrdə çalışaraq, Çerçil öz xalqının rifahına xidmət edirdi.
Həm Heydər Əliyevə, həm də Uinston Çerçilə, çox nadir hallarda hallanan «Xalq adamı» titulu vermək daha düzgündür. Onlar xalqlarının ən ağır məqamlarında yanlarında olaraq, xalqın rifahı üçün səylərini əsirgəməyən şəxslər olmuşlar. Vətənpərvər və xalqlarının layiqli övladı olaraq, onlar digər siyasilər üçün əsl nümunə nümayiş etdirmişlər.
Heydər Əliyev və Uinston Çerçil, xalq və dövlətin vahid bir anlayış olmasının parlaq nümunəsidir.