AZƏRBAYCAN
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…
Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!
Bisütuni-inqilabda Şirin – vətən üçün Fərhad
Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib: heçdir vətənsiz can, Azərbaycan.
Qurtarmaqçün zalımların əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!
Varəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
İNTİZAR
Bəxt ulduzum, nə oldu ki, eyvana gəlmədin,
Ey məhvəşim, nədən şəbi-hicranə gəlmədin?
Şəmim yanırdı ta ki, gülə, gül camalına,
Pərvanə tək, gözəl, bu şəbistanə gəlmədin?!
Məhbusun idim, aybənizim, söylə bir nədən,
Bir an da olsa bu qara zindanə gəlmədin?
Sevda hədisi tək gecəmiz catmadı sona,
Qəm etdi aləmi mənə viranə, gəlmədin!
Qoyma ki, qarət eyləyə milçək bu qəndimi,
Tuti quşum ki, sən şəkəristanə gəlmədin.
Şerim sənin dilinlə xoş ovlar könülləri,
Əfsus, bülbülüm, bu gülüstanə gəlmədin.
Bağrmı qan oldu, süfrənə düzdüm şəkər sənin,
Nazlı qonaq, bu məclisi-cananə gəlmədin.
Divani-Hafizim! Dəli-divanən olmuşam,
Div ilə, ey pəri, yenə divanə gəlmədin
Gördün ki, səbr qayığımı qərq edir eləm,
Tapşırmayınca təxtimi tufanə, gəlmədin.
Biçarə qəlbimin toyumı matəm eylədin,
Döndərməyincə eyşimi ənzanə, gəlmədin.
Ey Şəhriyar, sənin ki, təbi-baharın xəzan olub!
Nur saçmağa bu sünbülü reyhanə, gəlmədin!
NƏ ÇƏKMİŞƏM
Eşqində bir ömür məni tutdu kədər, eləm,
Aşiq də olmadın biləsən ki, nə çəkmişəm!
Eşq ilə əql getmədilər heç zaman yola,
Aşiq olarsa kimsə, daha əqldən nə qəm.
Röyadə görmüşəm ki, dünən vəslə catmışam,
Sübh oldu, görmüşəm yenə hicranla həmdəməm.
Bir busə ilə könlümü qəmdən xilas elə,
Bir böylə dərdilə sən özün olginən həkəm.
Bir gün Səba saz ilə dedi: Şəhriyar, aman,
Səndən nə yazmayıb mənə tale yazan qələm…
PƏRVANƏN OLUBLAR
Şəmlər sənin o çöhrənə pərvanən olublar,
Hər əqli olan eşqdə divanən olublar.
Ayla günəşi cəm eləyibdir sənə fələk,
Onlar belə bir şövqilə peymanən olublar.
Pirlər ki, məni mən eləyib gənclərə daim,
Ancaq ki, sənin özləri məstanən olublar.
Can gözlərini tikdi sənə, könlünü verdi,
Can, göz və könül hər üçü cananən olublar.
Gördüm o qara gözləri, ovsunladı yarəb,
Əfsunilə onlar sənin əfsanən olublar.
Biganə bilib sirlərini, aşnalıq etdi,
Onlar ki, səni duymadı, biganən olublar.
Qonşu dedi ki, Şəhriyarım, sübh açıldı,
Qəmlər hələ fəryadilə həmxanən olublar.
BİR GECƏ QƏMƏRLƏ
Gözün kor olsun, ey göylər, bu gün nazlı Qəmər burda,
Gecə ta sübhədək, bəh-bəh, xoşavazlı Qəmər burda.
Dilimdən söyləyin siz tez fələk qoy arxayın olsun,
Gəzib axtarmasın nahaq, qonaqdır ay, qəmər burda.
O xoş səcli gözəl qumru, təbiət qumrusu, bəli,
Tükənməz bir məhəbbətlə açıbdır balü-pər burda.
Yanır xəlvətdə bir şəm tək üzündən nur saçır daim,
Odunda yanmağa hazır durub pərvanələr burda.
Demə tək mən bu məclisdə özümdən bixəbər oldum,
Bütün aşiqlər olmuşlar özündən bixəbər burda.
Üzün görməkçün evlərdən hücum çəkmiş qonum-qonşu,
Divar üstdən durub bir-bir salırlar hey nəzər burda.
Həyat bir dərdi-sərdirsə, bu gün ya ki, qara zindan,
Bir anlıq da əgər olsa, keçir bir dərdi-sər burda.
Qəmər məfruni, ey İyrəc, sən ey nakam böyük şair,
Ayıl, dur gəl məzarından, maral gözlün gülər burda.
Onun ay çöhrəsin daim tutardı halətək tellər,
O tellər burdadır, burda tutulmuşdur Qəmər, burda.
Səhər lazım deyil əsla, günəş, durma yatağından!
Bu axşam ki, Qəmər burda, Qəmər burda, Qəmər burda!