Polad Sabirli

Görəsən ölmürəm ki, mən

Dərgahına sığınmışam,
Tanrım versin mətləbimi.
Sac üstündə qovrulmuşam,
Qorumuşam məzhəbimi.

Eşq sinəmdə qan ağlayır,
İtib könlümün sahmanı.
Ruh ağlayır, can ağlayır,
Allaha qalıb gümanı.

Öz eşqimin çəkə-çəkə,
Dərdini mən kamilləşdim.
Sözdən qala tikə-tikə,
Öturub sözlə əlləşdim.

Çıxdı canımın dərisi,
Döyülmədim üyülməkçün.
Olmadım şöhrət hərisi,
Kiçilmədim böyüməkçün.

Dolub qara bulud kimi,
Boşala bilmirəm ki, mən.
Polad, gəlib sözün dəmi,
Görəsən ölmürəm ki, mən?

Var

Çox uzağa gedən oxun,
Çox dartılmış yayı da var.
Aza qane olan çoxun,
Verən əli, payı da var.

Yaxşı yaman seçən ömrün,
İynə gözdən keçən ömrün,
Dərd qəm yeyib içən ömrün,
Xoş ili də, ayı da var.

Polad, uca olsun adın,
Gözünə nur hər övladın,
Həm qohumun, həm də yadın,
Yaxşısı da, zayı da var.

3.12.2014.