mm

ÇOX DA ARXALANMA

Güvənmə rütbəyə, səlahiyyətə,
Dağ olsan qəddimi əyməz varlığın.
Çox da arxalanma vara, dövlətə,
Bircə misrama da dəyməz varlığın.

Bu gün hökm sənin, meydan sənindir,
Çap yalın atını belədən belə.
Yer sənin, göy sənin, ümman sənindir,
Nə qədər istəsən xor bax bu elə.

“Burda mən, Bağdadda kor xəlifədir,
Kimsə çıxa bilməz qarşıma “— dedin.
“Burdakı nemətlər mənə töhfədir,
Qonub şahlıq quşu başıma”—dedin,

Dövləti taladın doymadı gözün,
Yetim-yesirin də haqqını yedin,
O qədər qudurdun, sırtıldı üzün,
“Mənəm bu yerlərin allahı”—dedin.

Vətən səlahiyyət, rütbə verəndə,
Nəfsə yox, güvənər adam ağlına.
Millət qəhrəmanı olmaq yerinə,
Oldun xalq düşməni, qadam ağlına.

BİR DƏ XƏBƏR TUTURSAN Kİ…

Bu dünya xəlbir dünyadır,
İçində saxlamaz bizi.
Gəlib sahmana salarıq,
Gedəndə ağlamaz bizi.

Hər gün keçdiyim yolları,
Oxuyub bitirəm gərək.
Daşıdığım qısa ömrü,
Mənzilə yetirəm gərək.

Qırılan son umuddan da,
Sıxılır canı admaın.
Azca qara buluddan da,
Qaralır qanı adamın.

Hər şey verib Tanrı, hətta,
Aşımızı qarışdırır.
Ömrü də oyuncaq verib,
Başımızı qarışdırır.

Bir də xəbər tutursan ki,
Bir anlıq aman qalmayıb.
Ruh da yır-yığış eləyib,
Qalmağa zaman qalmayıb.