Polad Sabirli

Yalnız

Səni bədnəzərdən ğözüm qoruyar,
Sənin gözmuncuğun gözümdü yalnız.
As onu yaxandan, tək səni görsün,
Baxıb doymayan göz bizimdi yalnız.

Tutmadım heç nədən mən ikiəlli,
Tək özüm özümə verdim təsəlli,
Sözə bağlılığım, sözümdən bəlli,
Məni ilk tanıdan sözümdü yalnız.

Gah sağında qaldım, gah da solunda,
Gah ətəyindəyəm, gah da yalında,
Yıxılıb-dururam şeirin yolunda,
Arxadan boylanan, izimdi yalnız.

Zirvəyə yol gedər, təpədən, düzdən,
Başa bəla gələr gəzəyən gözdən,
Kimdi fayda görən, hər quru sözdən,
Yalanı qorxudan düzümdü yalnız.

Qorxuram sənsizlik qəddimi əyə,
Kor kimi baxıram sənsiz hər şeyə,
Eşqim bulud olub, sığınıb göyə,
Məni baş eyləyən, dözümdü yalnız.

Bildim

Sözü sözün üstə qoyub,
Sözdən qala qura bildum.
Nahaqqın düz gözün oyub,
Haqq yolunda dura bildim.

Gülə-gülə dərd, qəmimi,
Üst-üstə gəlib cəmimi,
Ağ varaqda qələmimi,
Mən o ki var, yora bildim.

Haramzadə kalanların,
Haqsızların, yalanların,
Mən də gözü olanların,
Düz gözündən vura bildim.

Qürdü mənə kim tələni,
Öz-özünə etdi yəni,
Qardaşdan gələn zərbəni,
Ürəyimdə yara bildim.

5.11.2016