ANAMSIZ
Dünya işığına həsrətdi anam,
Dünyanın işığı söndü anamsız.
Nə qədər sağ idi qoymadı sınam,
Qəddim də, qəlbim də sındı anamsız.
Həm sevincim idi, həm qəmim idi,
Könlümə yeganə həmdəmim idi.
Mənim kəhkəşanım, aləmim idi,
Gen dünya zindana döndü anamsız.
Ümid qaynağımdı, mehribanımdı,
Sevgisi, qayğısı can dərmanımdı,
Dərdimi açdığım tək ünvanımdı,
Yanar ürəyim də dondu anamsız.
Darıxa-darıxa ağlayır içim,
Bu qərib dünyadan hayana köçüm,
Azmışam, tənhayam necə yol seçim,
Yollarım dumandır, çəndir anamsız.
Bu ölüm həyatı gözümdən saldı,
Analı dünyamı əlimdən aldı,
Burda yaşamağa səbəbmi qaldı,
Göylər də başıma endi anamsız.
YAXINAM
Tanrı pıçıldayır mənə:
Mən sənə səndən yaxınam.
Əbədi, sönməz od kimi,
Qəlbinə gündən yaxınam.
Yarandım sudan, atəşdən,
Müqəddəs ruhla görüşdən,
Göylərə aydan, günəşdən,
Torpağa dəndən yaxınam.
Ömürdür ilk-son pənahım,-
Içimə sığmayır ruhum…
Göylərdə dolanır ahım,
Dağlara çəndən yaxınam.
Qiyamət öz içimdədir,
Gəlişimdə, köçümdədir,
O dünya mən biçimdədir,
Mən ona ündən yaxınam.