Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Qızıl Qələm” Media Mükafatı laureatı,
“Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,
Aç gözünü
Tək- tənha oturmusan xəbərin yox olanlardan,
İstəsən zövq alarsan bu günlərdən, bu anlardan.
Yox- yox, avamlıq edib olma dərdə qalanlardan,
Ayılıb millət balam, tanıyır özü-özünü,
Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!
Qaynayır bir qazanda neçə qoçun başı indi,
Fərqi yox bilinməyir sevənlərin yaşı indi,
Haqq itib, yaxşı edib haqqı udub naşı indi,
Ayılıb millət balam, tanıyır özü-özünü,
Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!
Axıb ulduzların seli, yerimiz cənnət olub,
Şou-biznes yaranıb öndə gedən sənət olub,
Tikilib şadlıq evləri, işimiz rahat olub,
Ayılıb millət balam, tanıyır özü-özünü,
Kişi, vallah dəlisən, aç bu dünaya gözünü!
Əcnəbi seriallar dərdlərə dərman kimidi,
Avropa məhəbbəti eşqlərə fərman kimidi,
Sağ-solun başqa tipdə, yeni müsəlman kimidi,
Ayılıb millət balam, tanıyır özü-özünü,
Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!
Sözümü kim eşidib, kim qanacaq, nə işinə,?
Qurunun oduna yaş da yanacaq, nə işinə?
Bu çərxi-fələk ha tərəfə fırlanacaq, nə işinə?
Ayılıb millət balam, tanıyır özü-özünü,
Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!
QƏRƏNFİL
Dağ dözməzdi bu dərdə,
Dözdü qərənfil, qərənfil.
Dərdləriylə qol götürüb,
Süzdü qərənfil, qərənfil.
Məzarların tacı oldu,
Ana oldu, bacı oldu.
Bu dünyaya carçı oldu,
Sözdü qərənfil, qərənfil.
Tarixin qan yaddaşıdır,
Şəhidin məzar daşıdır.
Ləçəyində od daşıdı,
Közdü qərənfil, qərənfil.
Çiçəkdi, haqqın səsidi,
Ürəkdi, duydum səsini.
Azadlığın nəğməsini,
Yazdı qərənfil, qərənfil.