Tanrım, yerə sığmıram

Tanrım, yerə sığmıram,
Göyünə qaldır məni!
Bu gen ömrə sığmıram,
Ömür daraldır məni.

Çaşıb gəldim dünyaya,
Mənim yerim deyilmiş.
Yazdığım bu şeir də,
Mənim şerim deyilmiş.

Tanrım, eşit səsimi,
Mən ki, sənin bəndənəm.
Yalanmış atam, anam,
Ruh Səninsə, Səndənəm!

Məni Özünə qaytar –
Özünə çatsın ruhum.
Bəsdi, bu boyda yatdım,
Məni oyatsın ruhum.

Bu gün

Dünyanın sonu gəldi,
Doyunca güldüm bu gün.
Tanrı sirr saxlayırdı,
Sirrimi bildim bu gün.

Toz tutmuşdu izimi,
Kül örtmüşdü közümü.
Unutmuşdum özümü,
Yadıma gəldim bu gün.

Bir sehirli yuxuydum,
Bir deyildim, çoxuydum.
Bu fənada yoxuydum,
Var oldum, öldüm bu gün.

Məni

Ruhum dara çəkilir,
Bu dardan qurtar məni.
Gəl apar uzaqlara,
Gəl, burdan qurtar məni.

Buralar qan qoxuyur,
Qanlı qəfəs toxuyur.
Bir anadil oxuyur:
Ağar dan, qurtar məni.

Dolmuşam, yağım gedim,
Abrımı yığım gedim.
Gəlmişəm, çıxım gedim
Yaradan, qurtar məni!
Bel bağlama

Bahar çiçək ömrüdü,
Gömgöy dilək ömrüdü.
Bahara çək ömrünü,
Qışına bel bağlama.

Aydı, gündü, saatdı,
Ömürlə zarafatdı.
Bu dünya amanatdı,
Daşına bel bağlama.

Varıb görmüşən sonu,
Görüb, bilmişəm bunu:
Tanısan da dostunu,
Aşına bel bağlama.

Ömrüm

Dünyaya dünən gəldi,
Bu gün köç etdi ömrüm.
Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm.

Ruhuydu, uçdu getdi.
Safıydı, suçlu getdi.
Əlimdən qaçdı getdi,
Gözümdən itdi ömrüm.

Oxşamadım bircə gün,
Hər günü qəmə sürgün.
Məndə məndən didərgin
Yaşadı, bitdi ömrüm.

Mən

Ya Rəbb, sirrimi söylə,
Özümü tanıyım mən.
Bircə şerimi söylə,
Sözümü tanıyım mən.

Görüm hardan gəlirəm,
Hansı dardan gəlirəm.
Yoxdan, vardan gəlirəm?
İzimi tanıyım mən.

Görmürsənmi günümü,
Göy əskiyə düyülüb.
Ya Rəbb, göstər yönümü,
Üzümü tanıyım mən.

Allah

Hara gedim, mən bəndən
Bu yer üzündən, Allah?
Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!

Sonuncu ümidimin,
Sonuncu şamı söndü.
Yaşamaqdan, yazmaqdan
Könlümün üzü döndü.

Of… Necə də zalımmış,
Zalımmış bu adamlar.
Bu adamlar içində,
Ürəyimə qan damar.

Hardan gəldim dünyaya,
Gəldiyim günə lənət!
Bu dünyanı dərk edib,
Bildiyim günə lənət!

Bu adamlar qoymadı,
Ömrümü yaşayım mən.
Ömür də bəhanədir,
Özümü yaşayım mən.

Bu adamlar içində,
Adam ola bilmədim.
İntihar edə bildim,
Edam ola bilmədim.