Oturub bir yolun elçi daşında,
Gələndən, gedəndən söz göndərəsən.
Baxasan axşama cavab gəlmədi,
Yığışıb söz üçün özün gedəsən.
Əlində dəstə gül durub gələsən,
Yetişib qapını asta döyəsən.
Allahın adıyla salam verəsən,
Xoş gəldin ay oğul buyur, girəsən.
Keçıb oturasan bərk bir divanda,
Soyuq tər apara səni o anda.
Gözlərin dikilib qala tavanda,
Həyəcan bürüyə dodaq yeyəsən.
Üz üzə oturub qarşı tərəflə,
Gözlər sənə baxa kəsgin hədəflə.
Barmaqlar acığın çıxa sədəflə,
Əllərin titrəyə, sən üşüyəsən.
Qəlbində yalvarıb güc istiyəsən,
Özünü toplayıb söz istiyəsən.
Allahın izniylə qız istiyəsən,
Tərini dəsmal yox, əllə siləsən.
Qarşıda oturan qız atasının,
Gözündən gözünü çəkib itəsən.
Stola vurulmuş şapalaq səsi,
Bu anda bir kobud səs eşidəsən.
Bu qızın ər axtaran vaxtı deyil,
Dəlidir, sən bekara salıb meyil.
İşin yox dolanırsan veyil-veyil,
Ay oğul, sən bəlkə durub gedəsən!
06.04.2016