Azərbaycanım
Bu yerlə darıxıb gül əllər üçün,
Yurdumu vəsf edən şən dillər üçün,
Sözlə mülk ucaltdım bu ellər üçün,
Güllü gülüstandır Azərbaycanım.
Cənnət ocağıdır, cənnət bağları,
Göylərə ucalır vətən dağları.
Könülllər isidir pir ocaqları
Güllü gülüstandır Azərbaycanım.
Seyr edin Qubanı, uca Şahdağı,
Tovuzu, Gəncəni, Mili, Muğanı,
Belə el tapmazsan, gəzsən cahanı,
Güllü gülüstandır Azərbaycanım.
Ziyarət eyləyin buz bulaqları,
Seyr edin zirvəli uca dağları,
Göz oxşar, bəhrəli meyvə bağları,
Güllü gülüstandır Azərbaycanım.
Bir baxın dəyişən fəsillərinə,
Vahidin şerinə, qəzəllərinə,
Gələcək bəxş edən nəsillərinə,
Güllü gülüstandır Azərbaycanım.
Bu elin gəzməli qoruqları var,
Xəzərdə şəhəri, buruqları var.
Hər gündə minlərlə qonaqları var,
Güllü gülüstandır Azərbaycanım.
Bəxş edib verməyə torpağımız yox,
Ayaqlar altında papağımız yox.
Çörəyi verərik, Qarabağı yox,
Güllü gülüstandır Azərbaycanım.
Küləklər məskəni elimin adı,
Azəri adlanır dilimin adı,
Yurdum başdan-başa sirli dünyadı,
Güllü gülüstandır Azərbaycanım.
İzim qalıb
Hər qarışı addım-addım,
Günüm keçib gəzə-gəzə.
Dənizləri üzə-üzə,
Yad elllərdə izim qalıb.
Kam almışam axşam-səhər,
Xumar gözlü gözəllərdən.
Tənhalığa dözənlərdən
Yazılmamış sözüm qalıb.
Neçə-neçə şəhərlədə,
Gur limanlı ölkələrdə,
Göz oxşayan meşələrdə,
Guşələrdə gözüm qalıb.
Haram işdə sayqılığa,
Yalan sözdə vurğunluğa,
Baxışlarda soyuqluğa,
Baxan qəlbdə dözüm qalıb.
Neçə liman, neççə körpü,
Neçə dalan, neçə hörgü,
Dünya başdan-başa sərgi,
Şəkillərdə izim qalıb.
Barmaq tutub saymasam da,
Nöqtələri qoymasam da,
Məskunlaşıb qalmasam da,
Baxışlarda üzüm qalıb.
Sel deyiləm, aşıb daşam,
Ürək deyir-düzüb, qoşam.
Uçub gedən qaranquşam,
Ürəklərdə sözüm qalıb.
İstanbul, Türkiyə Cümhurriyəti