Bir bomba partladı
qulaqlarımın dibində,
Gözlərimin önündə,
beş addımlığımda –
Beş addımlığımdamı?!
Bağışlayın, əfəndilər, bir yanlışlıq oldu, –
gözlərimin bəbəyində,
ürəyimin başında…
Qəlpələri səpələndi bütün bədənimə,
yayıldı cismimə, ruhuma,
canıma, qanıma.
Düz 25 ildir gəzdirirəm köksümdə,
ruhumda, cismimdə
canımda, qanımda bu qəlpələri –
şüşə kimi!
Bir də bu şüşə qırıntılarının içindən
yetim-yetim boylanan –
Şuşa kimi!
Bəli, əfəndilər,
Düz 25 ildir heç kimin gücü çatmır
çıxarmağa bu qəlpələri
bədənimdən!
Çünki haqdan, ədalətdən dəm vuran,
Özgələrin bədbəxtliyi üzərində
dəm quran
BÖYÜK-BÖYÜK məmləkətlərin
BÖYÜK-BÖYÜK başçıları
görə bilmir o yananı
gödənindən.
Bu, şeir deyil, əfəndilər!
Bu, hər tərpəndikcə
bədənimi deşik-deşik edən
və bu deşiklərdən
fışqıran ağrıların
nota alınmamış simfoniyasıdı,
Şüşə adında, Şuşa adında!
Məni bağışlayın, əfəndilər,
deyəsən yenə də bir yanlışlıq oldu.
08.05.2017