SEVDİYİM

Gələn bəlli, gedənləri say görüm,
Dərdi versə, dost əlindən pay görüm,
Namərd olsam, öz canımdan vay görüm,
Mərd sözü de sözüm üstə, sevdiyim.

Özgə dilə, şirin sözə aldanma,
Düz baxmırsa, qaçan gözə aldanma,
Yola düşüb, saxta izə aldanma,
İzini qoy izim üstə, sevdiyim.

Qor bağlayan ürəyindən köz gətir,
Sevirsənsə, şair kimi söz gətir,
Əhd bağlayaq, çörək gətir, duz gətir,
Öpüm qoyum gözüm üstə, sevdiyim.

Bağça varsa, bəhər olsun, bar olsun,
Sözün düzsə, el-aləmə car olsun,
Qaratelə etibarın var olsun,
Başını qoy dizim üstə, sevdiyim.
Sən nə desən gözüm üstə, sevdiyim.
22.04.2015

GÖZƏ GƏLDİK

Bənzəyirdin gül üstə bülbülə sən,
Mən gül idim, gülə nəğmə deyən sən.
Yoxsa gözə gəldik, bəd nəzərə tən,
Ay bəxtimin heç bitməyən dastanı?!

Hər gün sənin həsrətini çəkmişəm,
Qara saça bəyaz qarı səpmişəm,
Aşiqlikdə Züleyxanı keçmişəm,
Ay bəxtimin heç bitməyən dastanı!

Qarateləm, köç edirəm, biləsən,
Kor oluram, gözümdəki gilə sən,
Karvan gedir, sorağıma gələsən,
Ay bəxtimin heç bitməyən dastanı!
03.05.2014

QOVUŞDUR BİZİ

Dəli ürək, niyə sevdin, əzildin,
Ayrı düşdün, çox ağladın, döz indi.
Umacağın bircə kəlmə söz idi,
Sevindirsin giryan olan gözləri.

Sevdiyindən haqsızlığı görəndə,
Ucuzlaşır yaşadığın ömür də,
Nə yaxşı ki, ağlım hələ yerində,
Qaldı məndə, demədim çox sözləri.

Qadir Allah, adil oldun həmişə,
Rəva görmə sevgim ondan gen düşə,
Çəkə bilməm yenə nisgil, əndişə,
Ürəyindən ərit soyuq buzları,
Yalvarıram, barışdır ulduzları.
28.06.2015

SÖZÜN OLSUN

Sevgi zarafat deyil ki,
Onunla oyun oynama.
Dedim sevgimə əyil ki?
Şoran suyutək qaynama.

Ağzından çıxan sözlərin,
Ancaq özünü öyməkdir.
Döyənək olub dizlərin,
Peşən dizinə döyməkdir.

Aldanma dünya halına,
Ruhu gözəl qəlbin olsun.
Dünya dost olmur zalıma,
Zalıma dağ sözün olsun,
Haqqı görən gözün olsun.
28.02.2015