ÖZÜNÜ TUT GƏL

Gümanla yaşadım, gümanla qaldım,
Günəş yox, çiskinlə, dumanla qaldım,
Həsrətli, nisgilli zamanla qaldım,
Söz verdin, kişitək sözünü tut gəl.

Ümidlə yoluna boylanıram ha…
Yadımdan çıxmırsan, unutmuram ha…
Ağlayıb, sızlayıb yalvarmıram ha…
Söz verdin, kişitək sözünü tut gəl.

Fəxr etmə, qəlbimin gözünə dəydin,
Kişilik adının özünə dəydin,
Alışan eşqimin közünə dəydin,
Söz verdin, kişitək sözünü tut gəl.

23.10.2015

SEVGİ OLAN YER ALLAHIN EVİDİR

Elə söz atırlar,
sevgidən az yaz.
Mən necə yazmayım
haqdan olanı?!
Allah da sevgidir,
ana da, yar da,
Xeyirli-xeyirsiz
nankor övlad da.
Sevgisiz açılmaz
bircə yarpaq da.
Adəmin sevgisin duydu
Yaradan,
Həvvanı xəlq etdi
bir qabırğadan.
Başlanğıc sevgidir,
sonluq sevgidir.
Sevgiylə qurulub
bu yer kürəsi.
Qarın əriyərək
selə dönməsi,
Selin tələsərək
çayda çimməsi,
Çayın boylanaraq
dənizi sevməsi,
Dənizin utana-utana
okeanı öpməsi,
Okeanın həyadan
buxara dönməsi,
Göylərdə «doğulub»
yerə enməsi,
Sevgi yalandırsa,
bəs nədir bunlar?!
Sevgidən dil açar
lal olan dağlar.
Qorxulu ölümdə
hətta sevgi var.
Sevdiyi insanın
hayına çatar.
Çəkdiyi əzabdan
onu «qurtarar».
Sevgi yalandırsa,
bəs nədir bunlar?!

21.05.2014

FƏLƏK NƏYİ SAYIRDI

Özümə təskinlik

Axtar, tələs, sorağıma çıx indi,
Yaşlaşıram, sonra tapmaq çətindir.
Sən gedəndə ağ duvaqlı gəlindim,
Fələk yansın niyə bizi ayırdı?

Ürəyim cavandır, qəlbim təlaşlı,
Yaşlı görünürəm əməlli-başlı,
Qoyub getdin məni gözləri yaşlı,
Sən saymadın, fələk nəyi sayırdı?

Ümid yoxdur bugünümdən sabaha,
O günümü qaytarammam mən daha,
Səbəbkarı batırmadı günaha,
Fələk məni öz canımdan doyurdu?!

28.07.2014

HƏYATIMDAN İNŞA YAZDI TƏNHALIQ

Tənhalıq məni lap kiçik yaşlarımdan
özünə nişanlayıb

Lap gənclik yaşlarımdan
tənha qalmışam,
Tənhalıqdan qaçammadım,
çünki utancaq olmuşam.
Onunla baş-başa verib,
çoxlu kitab oxumuşam,
Buna görə minnətdaram
məni seçən tənhalığa.
Kitabların sayəsində
pisi yaxşıdan ayırdım,
Öz sözümü yetişdirib,
oxuduqca savad aldım.
Pərvazlandım mələklərlə,
bütün dünyanı dolandım,
Həyatımdan inşa yazdı
məni sevən tənhalığım.
Girişində:
Öz-özünə yırğalanan yüyrüklərim.
A bəndində:
Tənhalıqdan
dil-dil ötən nəğmələrim.
B bəndində:
Oxuduqca kitablardan
bəhrələndim.
Nəticəsi:
El dilində yazdığım bu şeirlərim.
Doğma oldum təcrübəsin
məndə keçən tənhalığa,
Yaşa doldum, sevgi oldum
mənə köçən tənhalığa.

06.07.2014