Gülüstan Füzuli qızı Kərimova Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin IX a sinfində təhsil alır. Ən böyük arzusu Baki Ali Neft Məktəbinə daxil olmaq, mühəndis ixtisasına yiyələnməkdir. Dəqiq elmlərə daha diqqətlə yanaşan Gülüstan Kərimova fizika fənninə xüsusi diqqət ayırır. Məktəbdə nizam-intizamı, səmimi münasibəti, bütün fənnlərə marağı və hazırlığı ilə fərqlənən Gülüstan Kərimova çalışır ki, sinif rəhbəri Yeganə Süleymanovanın, ona dərs deyən müəllimlərin verdiyi tapşırıqlara daha diqqətlə, yaradıcılıqla yanaşsın.
Məktəbin fizika müəllimi Leyla Bayramova fizika dərsində Gülüstanın xüsusi yaradıcılıq qabiliyyətindən böyük məmnunluq hissi ilə danışdı: “Çalışıram ki, şagirdlərim yalnız dərslərini öyrənməklə kifayətlənməsinlər, eyni zamanda fənn kurikulumlarının bizi istiqamətləndirdiyi kimi yaradıcılıq hissi ilə çalışsınlar. Çünki, şagird aldığı biliyi və eşitdiyi məlumati özününküləşdirməyi, qavramağı, şifahi və yazılı şəkildə ifadə etməyi bacarmalı, tədris prosesində qazandığı bilik və bacarıqları öz həyat tərzinə, həyati ehtiyaclarına yönəltməlidir. Hər bölmənin sonunda fizikadan keçdiyimiz dərslərə əsasən butun sinfə təqdimat hazırlamağı tapşırıram. Bu günlərdə növbəti təqdimatın nəticələri məni ürəkdən sevindirdi. Sinfin böyük əksəriyyəti verilən tapşırığı müvəfəqiyyətlə yerinə yetirmişdi. Gülüstanın hazırladığı təqdimat yaradıcılıq baxımından ən yaxşı təqdimat elan olundu. Təqdimat fizikadan Qravitasiya sahəsi, Elektrik sahəsi və Maqnit sahəsi haqqında məlumat, onların müqayisəsi və təhlili idi. Gülüstan həmin sahələrin təsirini, onların mənbəyini, bu sahələrin hər birinin yer kürəsinin hərəkətinə, inkişafına təsir edən sahə olduğunu özünəməxsus yaradıcılıqla izah etdi. Ümumiyyətlə, Gülüstanın dərslərin izahında, müxtəlif sualların cavabında öz müstəqil, yaradıcı fikirlərinin olması bir müəəllim kimi məni çox sevindirir.
“Elm mənim üçün qeyri-adi bir dünyadır. Qarşıda enişli-yoxuşlu bir yolun olduğunu, həmin yolla addımlamağın çətinliyini, məsuliyətini hiss edirəm. Amma bu çətinlik məni qorxutmur, əksinə daha maraqlı tədqiqatlara, kəşflərə səsləyir. Bu yolda zəhmətimi çəkən valideynlərimə – anam Sürəyya xanıma, atam Füzuli Kərimova, eyni zamanda bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Onların etimadını doğrultmaq mənim üçün hər zaman böyük məsuliyyət olub və həmişə də belə olacaq.”
Onu da qeyd etmək istəyirəm ki, Gülüstanın tərbiyə aldığı ailədə elmə, təhsilə, mütaliəyə, milli dəyərlərimizə böyük diqqət və sevgi var. Gülüstan Kərimovanın bacisi Xuraman Cəfərova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, Bakı şəhər Binəqədi rayonundakı 13 nömrəli Laçın kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Qardaşı Elməddin Kərimli Azərbaycan Dövlət Sənaye Universitetinin neft və qaz mühəndisliyi fakültəsinin 4-cü kursunda təhsil alır.
Respublika prezidenti İlham Əliyevin dediyi kimi təhsildə ilk növbədə tərbiyəni daha da inkişaf etdirmək, cəmiyyət üçün savadından asılı olmayaraq gərəkli vətəndaşlar yetişdirmək, şagirdlərə şəxsiyyət kimi yanaşmaq, onlarda bacarıqları, fərdi xüsusiyyətləri aşkar edərək inkişaf etdirmək təhsilimizə, dövlətimizə verilən ən yaxşı töhfələrdəndir. Bu yolda çətin və şərəfli peşə sahiblərinə, bütün təhsil işçilərinə, Gülüstan Kərimova ilə bərabər bütün Azərbaycan övladlarına uğurlar arzulayıram.

Nisə QƏDİROVA
Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Qızıl Qələm” Media Mükafatı laureatı,
“Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,