Şahinə Könül Ağstafada doğulub.İbtidai və orta təhsilini Ağstafada alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri”, “Təzadlar”, “Azad Qələm”, Qədim Oğuz”, “İlham Çeşməsi”, “Elin sözü”, “Kaspi” qəzetllərində, “Ziyalı Ocağı”, “Azərbaycan”, “Ulduz”,”Məshəti” jurnallarında, “Ana” antologiyasında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Prezident təqaüdçüsüdür.
Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmuşdur.Çağdaş Azərbaycan ədəbiyyatında kifayət qədər tanınan şair Məmməd İsmayılın köməyi ilə şeirləri Qardaş Türkiyənin müxtəlif mətbu orqanlarında işıq üzü görüb.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı, “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin ( Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa) xüsusi müxbiri seçilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırıldı.
Gənc yazar Şahinə Könülün şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunur.
***
Eşqdir ürəyin dini,
Eşqə tut ürəyini.
Eşqdən at ürəyini,
Nəsimilik yayılsın.
Qəza-qədərə tuşdan,
Təzə kədərə tuşdan.
Gərəkdir Eşqə tuncdan
Nəsimilik qoyulsun.
Kafirdir Eşqə asi,
Küfrdür Eşqin yası.
Hər yanı yuxu basıb,
Nəsimilik ayılsın.
Gərək təzə gün yaxa,
Günəş qabıqdan çıxa.
Çəkin, çəkin çarmıxa,
Nəsimilik soyulsun!
***
Min yol gedir bir yerə,
Bir gedir minə doğru.
Hamının yönü birdir,
Hərə bir yönə doğru.
Baxdım içimdə çoxdum,
Çıxdım çölümə, yoxdum.
Dünəndən bəri baxdım,
Sabahkı günə doğru…
Axtar, gəz, gör hardayam,
Gizlində, aşkardayam.
Sən hardasan, ordayam,
Gəlmə sən mənə doğru.
***
Gəlsənə, sənə danışam,
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin,
Bir şıdırğı yaz nağılı.
Söyləyim, öyrən qədərin
Şahididir gör nələrin –
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.
Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı.
***
Astarlar üzə çıxdı,
Üzlər daşa dirəndi.
Yol gəlib dizə çıxdı,
Yol yoxuşa dirəndi.
Heç bilmədim ki, niyə
Ömrüm qaldı indiyə…
Daha bıçaq sümüyə,
Balta başa dirəndi.
Gözdən itdi son gəmi,
Qaldı dəryaca qəmi.
Gəldi ayrılıq dəmi,
Gözüm yaşa dirəndi.
***
Mən sizi öldürmürəm,
Yaşayın, qarışqalar.
Sizin də bu dünyada
Yaşamaq haqqınız var.
Sizin də istəyiniz,
Sizin də sevginiz var.
Yox, sizi öldürmərəm
Dünya sevgisiz qalar.
Bu dünyanın ən duru,
Ən təmiz sevgisi – siz.
Bəlkə də siz Allahın
Ən əziz sevgisisiz.
Bəlkə də sizi yerə
Qəsdən göndərib Allah…
Göndərib, biz bəndələr
Sevginizdən dərs alaq.
Bir qarışqa hayına
Qarışqa qoşun gəlir.
Baxıram bu sevgiyə,
Baxıram, xoşum gəlir.
İnsan olan insanın
Hayına çatmır, bacım.
Bəlkə əl tutmaq üçün
Qarışqaya əl açım?
Dünyanın sevgi yolu
Desələr hardan keçir?
O burda – Yer üzündə
Qarışqalardan keçir.
Yox, sizi öldürmərəm,
Yaşayın, qarışqalar!
Siz ölsəz Yer üzündə
Fikirdən qırış qalar.
***
Baxtına gün doğmadı,
Endi qüruba ömrüm.
Məndə mənsiz yaşadı,
Mənim qəribə ömrüm.
Könlünü daşa verdi,
Sevdi gömgöy otları.
Xatirələr yeriydi,
Ürəyinin çatları.
Gözü nələr görmədi,
Nələr çəkmədi başı…
Dost dediyi yağıydı,
Qənimiydi qardaşı.
Of… ömrüm, yazıq ömrüm,
Qədrini kimsə bilməz.
Bu elə ömürüydü,
Getdisə, bir də gəlməz…
***
Haqqa düz yol hardan olur?
Axtar, gəz, yol hardan olur.
Gündə yüz yol vardan olur,
Bu yoxluqdan var olanlar.
Döyüşdü – öz qəlbi boyda,
Döyüşməyir sel bu boyda.
Genişdi öz qəlbi boyda,
Öz əyninə dar olanlar.
Könül dindi: Könül, dedi,
Bütün yollar könüldədi.
Məcnunla bir könüldədi
Yaradanla yar olanlar.
***
Hardadı dünyanın düz adamları,
Düzlərin üstündə göz adamları?
Ocaq adamları, köz adamları
Yamanca seyrəlib, seyrəlib, Allah.
Qırılıb dünyanın yuxu damarı,
Yuxusuz qoymuşuq çox ağşamları.
Qaralıb dünyanın ağ-ağ şamları,
Odalar göynəyib, göynəyib, Allah.
Bu da bir ömürdü yaşıyır Könül,
Birtəhər yükünü daşıyır Könül.
Bir “Cəngi” çaldırın, üşüyür könül
Ürəyim köyrəlib, köyrəlib , Allah.
***
Allah, bu nə sitəmdi,
Məni özümə qaytar.
Qismətimdən qaçmışam,
Alın yazıma qaytar.
Sirrimi quşdan çıxart,
Ağacdan, daşdan çıxart.
Bu qarlı qışdan çıxart,
Güllü yazıma qaytar.
Məni bu məndən qopar,
RUHu bədəndən qopar.
Görsən lazımam, apar,
Görsən lazımam, qaytar.
***
Şirin, acı dostlarım,
Sağ olun, mən də getdim.
Ömrü-günü yığşırıb,
Dan söküləndə getdim.
Sizi çox sevdim, bilin,
Öldüm, sevinin-gülün.
Hərdən yığılın gəlin
Dalımca kəndə, getdim.
Ta sözdən məst olmuram,
Sözlə nəfəs almıram.
Ta sizə dost olmuram,
Allaha bəndə getdim.
***
Ömür ölüm yuxusu,
Keçib getdi çoxusu.
Ayılanlar oxusun
Hər səhər bu şerimi.
Özündən çıxan ruham,
Özünü yaxan aham.
Savabam, ya günaham?
Bilən yoxdu sirrimi.
Səndə, məndə, ondayam,
Ancaq bircə dondayam.
Əvvəldəyəm, sondayam?
Yanılmışam yerimi.
***
Tanrım, yerə sığmıram,
Göyünə qaldır məni!
Bu gen ömrə sığmıram,
Ömür daraldır məni.
Çaşıb gəldim dünyaya,
Mənim yerim deyilmiş.
Yazdığım bu şeir də,
Mənim şerim deyilmiş.
Tanrım, eşit səsimi,
Mən ki, sənin bəndənəm.
Yalanmış atam, anam,
Ruh Səninsə, Səndənəm!
Məni Özünə qaytar –
Özünə çatsın ruhum.
Bəsdi, bu boyda yatdım,
Məni oyatsın ruhum.
***
Dünyanın sonu gəldi,
Doyunca güldüm bu gün.
Tanrı sirr saxlayırdı,
Sirrini bildim bu gün.
Toz tutmuşdu izimi,
Kül örtmüşdü közümü.
Unutmuşdum özümü,
Yadıma gəldim bu gün.
Bir sehirli yuxuydum,
Bir deyildim, çoxuydum.
Bu fənada yoxuydum,
Var oldum, öldüm bu gün.
***
Ruhum dara çəkilir,
Bu dardan qurtar məni.
Gəl apar uzaqlara,
Gəl, burdan qurtar məni.
Buralar qan qoxuyur,
Qanlı qəfəs toxuyur.
Bir anadil oxuyur:
Ağar dan, qurtar məni.
Dolmuşam, yağım gedim,
Abrımı yığım gedim.
Gəlmişəm, çıxım gedim
Yaradan, qurtar məni!
***
Bahar çiçək ömrüdü,
Gömgöy dilək ömrüdü.
Bahara çək ömrünü,
Qışına bel bağlama.
Aydı, gündü, saatdı,
Ömürlə zarafatdı.
Bu dünya amanatdı,
Daşına bel bağlama.
Varıb görmüşən sonu,
Görüb, bilmişəm bunu:
Tanısan da dostunu,
Aşına bel bağlama.
***
Dünyaya dünən gəldi,
Bu gün köç etdi ömrüm.
Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm.
Ruhuydu, uçdu getdi.
Safıydı, suçlu getdi.
Əlimdən qaçdı getdi,
Gözümdən itdi ömrüm.
Oxşamadım bircə gün,
Hər günü qəmə sürgün.
Məndə məndən didərgin
Yaşadı, bitdi ömrüm.
***
Hara gedim, mən bəndən
Bu yer üzündən, Allah?
Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!
Sonuncu ümidimin,
Sonuncu şamı söndü.
Yaşamaqdan, yazmaqdan
Könlümün üzü döndü.
Of… Necə də zalımmış,
Zalımmış bu adamlar.
Bu adamlar içində,
Ürəyimə qan damar.
Hardan gəldim dünyaya,
Gəldiyim günə lənət!
Bu dünyanı dərk edib,
Bildiyim günə lənət!
Bu adamlar qoymadı,
Ömrümü yaşayım mən.
Ömür də bəhanədir,
Özümü yaşayım mən.
Bu adamlar içində,
Adam ola bilmədim.
İntihar edə bildim,
Edam ola bilmədim.
***
Dünya yaman soyuqdu,
İstilər, ay istilər.
Başım üstən küləklər,
Əsdilər, ay, əsdilər.
Yordu məni o ki, var,
Boş-bekara qayğılar.
Təmiz hisslər, duyğular
Küsdülər, ay, küsdülər.
Ha dedim, ürək, qorun,
Çiçəksən, çiçək, qorun.
İndi də korun-korun
Tüstülə, ay, tüstülə
***
Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?
Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?
Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!
İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim…