VAR
Görünən hər bir şeyin,
İlkini, təməli var.
Yaxşılığın, pisliyin,
Mütləq bir bədəli var.
Dünya tək şənlik deyil,
Dərdləri sənlik deyil.
Uyma, beş günlük deyil,
Axırı, əvvəli var.
Varın artsa öyünmə,
Qürurdan don geyinmə,
Bəxtin yatsa deyinmə,
Eniş-yoxuş, bəli, var.
Asi olma heç zaman,
Çıx şübhə dumanından,
Qorxmaz haqq divanından,
Kimin düz əməli var.
Həyatın hikmətində,
İnsanın xislətində,
Hər kəsin qismətində,
Allahın öz əli var.
SÖZÜN
Kül altında qoyma sönə,
Odunu qaçırma sözün.
Yoğur, vəzlə dönə-dönə,
Zatını qaçırma sözün.
Boşa atma tilovunu,
Vermə yelə alovunu,
Möhkəm saxla cilovunu,
Atını qaçırma sözün.
Varlığına odur xoca,
Qoy əbədi dönsün taca,
Gün kimi, ay kimi uca
Adını qaçırma sözün.
Dur amadə yedəyində,
Yerin olsun ətəyində,
Yığ, ballansın pətəyində,
Dadını qaçırma sözün.