19 may 2017-ci il tarixində – Respublika günü ərəfəsində “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında mühəndis-mexanik, mühəndis-energetik, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimya mühəndisliyi ixtisasları üzrə iki aylıq ödənişli təcrübədə olan 31 nəfər gənc kadrın – gələcəyin mühəndislərinin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyası təşkil edilmişdir.
Təcrübəçilər muzeydə Sumqayıt haqqındakı əfsanəni dinlədikdən sonra şəhərin tarixi və inkişafını əks etdirən abidə və eksponatlarla tanış oldular. Heydər Əliyev guşəsində Ulu öndərin ustalıqla yaradılmış büstü, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu, Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi ağac – Sumqayıtın ilk müəssisəsi olan İstilik Elektrik Stansiyasına həsr olunmuş abidə, “Sumqayıt XXI əsrdə” rənggarlıq əsəri, inşaat, quruculuq işləri, kimya müəssisələri, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, fotoşəkillər, Sumqayıt şəhidləri, sumqayıtlı Milli Qəhrə-manlar haqqında guşə və şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi təcrübəçilərdə Sumqayıt haqqında xoş təəssüratlar yaratmışdır.

Təcrübəçi gənclərin təəssüratlarını sizlərlə bölüşürük:

Fuad Məmmədov:

– «Azərikimya»nın təşkilatçılığı ilə 28 May – Respublika günü ərəfəsində təcrübəçi gənclərin Sumqayıtın tari¬xi muzeyinə ekskursiyasının təşkili doğma şəhərimizin quruculuq illəri, sosial-iqtisadi yüksəliş mərhələləri, onun sənaye müəssisələrinin, xüsusilə də neft-kimya kompleksinin inkişafı ilə bağlı dünənimizlə yaxından tanışlıq baxımından məndə böyük təəssürat oyatdı. Mən və təcrübə yoldaşlarım bir daha inandıq ki, özümüzü, kökümüzü, xalqımızı, şəhərlərimizi daha yaxşı tanımaqda muzeylər müstəsna əhəmiyyətə malikdir. Muzeyə kollektiv baxış boya-başa çatdığım doğma şəhərimizi, onun ilk qurucuları olan inşaatçıların, kimyaçıların, metallurqların və energetiklərin ilk nəslini daha yaxşı tanımaqda mənə mühüm kömək oldu.

Şükür Qəhrəmanov:

– Muzeydə Sumqyıtın keçmişi ilə bağlı çox maraqlı sənəd və materiallarla tanış oldum. Ulu öndərimiz Heydər Əliyevlə bağlı guşədə dahi rəhbərin Sumqayıta tarixi səfərləri, Sumqayıtın Kimya sənayesinin inkişafında xidmətləri barədə muzey bələdçilərinin, xüsusilə də Sumqayıta böyük sevgisi, yüksək vətənpərvərlik duyğuları ilə hamımızda xoş münasibət, nikbin ovqat yaratmış Olya xanım İslamovanın sənədlərə və foto-şəkillərə əsaslanan informatik məlumatları böyük maraqla dinlənildi. Bu şəhər haqqında bilmədiyimiz məlumatlar hər birimizin böyük maraq və diqqətinə səbəb oldu. Sanki Sumqayıtla yenidən tanış olurduq.

İlham Abdullayev:

– Azərbaycanımızın qədim tarixini əks etdirən foto-sənədlər, Sumqayıtın yaranması ilə bağlı, neft-kimya sənayesində xüsusi xidmətləri olan əmək qəhrəmanlarımıza həsr olunmuş guşələr hamımız tərəfindən rəğbətlə qarşılandı. Muzeyə kollektiv baxışdan sonra məndə belə bir təsəvvür yarandı ki, respublikamızın inkişafında xidmətləri olan hər bir kəsin fəaliyyəti tarixin yaddaşında gələcək nəsillərə bir örnək kimi qalır. Və mən bu qənaətə gəldim ki, biz gənclər də öz bacarıq və fəaliyyətimizi şəhərimizin, respublika-mızın inkişafına həsr etməli, bunun üçün bizə yaradılmış imkanlardan maksimum istifadə etməliyik.

Fərrux Mahmudov:

– Muzeydə şəhərimizin çox da qədim olmayan tarixinə ekskurs etdik. Həmin anlarda xəyalımda ucu-bucağı görünməyən qumlu bir çöllük, susuz səhra canlanırdı. Və muzeydə nümayiş etdirilən zəngin eksponatlarla tanışlıq tarixən qısa bir dövrdə – bir-neçə onillik ərzində mavi Xəzərin qumlu sahilində Sumqayıt kimi gözəl bir şəhər yaratmış insanların əzmkarlıq və qəhrəmanlığını çox aydın şəkildə nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı olan İlham Əliyevin xidmətləri sayəsində bu gün Sumqayıt özünün çiçəklənən dövrünü yaşayır.

Emin Alışov:

– Bu gün təcrübəçilərin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyasının təşkili bizdə xoş təəssürat oyatdı. Mən burda Sumqayıtın keçmişi ilə yaxından, əyani olaraq tanış oldum. Özümü bu şəhər haqqında kifayət qədər məlumatlı hesab etsəm də, gördüm ki, onun haqqında bilmədiyim hələ çox şeylər varmış.
Bütün gənc təcrübəçilər adından Muzeyə belə bir kollektiv baxış təşkil etmiş «Azəri-kimya» rəhbərliyinə və Sumqayıtın keçmişini əks etdirən eksponat¬ları mühafizə edərək, bugünkü nəsillərə çatdıran Sumqayıtın Tarixi Muzeyinin hər bir işçisinə, şəxsən bu işdə böyük fədakarlıq və əsl vətənpərvərlik nümayiş etdirən muzeyin direktoru Olya xanım İslamovaya – dərin minnətdarlığımızı bildiririk.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti