Dostoyevski deyirdi ki, “Dünyada baş verən hər bir şeyin mənə dəxli var”. Geniş anlamda dünyada baş verən hər bir şeyin yaradıcı adamlara dəxli var. Yəni janrından asılı olmayaraq yazılan əsərlər, bu poman da ola bilər, povest də, şeir də, dünyada baş verənlərin ədəbiyyatda inikasıdır. Fotoqraflar hər hansı bir mənzərənin və ya insanın şəklini çəkdiyi kimi, ədəbiyyat dünyanın, həyatın sözlə çəkilmiş şəklidir. Dilin məna, səs və ritm elementlərini müəyyən nizam içində istifadə; bir hadisəni, ya da bir romantik və fikri təcrübəsi sıxlaşmış və sıradanlıqdan uzaqlaşmış bir şəkildə ifadə etmə sənəti olan “poeziya isə “həyаt kimi cаnlı fikirlərin işıq sаçmаsı və tərəddüdləri”, “sözlərlə gözəl şəkillər yaratmaq sənətidir.”

Yazımızda sözə sığınan ədəbi aləmdə şeirlərini sevə-sevə oxuduğum, şəxsiyyətinə hörmət etdiyim şairə Nəcibə İlkinin yaradıcılığında yurdumuzun, xalqımızın və dövlətimizin azadlığı, firavanlığı üstündə köklənmiş Vətən və vətənpərvərlik ideyalarının poetik ifadəsini i izləməyə çalışacayıq.

Şairə və publisist Nəcibə İlkin Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.

Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan və çap olunan Nəcibə xanım “Bir ömür ulduzum”, (2004),” Qəlbimdə dil açan dünya” (2006), “İllərin o tayı gözləyir məni” (2011), “Son görüş, son zəng, son təbəssüm” (2013), “Qartal zirvədə qaldı” (2015), “Könlüm nağıl istəyir” (2016), “Sözün ölçüsü və çəkisi” (2016), “Bir şəhidin gecikmiş ömür yolu” (2018), “Yarımçıq toy” povest və hekayələr (2020), “Gədəbəy qartalı” (2020), “İki vətən qızı” (2020), “Bir yorğun yolcuyam” (2019 -Təbriz) şeirlər kitablarının müəllifidir. Nəcibə xanımın yeni və hələlik sonuncu kitabı “Ömrün söz yağışı” adlanır (2024).

Deyirlər ki, bütün dərdlər anaların və şairlərin ürəyindən keçir. Lirikа da, hər şеydən əvvəl, ürək pоеziyаsıdır. Duyğu və düşüncələrini sözlə ifadə edən şairlər sözdən sənət yaradırlar. UNESCO-nun XXX sessiyasında (1999) hər il martın 21-ni Dünya Poeziya Günü kimi qeyd edilməsi qərar qəbul olunub. Azərbaycanda isə martın 21-i Milli bayramımıza, Novruz bayramına təsadüf etdiyindən “Şairlər günü”nün bizdə iyunun 5-də – görkəmli şair Mikayıl Müşfiqin anadan olduğu gündə keçirilməsi qərara alınıb. “Şairlər günü”nün Mikayıl Müşfiqin anadan olduğu gündə keçirilməsi alqışlanacaq qərardır. Qeyd edək ki, “Şairlər günü”nün bayram kimi təqvimə salınması AYB-nin katibi, şair Xəyal Rzanın təşəbbüsüdür. 5-ci ildir ki, “Şairlər günü” müxtəlif ölkələrdən dəvət olunan qonaqlarla, xüsusi təm-təraqla keçirilir. Bu il tədbirdən öncə Müşfiqin nəşi uyuyan Xəzər dənizinə qırmızı qərənfillər səpilərək nakam şair Mikayıl Müşfiqin anılması təqdir olunandır. “Şairlər günü…” gözəl səslənir və şairlər üçün özəl bir gündür. Şairə Nəcibə İlkin by gözəl və özəl günlə bağlı düşüncələrini, “Şairlər günü”ndə yaşadığı hissləri misralara pıçıldayır:

“Deyirlər ki, bu gün şair günüdü,
Şairlərin hansı günü yoxdu ki?!
Əzab, həsrət, hicran, bir də dərd yükü,
Şairin günüdü, şair toxdu ki?!

Əynində vətənin şəhid köynəyi,
Gözündə kədərin dənizi yatır.
Hər gün xırda-xırda artır göynəyi,
Şair ağrısıyla başını qatır.”

Nəcibə xanım üçün yalnız bir gün yox, qəlbində “əzab, həsrət, hicran dərd” yükü daşıyan şairlər üçün hər gün “şairlər günü”dür. Şairlər həm özünün, həm də digərlərinin ömrünü yaşayır. Şeirlərində cəmiyyətdə baş verən hadisələri əks etdirən, münasibət bildirən, hər haqsızlığa reaksiya verən şairlərin hər günü bir az ağrı, bir az iztirab, bir az heyrət, bir az dərddir. “Hər gün xırda-xırda göynəyi artan”, “əyninə şəhid köynəyi geyən” şairlər, əslində “ağrısıyla başını qatır, dərdi dərdin diliylə anladırlar:

“Şairə gün verib, gün ayırmayın,
Şairə pay verin, qüssədən-qəmdən.
Bütün dərdinizi şələ eyləyib,
Asın şairlərin çiyinlərindən.

Şairin sinəsi bülbül qəfəsi,
Orda fəğana bax, orda aha bax.
Dağı da əridir onun naləsi,
Qəfəsi ərimir, bir günaha bax?!”
 (“Şairlər günü”).

“Bütün dərdinizi şələ eyləyin,/asın şairlərin çiyinlərindən”, – deyən şairənin “pənahı haqqdır. Göydə Allahı, yerdə sözü var. Sözə sığınır, sözlə qovrulur, sözlə ovunur, toxdayır:

“Pənahı haqq olub, haqqa arxadır,
Göydə Allahı var, yerdə sözü var.
Sözüylə baş qatıb özün toxdadır,
Axı şairlərin nədə gözü var?”

Arzusu kəm olub, gözündə oynar,
Yanıltmaz haqqını, inamı iti.
Ağlında, sözündə, çağlayıb qaynar,
Qəlbindən tökülüb düşən ümidi.

Şair dərd bükürmü, bilinməyən sədd,
Şairin bəxtində gecələr zaman.
Siz ona gün verib, gün ayırmayın,
Asın şairləri dar ağacından”
 (“Şairlər günü”).

Söz üçün, şair üçün zaman sərhəddi yoxdur. Onlar dünəni bu günə, bu günü gələcəyə daşıyırlar. Nəcibə xanımıb sədd bilməyən ilhamı bəzən tarixə ekskursiya edir, yaxın tariximizdə yaşanan faciələr, ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsi, 20 Yanvar, Xocalı faciəsi və s. hadisələri şeirlərində əks etdirir. Ədəbiyyatımızın içindən, şairlərin ürəyindən keçən bu faciələr misralara süzülür.

Nəcibə İlkin, şeirlərində əsrin sonlarında yaşanan hadisələrə, SSRİ-nin süqutu ilə 70 illik əsarətdən sonra ikinci dəfə öz müstəqilliyimizə qovuşduğumuz və bu yolda Azərbaycanın ilk şəhidlərini verdiyi illərə boylanır. Bildiyimiz kimi, 20 Yanvar faciəsi baş verəndə ümummilli lider Heydər Əliyev Moskvadan haqq səsini ucaltdı. Faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəylik nümayiş etdirdi, keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi, əməliyyata rəhbərlik edənləri ifşa etdi, “…Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd” hesab etdi. Bu etirazın davamı olaraq 1990-cı il iyulun 22-də, Moskvadan Bakıya, Bakıdan doğulub böyüdüyü Naxçıvana qayıtdı.

Naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşərək, onu qısa müddətdə özlərinə rəhbər seçdi. Naxçıvan MR Ali Məclisinə Sədr seçilən (3 sentyabr 1991) Heydər Əliyev, fəal və peşəkar fəaliyyəti ilə yalnız muxtar respublikada deyil, bütövlükdə Azərbaycanda milli dövlətçiliyə inam hissi formalaşdırdı. Azərbaycanda vəziyyətin kritik nöqtəyə çatdığı, ölkənin vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı çətin zamanda (1993) gözlər Naxçıvana dikildi. Nicatı Heydər Əliyevdə görən xalq onu respublikanın siyasi rəhbərliyinə dəvət etdi. Xalqın təkidi və tələbi ilə, iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri (15 iyun), az sonra Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Naxçıvandan başladığı xilaskarlıq missiyasını Bakıda, bütün ölkə miqyasında davam etdirən ümummilli liderin sayəsində müstəqil respublikamız yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkə xaosdan, parçalanmaqdan xilas oldu. Şairə Nəcibə İlkinin ictimai-siyasi mövzulu şeirlərində, xüsusən “Millətin xilaskarı” şeirində bütün bu tarixi proses ardıcıllıqla izlənilir:

“Arxasız qalmışdı, bu xalq, bu millət,
Qalmışdı qaniçən cəllad əlində.
Qarabağ adında vətən fəryadı,
Bürüdü hər yanı imdad əlində.

Nəhayət, öz xilas yolunu tapdı,
Enilməz bayrağı bir dalğalandı.
Xalqa sevgisiylə, məhəbbətiylə,
Yaşatdı önündə içdiyi andı.

Xalqımın əvvəlki əzəmətini,
Özünə inamı geri qaytardı.
O Heydər adında abidə olub,
Azərbaycan adlı vətən yaratdı”
 (Millətin xilaskarı).

Hər günü şair ömrü kimi yaşayan və yanan, xalqının dərdləri ilə ağlayıb, sevinciylə gülən Nəcibə İlkin poeziyasında 30 il sürən Qarabağ savaşının, Xocalı faciəsinın, Şuşa naləsinin sözlə ağrısının, acısının şəkli çəkilir. “Baxıram dünyanın bu gərdişinə, / Dəli bir ağlamaq keçir könlümdən. / Fələk rəvac verdi namərd işinə, / Dəli bir ağlamaq keçir könlümdən. / Torpaqda haqqı var axan qanın da, / Bir nərin qolları düşüb yanında, / Müqəddəs Şəhidlər xiyabanında, / Dəli bir ağlamaq keçir könlümdən” – yazan şəhid jurnalist Ali Mustafayevə həsr etdiyi şeirində Nəcibə xanım eyni hissləri yaşayır, Alı kimi, onun da könlündən dəli bir ağlamaq keçir:

“Xocalı harayı, Şuşa naləsi.
Kəlbəcərin qan harayı, qan səsi
Sızlayır Ağdamın suru, şəğməsi,
Ağ dünyamın baxıb geçələrindən,
“Dəli bir ağlamaq keçir könlümdən.”
Tərtər çayım Arzlaşıb ay Alı!
Dərdim yaman dərinləşib, ay Alı!
Qarabağım Təbrizləşib, ay Alı!
Karvan getdi, el ayrıldı köçündən,
“Dəli bir ağlamaq keçir könlümdən”
 (“Dəli bir ağlamaq keçir könlümdənz”).

Tariximizin yaddaşına həkk olunmuş, Vidadinin “Küllu Qarabağın abi-həyatı, / Nərmü-nazik bayatıdır, bayatı”, – deyə vəsf etdiyi Qarabağ, uzun illər bizim ən ağrı-acı, nisgil yerimiz, eyni zamanda and yerimizdi. 30 illik zaman dilimində Azərbaycan poeziyasına yüklənən Qarabağ fəryadı, Qarabağ dərdi Nəcibə İlkin şeirlərində də inikas edir. Vətənin dərdlərinə bürünmüş Nəcibə xanımın sevgisi də, vətəni də, adı da, soyadı da Qarabağdı:

“Mənim bir sevgim var, bir vətənim var
Soyadı Qarabağ, adı Qarabağ.
Həsrət ürəyimin sönməyən yeri,
Atəşi Qarabağ, odu Qarabağ”
 (Mənim bir sevgim var”).

Keçən əsrin sonlarında tarix boyu Azərbaycan torpaqlarına göz dikən ermənilər tərəfindən Azərbaycan ərazisinin 20%-i işğal edilməsi ilə poeziyamıza Qarabağ fəryadı, naləsi, ağrısı yükləndi. Azərbaycan Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışsa da danışıqlar heç bir nəticə vermədi. Torpağı azad etməyə, qorumağa onun uğrunda canından keçən qəhrəman oğullar lazımdı. Və 30 illik haqq savaşımızda nə qədər qəhrəman oğullarımız torpaq uğrunda can verərək şəhidlik şərbəti içdi. Torpaq itkisinə, şəhid dağına, bütövlükdə Vətənin yeri-göyü bürüyən fəryadına biganə qalmayan şairə yazır: dı:
“Nə vaxtdır gözünün yaşı qurumur,
Çəkilməyir səndən qan iyi Vətən.
Hər şəhid qəlbinin köksündən qopan,
Fəryadın bürüyüb yer, göyü Vətən.

Hər nə dərdin varsa, de mənim olsun,
Adın naxələfə qoy qənim olsun,
Öləndə qoy mənim kəfənim olsun,
Təkcə bir şəhidin köynəyi Vətən!” (Öyrənə bilmədik ölməyi VƏTƏN).
Türk şairi Çidhat Cemal Kuntay yazır ki,
Əsrin yaşamaq haqqını verməz sənə kimsə;
Sən əsrini üstündə izin varsa, mənimsə;

Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak, əğər uğrunda ölən varsa, Vətəndır.”

Müqəddəs vətən torpağını ancaq uğrunda vuruşaraq, yeri gəlsə candan keçərək azad etmək, var etmək olardı. Aprel döyüşləri (2016) kimi tarixləşən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnənən döyüşlər zəfərimizə atılan ilk qədəm oldu. Bu döyüşlərdə bəzi mövqelər: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində düşməndən azad olundu. Qəhrəman ordumuz cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqındakı mifi alt-üst etdi. Bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Tarixi zəfərimizin başlanğıcı sayılan Aprel döyüşləri qansız və qurbansız ötüşmədi. İgid oğullar vətən uğrunda canından keçərək tarixin yaddaşında əbədiləşdi. Azərbaycan Silahlı Qüvvələrinin general mayoru Polad Həşimov hərbi əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəldi (14 iyun 2020). Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalı, “əsrinin üstündə izi” olan Polad Həşimov və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalanlar əsrin yaddaşında və ədəbiyyatımızda əbədi yaşamaq haqqı qazandılar.

“Torpaq şəhid qanı içdi yenə də,
Boyandı ürəklər şəhid qanına
Vətən şəhidliyin zirvəsində o-
And içdi vətənin şəhid canına.

Neçə ürəklərdə heykəlin qurub,
Bir şanlı tarixi yaşatdı bu ad.
General adından qəhrəman kimi
Şəhidlik adına ucalan Polad 
(“Şəhid general”).

Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasında həlledici rol oynadı. Ermənistanın və onun havadarlarının Azərbaycan torpaqlarında başlatdıqları işğalçılıq siyasətinə Ali Baş Komandan, Prezident İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti sayəsində 44 günlük Vətən müharibəsində son qoyuldu. Düşmən yurdumuzdan qovuldu. Azərbaycan əsgəri böyük zəfərə imaza atdı. Vətən dərdlərini əyninə geyinən şairə Nəcibə xanım İlkin savaş ərəfəsində “Lərzəyə sal dünyanı, titrət sən göyü-yeri, Azərbaycan əsgəri!”- müraciətlə qələbəyə olan inamını poetik şəkildə ifadə etdi:

“Hər adın bir tarixdi, boy atdım qüdrətinlə,
Yaşadıq zaman-zaman, sənin rəşadətinlə,
Sarsılmaz hünərinlə, sönməz dəyanətinlə
Lərzəyə sal dünyanı, titrət sən göyü-yeri
Azərbaycan əsgəri!”
 (Azərbaycan əsgəri).

Nəcibə xanımın Azərbaycan əsgərinə müraciəti bir ananın övladına olan müraciətidir. Hər şəhidi “doğma balası” bilən, torpaq uğrunda canından keçərək müqəddəs and yerimizə çevrilən, Poladı, Mübarizi, Fəridi fəxarətlə anan şairə xanım Azərbaycan əsgərindən qələbə müjdəli xəbər gözlədiyini vurğulayır:

“Hər dönüşün and yerim, şəhidlik zirvəsisən,
Doğmasan balam kimi, vətən kimi əzizsən,
Polad kimi Poladsan, Fəridsən, Mübarizsən
Azərbaycan əsgəri!

Neçə ildi can verən torpağına can verdin,
Susuz dodaqlarına su yerinə qan verdin,
Halallıqdan doymayan ömrümə cahan verdin
Azadlığın müjdəsi, ver qələbə xəbəri
Azərbaycan əsgəri!”
 (Azərbaycan əsgəri).

Gümandan inama, inamdan həqiqətə gedən 44 günlük Vətən savaşımızda torpaq uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz sayəsində torpaqlarımız işğaldan azad olundu. Tariximizdəki işğal sözü Zəfərlə əvəzləndi. Artıq qalib ölkənin qalib vətəndaşlarıyıq. Ən önəmlisi, ağrı ilə, kədərlə yüklənən şeirimiz artıq zəfər sevinci, zəfər qüruru ilə taclandı. Yeni tarix yazan Azərbaycan əsgərinin şəninə şeirlər yazıldı, nəğmələr bəstələndi. Nəcibə İlkinin poeziyasında da yeni tarix yazan əsgər layiq olduğu yerdə bərqərar oldu:

“Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.”

Torpağın, şəhidlərimizin qisası qanla alındı, zəfər qanla yazıldı. Yeni tarix şəhadət zirvəsinə yüksələn şəhidlərin və qazilərimizin qəhrəmanlığıyla yazıldı. Şairə “Bizim igidlər”ə şeirində “otuz illik Vətən dağına son qoyan”, “bizə “qələbə soraqlı zəfər bəxş edən, “sayəsində üzü gülən Azərbaycanımızı Qarabağın xoş sədası ilə” sevindirən igidlərimizə fəxarətlə yazır:

“Qan içdi torpağım, bu qan qoxusun
Çəkdik ruhumuza dedik, can Vətən!
İgid oğullarım, nər oğullarım
Aldı qisasını qana-qan Vətən!

Son qoyub 30 il Vətən dağına,
Çalındı qələbə soraqlı zəfər.
Şəhidlik adıyla, qazi adıyla
Yeni tarix yazdı, bizim igidlər
 (“Bizim igidlər”).

Qalib çıxdığımız müharibə yalnız Qarabağda getmirdi. Diplomatiya və informasiya cəbhəsində də güclü müharibə gedirdi. 30 ildə susmuş dünya dövlətləri nə sirri-xuda isə susqunluqlarını pozmuş, mənfur düşmənlərimizin dəstəkçisinə çevrilmişlərdi. İlk zəfər diplomatiya müharibəsində qazanıldı. Bunu unutmaq olmaz! Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı Qarabağ müharibəsində milli birlik nümayiş etdirdi; “Döyüşlərdə oğlunu, qardaşını, atasını, həyat yoldaşını itirən Azərbaycan qadını Ali Baş Komandana “dayanmayın, arxanızdayıq!” – şüarı ilə dəstək oldu. Ali Baş Komandan İlham Əliyevin əzminin, iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsi, xalq-iqtidar birliyinin uğuru olan bu qələbə, müstəqil Azərbaycan dövlətinin və qəhrəman Azərbaycan Ordusunun zəfəridir. Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusu bizə ən gözəl əsər bəxş etdi; Qarabağ zəfəri! Bu müqəddəs duyğular, zəfərimizin verdiyi qürur Nəcibə xanımın “Bizə qələbə yaraşır” şeirinin misralarında inikas etdi:

“Yaşa! Ali Baş Komandan!
Yaşasın müzəffər ordu.
Düşməndən azad olubdu,
Ana vətən, Ata yurdum!
 (“Bizə qələbə yaraşır”).

Bu gün üçrəngli bayrağımız Azərbaycanın qəhrəman oğullarının canı və qanı bahasına Şuşada dalğalanır. Şuşa yenidən qurulur, canlanır. Bayraqlarımızın Şuşada, Kəlbəcərdə, Laçında, Xudafərimdə dalğalanmasından vəcdə gələn şairə yazır:

“Dalğalan Şuşamda, Kəlbəcərimdə,
Dalğalan Laçınım, Xudafərimdə,
Dalğalan dünyanın sən hər yerində,
Bir kərə yüksəlib, enməz Bayrağım?

Qarabağ müjdəlim, cahım-cəlalım,
Xocalı qisaslım, şəhid libaslım,
Müqəddəs and yerim, haqqım-halalım,
Həqiqət yolundan dönməz Bayrağın!”
 (Bayrağım).

Bu bayraqların dalğalanması Zəfər müjdəlidir, “Xocalı qisaslı”, “şəhid libaslı”dır. Bayraq dalğalanırsa, qisas alınıb. Xocalının, Şəhidlərin qisası alınıb.

Nəcibə xanım millətinə və dövlətinə bağlı olan əsl vətənpərvərdir, “vətən daşı”dır. Onun şeirlərinin əsas qayəsi də, sözü də, özü də Azərbaycandır:

“Sabaha baxan gözümsən,
Qaranlıqda gündüzümsən,
Həm dilimsən, həm sözümsən,
Azərbaycan, Azərbaycan!

Dalğalanan bayrağınla,
Haqq səsinlə, sorağınla,
Yaşa, var ol torpağınla,
Azərbaycan, Azərbaycan!”. 
(Azərbaycan).

Zəfərimiz şairə Nəcibə İlkinə də -yeni qələbə nəfəsli şeirlər yazdırdı. “Gözün aydın olsun, Azərbaycanım!”, – müraciətiylə yazdığı şeirində vətənin azadlığını, dünyaya yayılan qələbə səsinə görə, “gözümüzdən Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa adlı həsrət dağını silən şanlı ordumuzun rəşadətini” alqışlayan şairə yazır:

“Gözün aydın olsun, Azərbaycanım
Mübarəkdir, bu azadlıq nəfəsin!
Şanlı ordumuzun rəşadətiylə,
Yayıldı dünyaya qələbə səsin!

Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,
Aldı sinəsinə al bayrağını.
Kəlbəcər, Laçın, Qubadlı, Şuşam,
Sildi gözümüzdən həsrət dağını.

Biz elə millətik alovlu-odlu,
Türk oğlu, türk kimi bir cəngavərik…
Parça-parça olub paralansaq da,
Yenə bütövləşib meydanda nərik”
 (“Gözün aydın, Azərbaycan”).

Bütövlükdə, Nəcibə İlkinin poeziyasında azadlığa, zəfərə gedən yolun ağrısından, acısından doğulan azadlıq, bu azadlığı qazanan Vətənin oğul və qızlarının ölməzliyi, dövlət və ordu birliyi, Bayrağımıza sevgi və hörmət, Azərbaycan-Türkiyə dostluğu, vətən və vətənpərvərlik öz poetik ifadəsini tapmışdır. “Yaşasın birliyimiz” şeirində şairənin alqışı dili bir, dini bir türk qardaşlarımızın yanımızda olmasına, birliyimizədir:

“Yumruq kimi birləşib
Haqq adına səs-küyük.
Bir millət tək hər zaman
Biz bir yerdə güclüyük.

Var olsun doğma vətən
Yaşasın Azərbaycan.
Bir olaq, birgə olaq
Vətənə qurban bu can”
 (Yaşasın birliyimiz).

Türkiyə Prezidenti Tayyib Ərdoğana ünvanlanan “Türkün böyük oğlu, Ərdoğan” şeirində bu birliyin Turanla nəticələnəcəyinə inamla yazır:

“Ululuqdanboy atmışıq bir dildə,
Bir millətik, bir ünvanıq könüldə,
Qoy yaşasın bu ülvilik hər eldə,
Yaşat Türk elimi, yaşasın Turan!
Türkün böyük oğlu, böyük Ərdoğan!

Doyur Arazımın Təbriz gözünü,
Yu, qanlı tarixin qanlı üzünü,
İgid ərən kimi de son sözünü,
Türkü yaşadacaq bu birlik, TURAN!
Bir də türkün böyük oğlu, böyük Ərdoğan! 
(“Türkün böyük oğlu, Ərdoğan”).

Bu inamın əsası var. Son iyirmi ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Türk Xalqları Təşkilatı, TÜRKSOY yaranıb inkişaf edir. Türkiyə, Azərbaycan, Qazaxıstan və s. respublikalarla müqavilələr, bəyannamələr imzalanır. Artıq “Ortaq türk keçmişindən – Ortaq türk gələcəyinə!” – şüarı Turana gedən yolun istiqamətidir. 44 günlük Vətən müharibəsində türk təfəkkürü, türk silahı, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin simasında türk diplomatiyası bütün dünyaya “bir millət – iki dövlət” (Heydər Əliyev) olduğumuzu sübut etdi.
Dövlət səviyyəsində aparılan bu siyasət, bu yol Turan ünvanlıdır:

“Mən türkəm, türkün səsiyəm,
Haqq-ədalət ölkəsiyəm,
Mən xalqımın nəfəsiyəm,
Açılan qanadam-qolam,
Mən Turana gedən yolam!”
 (“Mən Turana gedən yolam”).

Ümumiyyətlə, Nəcibə xanımın Vətən, şəhidlik, birlik, bərabərlik ruhlu şeirləri toplanan “Ömrün söz yağışı” kitabında cəmiyyətimizdə yaşanan hadisələrə münasibət bildirilir, zəfərlə bitən Vətən savaşımız qürurla vəsf edilir, şəhidlərimiz hörmət və etiramla anılır, onlara sözdən abidə ucaldılır, Türkiyə-Azərbaycan qardaşılığından fəxarətlə söhbət açılır. Nəcibə xanımın yurdumuzun, xalqımızın və dövlətimizin azadlığı, firavanlığı üstündə köklənmiş Vətən və vətənpərvərlik ruhunda yazılmış şeirləri gənc nəslin düzgün istiqamətləndirilməsində özünəməxsus rolu var.

Bildiyimiz kimi, 22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur. 22 iyul həm də Nəcibə xanımın doğum günüdür. Bu münasibətlə həm mətbuat işçilərimizi və Nəcibə xanımı təbrik edirik!!!

Lütfiyyə ƏSGƏRZADƏ
Professor, Filologiya elmləri doktoru

Mənbə: https://sia.az/