yt

DƏRD GÖYƏRİR ASILDIĞIM SÖZÜMDƏN

Niyə məni tək yaratdın,Allahım,
Necə dözüm bu ağrıya,acıya?
Görən nədir bu dünyada,günahım?
Anam da yox bu halıma acıya.

Nə bacım var,nə qızım var dünyada,
Varaq üstə hönkürürəm sözbəsöz.
Gözdən düşən,dərdimə yar dünyada
Söz atanın neştərinə dözhadöz.

Çiçəklənən sevdamı yel vurandan,
Çiçək-çiçək çiçəklənən kədərəm.
Qədərimlə misra-misra dərd udan,
Bu dünyanın boğazında qəhərəm.

İndən belə çiçəkləməz gözümdə,
Kipriyimdə muncuqlanan gümanım.
Göz dağıymış yerə düşən sözüm də,
Qəlb dağlayır məni məndən umanım.

Hara getsəm üz döndərib özümdən,
Qəlbə dinclik verən deyil yaddaşım.
Gün görmədim bu dünyanın üzündən,
Bəlkə sənlə sənsizliyə yadlaşım?!

Sözüm yerə düşənəcən sən demə
Kaş düşəydi inamsızlıq gözündən.
Yazılana döz ürəyim,qəm yemə,
Dərd göyərir asıldığım sözümdən!

Azərbaycan.Quba.
11.01.2016.

AY MƏNİM TƏLƏSƏN İLK MƏHƏBBƏTİM

Bir həsrət simisən ürəyimdə sən,
Tale tilsimisən ürəyimdə sən.
Niyə xatirə tək ürəyimdəsən
Ay mənim tələsən ilk məhəbbətim?!

Sən ötən günlərin sevgi nağılı,
Yarı həqiqətsən,yarı yuxulu…
Bənövşə ətirli,nərgiz qoxulu,
Ay mənim tələsən ilk məhəbbətim.

O köçdən yadigar durna telim-sən,
Vədəsiz ağaran bəyaz telim-sən…
Qanadı qırılan arzu telimsən,
Ay mənim tələsən ilk məhəbbətim.

“Vağzalı” üstündə çalınan qədər,
Bağrımın başında qalanan kədər,
İnsafın olaydı,barı bir qədər
Ay mənim tələsən ilk məhəbbətim!

Taleyin intizar dərsimi sənsən?
Sevda yuxusunun tərsimi sənsən?..
Yesir sevincimin dərd simi sənsən,
Ay mənim tələsən ilk məhəbbətim.

Bəyaz günlərimin qara çaları,
Yaddaşa həkk olan eşqin baharı,
Daha çiçəkləməz gözümün varı
Ay mənim tələsən ilk məhəbbətim.

Tənha bir qüssənin qucağı da sən,
Ani bir sevincin ocağı da sən,
Bu könül dünyamın qonağı da sən,
Ay mənim tələsən ilk məhəbbətim.

Qapayıb gözünü yatan sevdasan,
Gənclik qürubunda batan sevdasan.
Qəlbimi alova atan sevdasan,
Ay mənim tələsən ilk məhəbbətim.

Azərbaycan.Bakı.