116

Xalq şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı

OLMASAYDI

Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana,
Günəş bayraqlı min-min səhərim olmasaydı,
Çinar kimi qol-budaq atmazdım dörd bir yana,
Bakıtək bir qəhrəman şəhərim olmasaydı.

Çaşbaş olub qalardım mən yollar ayrıcında,
Gözəl ana yurdumun torpağında, daşında.
Qanım kimi qaynayan bulaqların başında,
Açılan sufrələrdən xəbərim olmasaydı.

Yaramı qara gündə mahnılarımla sardım,
Dalğaları avartək bu əllərimlə yardım.
Mən ürək sözlərimi hara, hara yazardım,
Milyon-milyon ürəklər dəftərim olmasaydı!

Könüllərdən silinib adım unudulardı.
Ürəyimə dünyanın qəm-qüssəsi dolardı.
Payız çiçəkləritək mahnılarım solardı,
Zəhmətimin sonunda zəfərim olmasaydı.

Gənclər sahil boyunca xəyala dalardımı?!
Mənim şeirlərimdə bu ahəng olardımı?!
Gözəllərin gözləri maviyə çalardımı
Şəhərimin aynası Xəzərim olmasaydı?!

Ürəyimdən keçəni açıq deyim sizə mən:
Gəncliyimdən vurğunam günəşli gündüzə mən,
Çıxmazdım el içinə, görünməzdim gözə mən,
Beş-üç nəzərə çarpan əsərim olmasaydı!

Çoxdandır bir vüsalın sevdası var başımda,
Yaxşı bilir bu sirri dostum da, qardaşım da.
Mən cavan görünərdim inanın bu yaşımda.
Dərdli Arazla bağlı kədərim olmasaydı!

Xalqımçün qazanmışam şöhrəti mən, adı mən.
Eşqimdən yaratmışam bu gözəl həyatı mən.
Mahnılarla bəzərdim bütün kainatı mən,
Bir gün torpaq altına səfərim olmasaydı!

CANLARA CANDIR QARABAĞ

Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,
Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.

Dostlarından eşidirsən bu sözü nəğmə kimi –
“Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ”.

Vaqifin, Natəvanın səndə ayaq izləri var,
Məncə şairlər üçün başqa cahandır Qarabağ!

Hər bahar fəsli bu könlümdə adın qönçələnir,
Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!

San bilirsən ki, mənim təkcə cənub dərdim var,
Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!

Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,
Deyirəm, car çəkirəm canlara candır Qarabağ.

Sənə övlad kimi sadiq bu Süleymanını sən
Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!

YORULMAMIŞAM

İlləri illərə calasam da mən
Yurdumu gəzməkdən yorulmamışam.
Cənub həsrətliyəm, vüsal eşqinə
Hicrana dözməkdən yorulmamışam.
İlk bahar nəfəsli tər çiçəklərin
Ətrini çəkməkdən yorulmamışam.
Cənublu bacımın, qan qardaşımın
Dərdini çəkməkdən yorulmamışam.
Ötən durnalardan yaxınlarımın
Halını sormaqdan yorulmamışam.
Hicran karvanının sarbanı olub
Yolları yormaqdan yorulmamışam.
Təzə nəsillərə candan, ürəkdən
Bitməyib xidmətim, yorulmamışam.
Dar gündə, ağ gündə vətən deməkdən,
Bilir ki, millətim yorulmamışam.
Dostluq dünyamızın şənliklərində
Sevinib gülməkdən yorulmamışam.
Başım ağarsa da, xoşbəxtliyimdən
Sevib-sevilməkdən yorulmamışam!
Bəzən nəfəsimi dərsəm də yolda
Uğurlu səfərdən yorulmamışam.
Gah tufan, gah boran görsəm də yolda,
Soruşun Xəzərdən, yorulmamışam.
Döyüş meydanının ön səngərində
Özümü görməkdən yorulmamışam.
Qara əməllərə, yad meyllərə
Sinəmi gərməkdən yorulmamışam.
Şerimi süngülək düşmənin, yadın
Bağrına taxmaqdan yorulmamışam.
Yurdumun nazənin gözəllərinə
Şairtək baxmaqdan yorulmamışam.
Bütün yer üzünün millətlərini
Sülhə səsləməkdən yorulmamışam.
Qəlbimdə düşmənə əbədi nifrət,
Qisas bəsləməkdən, yorulmamışam.
Yaxşıya hörmətdən, pisə nifrətdən
Heç zaman, beç zaman yorulmamışam.
Gənclərlə qaynayıb-qarışmağımdan
Hələ mən Süleyman yorulmamışam.
İlham dəryasına təzə söz üçün
Hər gün tor atmaqdan yorulmamışam.
Nə qələm qocalıb, nə də ki, qəlbim,
Yazıb-yaratmaqdan yorulmamışam!

AZƏRBAYCANA GƏLSİN

Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin!

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin!

Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir,
Könüllərin nıüqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi konüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
Al bayraqlar altında alnıaçıq, üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin!