vy

Nə soyuqdur həsrətinin yağışı,
Üşüdəcək pəncərəmi bu gecə.
Məndən başqa birisiylə yox işi,
Təkcə məni öldürəcək bu gecə…

Amansızdır payızının ilk seli,
Aparacaq ümidimi özüylə.
Qoparacaq ürəyimi yerindən,
Oynayacaq tənhalığın nazıyla…

Həsrətinin yağışları narındır,
Bu yağışlar sanki, mənim yarımdır.
Bir də mənim ağlamağım varımdır,
Geri qalmır göz yaşlarım yağışdan…

Gözlərimdə sənsizliyim sellənir,
Üşüyürəm, yarpaqlarım yellənir.
Mən susuram, ildırımlar dillənir,
İldırımlar hayqırırlar bu gecə…

İldən-ilə daha gurdur yağışlar,
Pəncərədə donub qalır baxışlar.
Bu gün səni xatırladım, bağışla,
Bu gün səni unutmadım, …bir dənəm!