* * *
Bir arzum var içimdə,səni deyib uçunar,
Qanadı bərkiməmiş qaranquş balasıdı.
Su içməsə bir dəfə titrəyən əllərindən
Ömrüboyu ümidi gözündə qalasıdı…
Hər gecə yuxusunda uçar səsinə sarı,
Hər səhər yuxusundan durar hamıdan öncə.
Çırpar qanadlarını ürəyimin başına,
Səsi tutular,ancaq susmaz sən gəlməyincə.
Bircə sözünə bənddi,min ildi yol gözləyir,
Bir anda təslim olar gəlsən dodaqlaına.
Barı insafın olsun,bir gün gəlib çıxmasan
Özünü çırpıb ölər qəlbimin divarına…
***
Yenə damır ürəyim,
Isladır ağ varağı.
Azalır yavaş-yavaş
Ömrün-günün marağı.
Islanır pəncərəmiz
Payızın nəfəsindən.
Gecələrin yuxusu
Qaçır addım səsindən.
Üşüyür qaranquşun
Eyvanda boş yuvası.
Özümə qəsd edirəm
Hər gecə sözdən asıb…
Narın yağışlar yağır
Kövrək xatirələrdən.
Bürünüb həsrətinə
Yenə üşüyürəm mən.
***
Məni yollar çağırar,
düşüb yola gedərəm.
Bir ömrü sonunacan
bir sağ ola gedərəm.
Yolum adsız dağacan,
ya qaradan ağacan.
Ürəkdən yanağacan
dola-dola gedərəm.
Bir sevda məni danıb,
bu yolda əlim yanıb…
Ya sevgiyə aldanıb,
ya xəyala,gedərəm…
***
İçinə su dolan gəmi kimiyəm,
Elə qərq olmuşam ümidsizliyə.
Qəfil yıxılmışam arzularımdan,
Daha bircə kimsə yetməz köməyə.
Tufanlar qabartmaz ağ yelkənimi,
Mənə yoldaş olan yellər susdular.
Yolumu gözləyən gözlər yoruldu,
Arxamca əl edən əllər susdular…
Mənsiz qəribsəməz bir doğma liman,
Adım bir sahilin yadından çıxar.
Ürəyim bir qara qutudan betər,
Yanmış xatirələr altından çıxar.
Ömür bir səfərdi,bitər nə vaxtsa…
Yalan elə şirin, həqiqət acı.
Mən elə ölmüşəm biganəlikdən,
Daha təsəlliyə yox ehtiyacım.
***
Qanadım çıxmışdı dünən,
Təzə qalxmışdım göylərə.
Sənə güvənmişdim,heyif…
Alıb məni vurdun yerə.
Sənə sığınmışdım bir az,
Yağışa düşən quş kimi.
Dedim bahar olub isit,
Demədim dondur qış kimi.
Hamıdan üzdüm əlimi,
Üz tutmağa yox bir adam.
Üzdə hamının doğması,
Könüldə hər kəsə yadam.
Daha buz tutub ürəklər,
Yoxdu sevgi,yoxdu qılıq…
Gözlə, gəlirəm,təkliyim!
Sevin,səninəm,ayrılıq!
***
Mən tez gəldim dünyaya,
Yoxsa sənmi gecikdin?
Nə yollarda durmaqdan,
Nə baxmaqdan bezikdim.
Of…bu görüş nə imiş,
Bəs nəymiş ayrılıqlar?!
Necə çəksin bu dərdi
Mənim kimi yazıqlar?
Axı indi neyləyim,
yoxsa gülüm bəxtimə?
Ya sən bir asca ağla
Mənimtək bəxti kəmə.
Bu gecə elə uzun…
Ahımdan asılmışam.
Kimsəsiz uşaq kimi
Adına qısılmışam.
Könlüm sığala həsrət,
Bir xoş sözə acam mən.
Məni qırma nə olar,
Tək sənə möhtacam mən.
***
Unutmuşam nə vaxtdı,
xəbərim yox… adımı.
beləmi çıxardırlar
darıxmağın dadını?!
Təklənib sığınmışam
içimdəki kədərə.
Daşıyıram gecəni
kipriyimdə səhərə.
Gəl,külümlə oynama,
çoxdan sönmüş təndirəm.
Nə adamdan-adamam,
nə qəbirdən qəbirəm…
Mən getdiyim yol deyil,
bəlkə də elə sondu…
Əlimdən tutanların
əli çibində dondu…
Boşla,nə varsa,getsin…
dərd etmə,ömrüm-günüm!
Başının üstündən as
səni gördüyüm günü.