Bapbalaca bir kənd düşünün: yaşıl­lıqlar içində itib-batan, bulaqlarının suyu dərman, havası min bir dərdə şəfa bir kənd. İnsanları o qədər mehribandı ki, günün istənilən saatı – gecə-gündüz, yay-qış fərq etməz istənilən qapını döymək kifayətdir ki, bir neçə dəqiqə sonra özünü ev əhlindın biri sayasan. Toylarda da bütün kənd bir yumruq olur, yaslarda da. Masallı rayonunda yerləşən o balaca kənddən Sumqayıta ilk gələn mənim babam və nənəm olub. O zaman hələ Sumqayıt şəhər statusu almamışdı, bomboz çöllərdən ibarət idi. Respub­likanın müxtəlif bölgələrindən, Sovetlər Birliyinin yüzlərlə şəhərindən bura insan­lar gəldilər, əl-ələ verib gözəl bir şəhər yaratdılar. İndi Sumqayıtın hər küçəsində, hər mikrorayonunda o insanların əl izlərini görmək mümkündür.
Yenicə ailə həyatı quran nənəm Xəndə və babam İslam Cəfərovlar da kənddəki rahat evlərini, isti yuvalarını qoyub şəhərə işləməyə gəldilər və öz əlləriylə qurub yaratdıqları bu şəhərə elə qırılmaz tellərlə bağlandılar ki, bir daha qopma­dılar, qopa bilmədilər. Dörd oğul böyüt­dülər, bir ordu böyüt­dülər! Dörd qala, dörd qırılmaz, keçilməz sədd olsunlar deyə. Dünyanın gərdişinə kimsə zəmanət verə bilmir, əlbəttə ki. Gözlənilməz ölüm bir oğlu – Şəmsəddini aldı götürdü. Ondan sonra lap istəsəy­dilər belə bu şəhəri tərk edə bilməzdilər. Sumqayıtda dəfn olunan oğlu qoyub gedə bilməzdilər. Üç oğulu min bir əziy­yətlə böyütdülər, təhsil, ailə sahibi etdilər. Nurəddin, Şöh­rətdin, Sədrəddin Cəfə­rovlar indi şəhə­rimizdə, hətta respubli­kamızda sayılıb-seçilən, hörmətləri olan insanlardılar.
Mən gözümü açandan, özümü dərk edəndən nənəmi işdə-gücdə görmü­şəm. Dinclik nədir, istirahət nədir bil­məzdi. Bu gün babam İslam Cəfərov artıq həyatda yoxdur. Amma sağ olsa­ydı belə yenə də tam əminlikdə deyə bilərdim ki, övlad­larının üstündə, nəvə­lərinin böyüməsində babamdan qat-qat çox nənəmin haqqı var. Təkcə bizimmi? Yox! Yuxarıda da qeyd etdiyim kimi kəndimizdən Sumqa­yıta ilk gələn mə­nim nənəm və babam olub. Burda yurd salıblar, binə qurublar. Sonra kimlər gəlməyib ki, o kənddən bu şəhərə… say, say, bitməz. Amma nə yaxşı ki, gələnlər “gedib qayıtma­yanlar”dan olma­yıb. Üstündən uzun illər keçsə də vaxtilə kənddən Sumqa­yıta gələn, burda oxu­yub, işləyib, nənəmlə babamın evində yaşayan o insanlar bu gün nəvə-nəticə sahibi­dir­lər. Masallıda, Naxçıvanda, Bakı­da ya­şa­yanları var. Tez-tez zəng edir, im­kan düşdükcə gəlib nənəmə baş çəkirlər.
May ayının birində nənəmin 80 yaşı tamam olur. Bizim üçün təkcə nənə deyil, doğma yurddu, əziz yerdi, başına döndü­yümüz ocaqdı, pirdi nənəm. Bu nakam dünyanın dolanbac yollarında dizləri gücdən, gözləri nurdan düşmüş bir yolçu­du mənim nənəm. Ölümlə savaşa-savaşa, həsrəti, hicranı, ayrılığı dada-dada bu yaşa çatan, bir Allahın bəndəsini incit­məyən, qəlbinə dəyməyən nənəm. Dən düşmüş saçlarının hər telində min bir əzab, min bir zülüm görünən, bu dünya­nın haqlı-haqsız gərdişinə sinə gərən mənim nənəm. Aydan arımı? Arı! Sudan durumu? Dupduru! Günahsızmı? Mələk ki­mi! İşıq biçimindədi, parlaq, qonur gözlü, bəmbəyaz saçlı, mələk üzlü nənəm. Ətəyində namaz qılınası nənəm.
İşıqlar sönər-sönməz, ev sakinləri yatandan ta səhərin ilk şəfəqləri pəncə­rədən boylanana qədər yatmaz, üzü Tanrıya dua edər övladları üçün, nəvələri, nəticələri üçün. Bir sevgi var içində ululardan ulu, ucalardan uca. Pul desən – pulla alınmaz. Vara, qızıla satılmaz. Elə ucalıqdadır ki, əlin çatmaz, səsin yetməz. Hər kəs qana bilməz, duya bilməz. İnsan sevgisidir o. Tək öz yaxınlarına yox, bü­tün bəşəriyyətə sevgi. Çətin günləri­miz­də, sıxıntılı anlarımızda əgər qaranlıqlar içində bir iynə ucu qədər işıq, ümid varsa o ümidi əzizləyə-əzizləyə, nazını çəkə-çəkə böyüdüb hamımıza aşılaya bilir nənəm.
Hər şey dəyişdi, hamımız dəyişdik za­manla. Bir o olduğu kimi qaldı – xeyirxah, ürəyiyuxa, mehriban nənəm.

Sən ömrünü ayla, illə daramısan,
Səadəti kipriyinlə götürdüyün
od içində aramısan,
Sən hər kəsin hər işinə
yaramısan Xəndə nənə.
nağıl-nağıl illənmisən,
aylanmısan,
Noğul-noğul
nəvələrə paylanmısan,
Sığal-sığal gəlinlərin
tellərində laylanmısan,
Xəndə nənə.
Qırov-qırov saçlarında
layla yaşar, ağı yaşar.
Bir üzündə bulud-bulud
ötən günün,
Bir üzündə günlərinin ağı yaşar.
Damar-damar əllərində
qara yellər əsər keçər.
Sinə-sinə gələn ölüm
dik baxammaz gözlərinə,
Öz-özündən küsər keçər.
Bu dünyanın ümman-ümman
sularından içə-içə,
Bu dünyanın ümman-ümman
ağrısından keçə-keçə,
Bu dünyanın ümman-ümman
qəlblərinə köçə-köçə,
Qovuşacaqsan ümmanlara,
Xəndə nənə. (Rafiq Oday)

***

Mənim uşaqlığım Qarabağ mühari­bəsindən sonrakı illərə düşüb. O zaman vəziyyət çox çətin idi. Ailələrdəki ağır mad­di durum, bazar iqtisadiyyatının gə­tir­­diyi çətinliklər… İlin bütün fəsillərində, özəlliklə uzun qış gecələrində tez-tez işıqlar sönərdi. İşıqlar söndümü bizə bay­ram olardı. Bacım, qardaşım tez kəsdi­rər­dik nənəmin başının üstünü. Hələ təsa­düfən əmim uşaqları da bizdə olar­dısa sevincimiz birə-beş artardı. Nənə­m­dən nağıl istəyərdik (onu da qeyd edim ki, nənəmin bizə danışdığı nağılları mən heç bir kitabda oxumamışam, başqa heç bir yerdə eşitməmişəm), ardınca haxış­talar, laylalar, bayatılar istəyərdik. Ba­bamla evlənmələrindən başlamış biz nəvələr dünyaya gələnə qədər olanları soruşar­dıq. Nənəm bayatı deyəndə köv­rələrdi. Uşaq ağlımla o zamanlar anla­mazdım. Axı, bayatı adi şeir deyil. İnsanı kövrəldir, kədərləndirir, çətin analarını təkrar yaşa­mağa məcbur edir…

***

“Xəndə” sözü fars dilinin köhnəlmiş sözlər qrupuna daxildir və gülüş, təbəssüm deməkdir. Gülüşü gözəl nənəm, bizə sevinc bəxş edən nənəm, ad günün – 80 illik yubileyin mübarək olsun!

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”
qəzetinin bədii redaktoru