em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ÖMÜR

Bu payızı qışa calaq eylədim,
Əkdiyimi yazda alaq eylədim,
Kimi gördüm, öz sözümü söylədim,
Eylədim yağır yolu.

Aran çılpaq, dağlar yaşıl donludu,
Axan selin ağzı qurd tək qanlıdı,
Dağ da, daş da möcüzədi, canlıdı,
Açdım bir cığır yolu.

Naz eyləyir şəlalə dağ çayına,
O, buz bulaq gözəllərə bir ayna,
Öyrənmişəm qartalların qıyına,
Yordum mən fağır yolu
.
Bu dağların hər qayası qızıldı,
Elə bilmə var-dövləti azaldı,
Taleyimə qəmli günlər yazıldı,
Ümidim sıxır yolu.

Qış işində, yaz işində tarazdı,
Dərdə düşən Həkəridi, Arazdı,
Əziz Musa dərddən, qəmdən çox yazdı,
Keçdi bu ağır yolu.

OLUR

Sözünə vəfalı, sadiq çıxanın,
Ömrü uzun olur, günü xoş olur.
Öz evi yıxılır, evlər yıxanın,
Könlü tox olanın, cibi boş olur.

Kaş ki, ilk məhəbbət daşa dəyməsin,
Heç kimin işini fələk əyməsin,
Ana məhəbbəti görməyən kəsin,
Ürəyi daş olur, qəlbi daş olur.

Eşqdir bəzəyən ömrü, həyatı,
Sevgidi insanın qolu, qanadı,
Ürəyi kövrəldir həzin bayatı,
Sevgisiz bir ömür qarlı qış olur.

Gülün bülbülü var, gölün sonası,
Gözlərdi ürəyin billur aynası,
Ağlamaz igidin, mərdin anası,
Namərdin qazancı qan-qarğış olur.

İnsandı dünyanın əşrəfi, tacı,
Qardaşı hörmətə mindirər bacı,
Həyat gah şirindi, gahda kı, acı,
Sevinc də, kədər də gözdə yaş olur.

İnsaf da, mürvət də dinlə yarıdı,
Qeyrət də, namus da ömrün varıdı,
Kim ki haqq, ədalət tərəfdarıdı,
Əziz Musa ilə dost, qardaş olur