Öldürər
(Qoşma)
Çalış bədnəzərdən gen dolanasan,
Bir bəd baxış, göz adamı öldürər.
Yalandır yanında xəncər yarası,
Bircə kəlmə söz adamı öldürər.
Nadan insan üçün özünü yorma,
Vəfasız birindən etibar sorma.
Hər “can” deyən kəslə oturub-durma,
Əyri olan “düz”, adamı öldürər.
Çətin anda söylə sözünü doğru
Hər bir işdən çıxart özünü doğru,
Həyatda çalış tut izini doğru,
Əyri cığır, iz adamı öldürər.
Ariflər yanında göstər etibar,
Sərvətindir təmiz adın,düz ilqar.
İlkin,xain dostla bir vəfasız yar
Sənin kimi düz adamı öldürər.
VƏTƏNİM DAR AYAQDADIR
Vətənim dar ayaqdadır..
Qan ağlayır neçə ildir yurdum, elim,
Parçalanıb neçə yerdən dilim-dilim!
Gərəkdir ki biz oğullar meydanlarda,
Bir-birinə tən yarışaq!
Torpaqları qaytarmaqçün gərəkirsə
Qanımızın, canımızın bahasına,
Düşmənlərlə biz vuruşaq!
Vətənim dar ayaqdadır…
Sızıldayır bu canımda yaralarım baxın, necə!
Qulağımda Xocalıda körpələrin nalə səsi!
Elə səbəb də bax budur,
Yuxu getmir gözlərimə heç bir gecə!
Ermənilər əzab verir millətimin
O Qarabağ damarına!
Od vururlar Natəvanın məzarına!
Vətənim dar ayaqdadır…
Niyə mənim damarımda qanım donmur?!
Nə deyim mən özümdəki cəsarətə,
Tüpürürəm bu qeyrətə!
Bu torpaqda görün neçə qeyrətli qız, nəfər olub!
Tomris olub, Həcər olub!
Əgər həmin o qeyrətdən bircə damcı məndə olsa,
Eyləyərəm mən partlayış!
Qaytararam torpağımın hər daşını qarış-qarış!
Vətənim dar ayaqdadır…
Bu sözü gör necə rahat söyləməyə varır dilim!
Gərəkdir ki əzab çəkim,
Mən doğranım dilim-dilim!
Qulağıma gəlir hələ güllə səsi!
20 Yanvar gecəsində,
O Xocalı gecəsində anaların ah-naləsi!
Vətənim dar ayaqdadır…
Sızlasa da düşünəndə yaralarım dərin-dərin!
Haqq-ədalət tutar bir gün əlbət yerin!
Bu torpaqda Mübariz var, Fərid vardır,
Canın verən bu torpağa,
Neçə-neçə şəhid vardır!
Onlar olub, və olacaq.
Qurban olum vətənimin dalğalanan
O üçrəngli bayrağına!
Gün gələr qan uddurarıq biz erməni alçağına!
İki yol var qarşımızda,
Ya biz ölək!
Ya da Alıb Qarabağı,
ZƏFƏR MARŞI ÇALAQ GƏRƏK!!!
ZƏFƏR MARŞI ÇALAQ GƏRƏK!!!