sv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Şənbə melodiyası

Yatıram mışıl-mışıl
Həsrətə baş qoymuşam…
Yazıram üsul-üsul
Xəyalla danışmışam…

Yanıram alov-alov
Ahım göydə burum-burum…
Xatirələr duman-duman
Bürünmüşəm bürüm-bürüm…

Ömür dediyin beşcə gün…
Bu sonsuz arzular nəydi ?
Sevilmişdim beşinci gün
Getdiyin gün şənbə idi…

Yenəmi yeni ildi?

Yenəmi yeni ildi?
Yenəmi sənsiz gəlib?
Adın olan ümidim
Köhnələn ildə qalıb…

Unutmuşam, incimə,
Aylara doğmalığı…
Iyulda gözlərimə
Düşübdü gün işığı…

Oktyabr sevdiyim…
Aprel küsdüyüm aydı…
Bu aylar bir-birindən
Gör nə qədər uzaqdı…

Səndəmi qaldın orda?
O keçib gedən ildə?
Hansı gün, hansı ayda?
Bəlkə ötən həftədə?

Indi bu yeni ili
Özümə həsr edəcəm.
Təqvimdə rəqəmləri
Qar rəngiylə örtəcəm…

Özün qayıdıb gəlsən…
Gəlsən əgər bir zaman…
Ağartdığım təqvimə
Günəş rəngi taxarsan…

Sevirdim ötənlərdə
Rəngarəng təqvimləri…
Gizlətdim ürəyimdə
Qırmızı rəqəmləri…

Yeni il… yeni-yeni…
Mən səni istəyirəm…
Həmişə tər sevgimi-
Köhnəni istəyirəm…