AMAN KƏKLİK

Aman kəklik, qəmli ötmə bu yerdə
Yazılmayan çox varağım var mənim.
Vətəndən gen bir gülüm də göyərməz
Vətən adlı bir sorağım var mənim.

Ayrı salma qəmi qəmdən gəl bir də,
Bitməz daha solan çiçək, gül bir də.
Durularmı yaşdan olan göl bir də?
Qan ağlayan çox bulağım var mənim!

Çox qəlbləri yandırmasın bu yazı,
Dərdin qəlbdə olmaz dərin-dayazı
Vətəndən gen sanma şair Qiyası,
Gendə yaman qocalmağım var mənim.

ZAMAN BİR BAŞQADIR, GÜMAN BİR BAŞQA

Deyirlər təzədən doğulur insan,
Gözündə nə bulud, nə duman, nə çən.
Təzədən doğulmaq məqamı gəlsə,
Gəlmək istəmərəm bu dünyaya mən.

Zaman bir başqadır, güman bir başqa,
Ürəkdə yer tapan ocaq, yer başqa.
Həyata gəlməyin adı başqadır,
Həyatdan getməyin adı bir başqa.

Allah, salamına gəlmişəm sənin,
Görən bu dünyanın ardı vardımı?
Göz yaşı tökməklə yara bitsəydi,
Adəm iki yüz il ağlayardımı.

Dünyanın söz vaxtı çəkilib daha,
Barışmaq çətindir ömür-gün ilə.
Dünyaya aldanır hələ adamlar, –
Dünyanı aldadan olmayıb hələ?!

HƏYAT VURUŞ, SAVAŞDIR

Məni qınamasın dostlar, tanışlar,
Vallah bu həyata alışammıram.
Bu bir üzü gecə, bir üzü gündüz,
Dünyayla heç cür mən barışammıram!

Axı yazılmayan kədər yükünü,
Bir qəlbdə nə qədər daşımaq olar?
Nə qədər hər günü arzu-ümidlə,
Qarşılamaq olar, yaşamaq olar?!

Yox, yox həyat başdan vuruş, savaşdır,
Onda sən zarafat etmə yaş ilə?
Gözüm görə-görə qocalıramsa,
Mənə ürək-dirək vermək yerinə,
Siz Allah, deməyin cavanam hələ!?

Siz Allah, deməyin irəlidədir,
Xoş günüm, xoş ayım hələ çox yerdə.
Əllini bu yana keçəndə bildim,
Dünyaya ən böyük gələn var nədir?
Dünyadan ən böyük gedən var bir də!

SƏNİ NECƏ SEVİM

Həyatım illərin oldu əsiri,
Ömrümü kaş yolda qıran olmasın.
Mən hara gedirəm üzüm danlanır,
Mən hardan keçim ki, görən olmasın.

Külək də hayandan əsdi bilmirəm,
Könlüm də yamanca doldu bu axşam.
Gözümün yaşını gizlədəmmirəm,
Gözümün yaşı da yoldu bu axşam!

Qəmim də əvvəlki qəmə bənzəmir,
Gəzirəm mən elə könlü yaralı.
Məni gah ağladır, gah güldürürsən
Səni necə sevim səndən aralı?!