mm

VAR

Arın günahlardan, qalx ərkanına,
Ruhunu təmizlə, sinsin canına,
Qazan cənnətini, dön məkanına,
Nə olsun dünyanın min bir şəhdi var.

İnsan bu dünyada əbədi qalmaz,
Gəldiyi aləmə dönməsə olmaz.
Allahın insanla bitməz, pozulmaz,
Kitablar dolusu andı, əhdi var.

Bir gün qurulacaq mizan-tərəzi,
Məhşərə çəkəcək tanrımız bizi,
Sanma bu mətləbi dinin qərəzi,
Zühuru gözlənən İsa, Mehdi var.

Əgər birləşərsə kamalla iman,
Bəxş olar cahana mükəmməl ürfan.
Mələk zirvəsinə yüksələr insan,
Çatar məqsədinə kimin cəhdi var.

KİMİYƏM

Sənin eşqinlə, gülüm, ruha gələn can kimiyəm.
Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm.

Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü,
Sən günəş, mən işığından ağaran dan kimiyəm.

Ömrümüz güllü-gülüstandı bütün, sayəndə,
Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm.

Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə,
Bir məhəbbət buludu, eşq dolu leysan kimiyəm.

Tapdı xoşbəxtliyini səndə Müzəffər əbədi,
O zamandan elə öz ömrümə mehman kimiyəm.