MƏN SƏNDƏN DƏRDLİYƏM DÜNYA

Ürəyimdə qalan sözlərim yazıq,
Həmişə yol çəkən gözlərim yazıq.
Yağışda islanan izlərim yazıq,
Mən səndən, mən səndən dərdliyəm, dünya.

Göylər işıqlaşar gün böyüdükcə,
Dağlar qəribsəyər, çən böyüdükcə,
Ömür-gün qısalar mən böyüdükcə,
Mən səndən, mən səndən dərdliyəm, dünya.

Qəm səni tutubsa, qal ayrıcında,
Ayların, illərin ol ayrıcında,
Durmuşam bir ömrün yol ayrıcında,
Mən səndən, mən səndən dərdliyəm, dünya.

SƏN DEMƏ

Məni qərib görüb payız axşamı,
Çiynimin üstünə qonar yarpaqlar.
İsitmək istərəm onları bir-bir,
Gözündən od alıb yanar yarpaqlar.

Budaqdan ayrılıb uçan hər yarpaq,
Yuvası dağılmış quşa bənzəyir.
Ovcumu tutmuşam quş yuvasıtək,
Yarpaqlar ovcuma qonurlar bir-bir.

Bu payız axşamı kövrəlib bir an,
Şirin xəyalıma qapıllam bir də.
Yarpaq da insana həyan olarmış,
Sən demə, həyatda qəribsəyəndə.

ÜRƏK AĞRIMASA

Ürək ağrımasa, könül yanmasa
Gözlər göz yaşıyla dolası deyil.
Nə qədər torpağı istəsək də biz,
Yenə də göz üstə qalası deyil.

Torpaq çörəkdən də irəli gəlib,
Çörəyə, torpağa çıxmayaq şərik.
Çörəyi yarıya bölə bilsək də,
Torpağı yarıya bölə bilmərik.

Torpaq anamızdır əzəldən bizim,
Onun havası da birdi, suyu da.
Elə bir olubdu onunçün hər vaxt
Günəşdən nur alan övladları da.

ATAM DEYİR

Ata bir ağacdır,
Övladları –
Budaqları.
Ata bir ocaqdır,
Nəfəsinin istisi
Əridər birdən-birə
40 dərəcə soyuqda
Sıxılmış, donan qarı…
Babam on övlad böyüdüb,
Biri mənim atamdı.
Atam deyir:
-Baban sözlə deməzdi,
Ürəyindən keçəni.
Hər axşam
Süfrəyə qoyulardı
Əllərinin qabarı.

BİR DAMLA İŞIQ TƏK

Bu gecə yuxumda babamı gördüm,
Baxıb gözlərimə halımı sordu.
Onun gözlərinə baxa bilmədim,
İlahi, gözləri necə nurluydu?!

Tutub əllərindən öpmək istədim,
Gözüm yolda qaldı, qulağım səsdə.
Babam əllərindən qoymadı öpəm,
Məni saxlasa da əlləri üstə.

Dedi, əziz nəvəm, qəlbini sıxma,
Ruhum yanındadır onsuz bil ki, sən.
Əlimi öpməyə qoymasamda mən,
Məni tapşırdığın torpağı öpsən,
Elə əllərimi öpmüş kimisən.

…Ayıldım, gözlərim yaş ilə doldu,
Hər damla işıqtək göründü, keçdi.
Babam dünyasına can tapşıranda,
Mənim oğul kimi yurdunda qoydu,
Özü ata kimi yurdundan köçdü.

O yuxu ən şirin bir yuxu kimi,
Qəlbimin ən dərin qatında bitib.
Mənim bu dünyada atam olsa da,
Məni bu dünyada babam böyüdüb!

09.02.1997