mm

ÇÖZÜLMÜR BU KOR DÜYÜN

21 Azər də beləcə gəlib keçdi,
Vətəndə bir kimsənin tükü də tərpənmədi.
Çoxlarıyçın sadəcə təqvim günü dəyişdi,
Şəhid haraylarından ürəklər ürpənmədi.

…Onlar duyub Vətənin o ağrı-acısını,
Yurdumu bölənlərin taxtını devirdilər.
Parçalanmış-didilmiş yurdun bir parçasını,
Mücahid babalarım məşələ çevirdilər.

Azadlıq, müstəqillik, birlik arzularıyla,
Vətəni qopardılar əsirlik pəncəsindən.
Qurub-yaratmaq eşqi, dirlik arzularıyla,
Cücərtdilər tarixi xalqın düşüncəsindən.

Qürurla, iftixarla ucaltdılar bayrağı,
Yaratdılar dövləti, dünyaya səs saldılar.
Qeyrət idi onların əyilməyən dayağı,
Yurdumu bölənlərə dərs verib öc aldılar.

Dörd yanımız yırtıcı, azğın, amansız düşmən,
Didib parçalamağa hazır dayanmışdılar.
Gördülər kara gəlmir səpdikləri hiylə – dən,
Xalqın iradəsini, əzmini qanmışdılar.

Fitnəkarlar, qatillər oyunlar oynadılar,
Birləşərək boğdular o haqqlı ünümüzü.
Yurdumu birləşməyə yenə də qoymadılar,
Zorla əsir etdilər “gələcək gün”ümüzü…

Qadın-uşaq bilmədən “günahkar” axtardılar.
Təbrizin küçələri qanla yuyuldu o gün.
Bu müdhiş “qələbədən” necə bəxtiyardılar,
Çözülmür bəxtimizə vurulan bu kor düyün…

21 Azər də beləcə gəlib keçdi,
Vətəndə bir kimsənin tükü də tərpənmədi.
Çoxlarıyçın sadəcə təqvim günü dəyişdi,
Şəhid haraylarından ürəklər ürpənmədi.

Qocalda bilməsə də,
Zaman Soltan Abbası,
Vətən dərdi əyibdir,
Yaman Soltan Abbası.

Dərbənd, Təbriz, Qarabağ,
Hər biri köksündə dağ,
Bu həsrət yandıracaq,
Ozan Soltan Abbası.

Ömür verdi illərə,
Dastan oldu dillərə,
Bil sevən könüllərə,
Həyan Soltan Abbası.

Baxmaz ömrün qışına,
Çıxar haqq savaşına,
Alıbdır ağuşuna,
Ümman Soltan Abbası.

Daim yazdı-yaratdı,
Arzuya, kama çatdı,
Düz əqidə ucaltdı,
Ürfan Soltan Abbası.

Haqqı nahaqqa qatmaz,
Dar gündə dostu atmaz,
Andı inam, yaşatmaz
Güman Soltan Abbası.

Üzünə gülmədilər,
Dərdini bölmədilər,
Kiçildə bilmədilər,
Azman Soltan Abbası.