Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün Sağlamlıq və Təhlükəsizlik üzrə təşkil etdiyi – “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunun müzakirəsinə həsr olunmuş 3 günlük beynəlxalq seminar çərçivəsində böyük bir nümayəndə heyəti “Azərikimya” İstehsalat Birliyində olmuşdur.
Rusiya, Belarusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna, Özbəkistan, həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasınin Brüssel və Moskva ofislərini təmsil edən 15 nəfərlik nümayəndə heyətini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Baş texniki inspektoru Arqutin Vladimir Vasilyeviç və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Baş texniki inspektoru İsrafil Əliyev müşayiət edirdi.
Qonaqlar “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavodunun bütün ərazisini gəzmiş, müəssisənin Buxar-generator, Azot-oksigen və Susoyutma kompleksləri, Mütləqləşdirilmiş izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini özündə birləşdirən laboratoriya, həmçinin Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlən¬məsi və Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları ilə tanış olmuş, kimyaçılarla iş başında görüşüb söhbət etmişlər.
Qonaqlara məlumat verilmişdir ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin, bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, əməkçilərin həyatı üçün təhlükə do¬ğura biləcək risklərin aradan qaldırılması “Azərikimya” İstehsalat Birliyində prioritet məsələlərdəndir və SOCAR-ın strukturuna verildikdən sonra bu istiqamətdə mühüm addımlar atılmışdır. Zəhərli və zərərli, müvafiq standartlara cavab ver¬mə-yən, şəhərin ekolo¬giyasına mənfi təsir göstərən bütün istehsalatlar ləğv edilmiş, “Azərikimya” İB-nin əsas istehsal sahəsi olan “Etilen-polietilen” zavodunda isə hərtərəfli yenidənqurma və modernizasiya işlərinə start verilmişdir. Hazırda Birlik müəssisələrində əməyin mühafizəsi istiqamətində görülən işlər “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun təşkil edilmişdir. Yeni inzibati və məişət binalarının tikilib istifadəyə verilməsi kimyaçıların həm iş, həm də məişət şəraiti xeyli yaxşılaşdırmışdır. Bütün fəhlə və mühəndis-texniki işçilər fərdi mühafizə vasitələri ilə yüz faiz təmin olunmuşlar. “Paşa Sığorta” ASC ilə bağlanmış müqavilə əsasında “Azərikimya” İB üzrə bütün işçilər könüllü tibbi sığortalanmışdır. İl ərzində hər bir işçi siğorta şirkəti ilə əməkdaşlıq edən respublikamızın 40-a yaxın tibbi klinikalarında 50 min manat dəyərində müayinə və müalicədən bəhrələnmək imkanı əldə etmişlər.
Nəticə etibarilə, əməyin mühafizəsi istiqamətində mühəndis-texniki işçilər və fəhlələr arasında maarifləndirmə işinin aparılmasına geniş yer verildiyinə, əməkçilər üçün sağlam və normal iş şəraiti yaradıldığına görə “Azərikimya” İB-nin kollektivi Ümumdünya əməyin mühafizəsi günü çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sağlam və təhlükəsiz əmək şəraitinin yaradilmasi üzrə “İlin ən yaxşi müəssisəsi” devizi altında keçi¬rilən respublika müsabiqəsinin qalibi elan olunmuş və fəxri fərmanla təltif olunmuşdur.
Qonaqlara həmçinin 2019-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan və hazırda istiqamətdə işlərin davam etdirildiyi yeni layihələr haqqında da ətraflı məlumat verilmişdir.
Müəssisənin ərazisinin təmizliyinə, yaradılmış səliqə-səhmana, yaşıllıq zolaqlarının həcminə məmnunluqlarını ifadə edən nümayəndə heyətinin üzvləri, belə bir şəraitin əksər MDB olkələrinin müəssisələrində olmadığını etiraf etmişlər.
Rafiq Oday,
Əməkdar jurnalist
Vüqar Abdullah (foto)