Ey payız donuna bürünən qadın,
Səni üşütmürmü soyuq gecələr?
Gözümə xəzan tək görünən qadın,
Düşəcək dərdimdən duyuq gecələr!
Sənin varlığından uzaq olanda,
Donur dilim, ağzım, titrər dodağım.
Gedirsən, arxandan baxa qalanda,
Qışdan yaza çıxmır mənim sorağım!
İtir məhəbbətim xəzəl altında,
Tapdanır hisslərim, tapdanır canım.
Soyuq gecələrin hər buludunda,
Coşur həsrətinə olan üsyanım…
Şeir – gözlərində payız yağışı,
Enir göydən yerə, yuyur gecəni.
Ey özü özünə vurulan qadın,
Sən şeiri sevirsən, mən isə səni!
Solub ötən yayın tər çiçəkləri,
Ah çəkib, köksümü ötürəm gərək.
Ruhum var, ruhuna divanə, dəli,
Gör səni nə qədər sevib bu ürək!
Bu gün göylər qəmlə, kədərlə dolu,
Sabah günəş gəlməz sənsiz evimə!
Darıxdım bu gecə demə, Yurdoğlu,
Bu gecə yenə də darıxdım demə!