Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
MƏN ŞUŞANIN DAĞLARINDA QAR GÖRÜRƏM
Gəlib vətən torpağına nazlı bahar,
Dönür yurda durnalarım qatar-qatar.
Sevincindən ulduzlar da göydən baxar,
Bu sevinci özüm üçün ar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.
Geyinməyib ətəyinə güllü donu,
Yaz günəşi əzizləmir hələ onu.
Çovğunların, fırtınanın min oyunu…
Bülbülləri susqun, dinməz, xar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.
Quzğun kimi Qarabağda yad, yağılar,
Səmasında qara-qara buludlar var.
Vaqif, Zakir, Xurşidbanu çox intizar,
Çiçəyini həsrətli bir yar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.
Qəfəsdədir Cabbarımın, Xanın səsi,
Bülbülümün, Seyidimin, zənguləsi.
Qan ağlayır “Qarabağın şikəstəsi”,
Susan qaval, susan kaman, tar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.
Döyüşümüz, vurşumuz haqqdır bizim,
Komandandan əmr gözlər oğlum, qızım.
Zülfüqardır, qoç Fəridim, Mübarizim,
Qarabağın xilasını var görürəm.
Mən Şuşanın dağlarında qar görürəm.
SƏMƏD VURĞUNA
”Şair,nə tez qocaldın sən?!
Dədə Vurğun döğru deyir,
“Şair olan qəm də yeyir.
Şair qəlbi dərd kanıdır,
Sehirli, sirr məkanıdır.
Qəlb sədası hər bir şeir
Pıçıldayır mənə pəsdən:-
“Şair, nə tez qocaldın sən?!”
Heyran- heyran hey ğəzdiyim,
Sinəsində ot əzdiyim.
Zümrüd meşə göy yaylaqdan,
Qarli zirvə, “Zorbulaq”dan,
Hər sətrinə gül düzdüyüm
Duydum qoşma, təcnisimdən:-
“Şair, nə tez qocaldın sən?!”
Hərdən əsir soyuq külək,
Səbəbini biləm gərək.
Ömür boyu sirdaş olan,
Gah boşalan, gah da dolan.
Yurda, elə bağlı ürək
“Üzəvura, deyir hərdən:-
Şair, nə tez qocaldın sən?!”
Yazdıqlarım sərvət, varım,
Nəğməkardır həyat tarım.
Şərəfimlə ömür sürdüm,
Yaxşı gördüm, yaman gördüm…
Hey ox oldum, yayı tarım
Səda gəldi hədəflərdən:-
“Şair, nə tez qocaldın sən?!”
Saç ağartdım, əldə qələm,
Dop- doludur hələ sinəm.
Gur bulaqdır təbim mənim,
Sadiq yarım, hürr vətənim.
Yaratdıqca mənə nə qəm?
Qoy deməsin yarım, Vətən:-
Dövran, “nə tez qocaldın sən?!”…