rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

MUĞAM

“Mənim dünyam” – silsiləsindən

Muğam- türkün haqq səsi,
Təmiz ruhu, nəfəsi.
Oğuz, Qorqud töhfəsi,
Qaval, kaman, həm tarım,
Milli sərvətim, varım.

Muğam-ana laylası,
“Muğam-ruhun qidası”.
Muğam-qəlbin sədası,
Segah, şüştər, qatarım,
Milli sərvətim, varım.

Muğam-xalqın güzgüsü,
Sevinci, üzüntüsü.
Ocağımın tüstüsü,
Muğam-bülbülüm, xarım,
Milli sərvətim, varım.

Muğam- xalqın varlığı,
Özünə oxşarlığı.
Çiçəkli cənnət bağı,
Sevincim, intizarım,
Milli sərvətim, varım.

V A R

“Qəzəllərim” – silsiləsindən

Edirəm Rəbbə dua ki, sənintək bir yarım var,
Əhdi – peymana sadiq, vəfalı nigarım var.

Olsa da eşq yolunun min acısı, min cəfası,
Sonunda gülüb bəxtim, vüsaltək nübarım var.

Hər bəşər meyl eyləyər, sərvətə, cah- cəlala,
Sevmirəm dünya malın, çün eşq adlı varım var.

Keçsə də ömrüm- günüm, hey tufanda, qasırğada,
Zirvəsi sis, dumanlı, dağ kimi vüqarım var.

Düşmüşəm gur selinə, sirli şeiriyyətin,
Təcnisim, müxəmməsim,qəzəl adlı barım var.

Yaradan qismət edib, dürüst söz sərrafıyam,
Şairə Dövranam mən, sehirli əfkarım var.