Polad Sabirli

Şair etdilər

Tək özün düşünər, düşüncəsi dar,
Elə nəsə umar, kara gəlməz o.
Könül ovundurmaz, ancaq qəlb qırar,
İnsafa gəlməz o, ara gəlməz o.

Hərə öz kefində, öz halındadı,
Zənmətsiz qazanclar, başa dəyibdi.
Kişinin vüqarı kamalındadı,
O qədər sözüm var, daşa dəyibdi.

Haqq-divan olmayıb, yoxdu bu yerdə,
Oturub haqlıyla, haqsız diz-dizə.
Haqqı tanımayan çoxdu bu yerdə,
Haqsıza rast gəldim, haqq gəzə-gəzə.

Özümə güvənib qələbə çaldım,
Məni mən eləyən, mənliyim oldu.
Haqqı uca tutdum, özüm ucaldım,
Haqqa aparan yol, ən ali yoldu.

Arzularım yatıb köksümdə dən-dən,
Hər nə etdilərsə, bir-bir etdilər.
İndi minnətdaram, ətrafıma mən,
Mənə dərd verdilər, şair etdilər.

Hər kəs vicdanıyla, qalsın baş-başa,
Bir belə təlaşdan, kar aşmaz Polad.
İnsanlıq məhv olub, dönməsin daşa,
Bədbin olmaq sənə, yaraşmaz Polad.

10.08.2015.

Ömrü

Haqq ucadır, biz quluyuq,
Vermək olmaz boşa ömrü.
Olmasın buz kimi soyuq,
Döndərməyək qışa ömrü.

Həyatın hər naxışında,
Hər kəs yaşar öz xoşunda,
Ey gül, eniş yoxuşunda,
Bir keçirək qoşa ömrü.

Odda qovrul, közdə yaşa,
Ürəkdə qal, gözdə yaşa,
Xoş müqəddəs sözdə yaşa,
Qoyma dəysin daşa ömrü.

Saç ağardıb yüz çağında,
Ata baba ocağında,
Aşiqinin qucağında,
Kim vurmaz ki, başa ömrü?

Qəlb oxşayar ismətli yar,
Abır, həya, mərifət, ar,
Polad, bil ki, hər üzü var,
Sevə-sevə yaşa ömrü.

2.01.2015.