DÜNYA YAMAN SOYUQDU

Dünya yaman soyuqdu,
İstilər, ay istilər.
Başım üstən küləklər,
Əsdilər, ay, əsdilər.

Yordu məni o ki, var,
Boş-bekara qayğılar.
Təmiz hisslər, duyğular
Küsdülər, ay, küsdülər.

Ha dedim, ürək, qorun,
Çiçəksən, çiçək, qorun.
İndi də korun-korun
Tüstülə, ay, tüstülə

***
Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?

Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?

Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!

İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.