abdullamuellim

BAŞ ALIB GEDİRƏM ÜZÜ PAYIZA

Hər günüm ömürdən qaçan ilmədi,
Əlim günlərimə çata bilmədi.
Sözlə eşqə ocaq çata bilmədim,
Baş alıb gedirəm üzü payıza.

Kiminin qəlbində fikir daşıyam,
Kiminin həmdəmi fikirdaşıyam.
Bir ürək nə qədər fikir daşıyar?
Baş alıb gedirəm üzü payıza.

Novruz tonqalında illər qalanır,
Alın qırışımda səhvlər qalanır…
Yanlış, etirafmı mənə qalanı?!
Baş alıb gedirəm üzü payıza.

Varı ehsan edən yoxundan çəkir,
Yada doğmalaşan yaxından çəkir.
Gecələr ömrümü yuxumdan çəkib
Baş alıb gedirəm üzü payıza.

Ürəyi kinlilər dərdə yaramır,
Sevincə sülənən yerdə yarımır…
Qədərlə sarıyıb həsrət yaramı
Baş alıb gedirəm üzü payıza.

Sevinc məndən qaçır, dərd məndən kəsir,
Günlərim gümanın əlində əsir.
Didərgin şərqisi dilimdə əsir,
Baş alıb gedirəm üzü payıza.

Yağı tapdağında yurd üzü qara,
Gözləri yol çəkən dərd üzü qara.
Yurdumda yuvasız, pərt, üzüqara,
Baş alıb gedirəm üzü payıza.

Gün günə calanır, axar su kimi
Axır yaddaşıma bahar su kimi.
Deməyin dünyaya tamarzı kimi
Baş alıb gedirəm üzü payıza.
Azərbaycan. Quba.

OXU ÜRƏYİMİ

Qəlbimdən keçəni bilmək istəsən,
Oxu ürəyimi-o yazımdadır.
Həm şaxta görərsən,həm də isti sən,
Çiskin payızımda,gün yazımdadır.

Qaynar bir ocağam,qızmar bir yayam,
Dünənim yaşayır sətirlərimdə.
Səhvimə tuşlanan tək oxlu yayam,
Hopub misralara sərt illərim də.

İlham göylərində bəzən ay azıb,
İçimdə ağlayıb,sızlamışam mən.
Bəzən də qəlbimdə eşqin ayazı,
Bulaq tək sözümdən sızlamışam mən.

Hərdən istəyimə qəlpə toxunub,
Yaşayıb yaralı ad iliyimdə.
Elə söz deyiblər qəlbə toxunub,
Avamlıq gəziblər adiliyimdə.

Ata ocağında tənha köz olub,
Alışıb yanmışam hey için-için.
Səbrimə sığınıb,dərdə göz olub
Sözümü tapmışam özümdən keçib.

Azərbaycan.Quba.