DAĞILSIN TÜRKMƏNÇAY MÜQAVİLƏSİ
“Dağılsın Türkmənçay müqaviləsi,
O tayda, bu tayda kədərlə birgə”.
Müəllif
On fevral həminki Türkmən kəndində,
Sənəd imzalanır xalq əleyhinə.
Ortada ikiyə bölünən vətən,
Yenə də bölünür rusun xeyrinə.
Ruslar qarşılayır bunu fərəhlə,
Onun nə vecinə torpaq kimindi.
Şimalı cənubdan ayıran zaman,
Torpaq bizimdisə günah kimindi?!
Ovuca sığmayan bu Ana torpaq,
Rusun nəzərində bu gün kiçilir.
Tökülən millətin bax o al qanı,
Qədəhə süzülüb
burda içilir.
Əsgərlər durubdu dəstəbədəstə,
Onların içndə biri seçilir.
Danlaya-danlaya fikri içində,
Əhdindən indicə dönmək istəyir.
Əynində boz şinel, başında papaq,
Elə bil kim isə dinmək istəyir.
Bax budur həminki bizim qəhrəman,
Yenə də içində fəryad qoparır.
Fikirlər, duyğular aləmi onu,
Özündən uzağa-haqqa aparır.
Səhərdən ətrafa boylanan günəş,
Ömrü gül-çiçəklə yenə bəzəyir.
Axı o neyləsin onun da ömrü,
Aldanmış sahibsiz itə bənzəyir.
SƏNƏD İMZALANDI TÜRKMƏN KƏNDİNDƏ
“Pozulsun Türkmənçay müqaviləsi,
Nə hücum, nə qırğın, nə bir dərd olsun”.
Nəriman Həsənzadə
Sənəd imzalandı Türkmən kəndində,
İkiyə bölündü bu ana torpaq.
Düzü, gözləməzdim rus öz əliylə,
Xalqın tarixinə kədər yazacaq.
Şimalla cənubu ayrı saldılar,
O tayda, bu tayda axdı göz yaşı.
Araz da çağladı tarixlə birgə,
Yasa qarışanda millətin başı.
Təbriz qardaşından ayrı düşəndən.
Bakının gözləri yenə yol çəkir,
İnana bilməsən həmin sənədə,
Gəl, gör ki, millətin başı nə çəkir.