AZƏRBAYCAN
Mən könlümü təzəcə eşqə düşənlər kimi
Pıçıldamaq istərəm – eşidilməsin səsim.
Sevgi etirafımı, bu vurulan qəlbimi
Elə açmaq istərəm bir kimsə eşitməsin.
Eşqimi ovuc-ovuc torpağına, daşına
Səpərəm, qız başına şabaş səpənlər kimi.
Səni öpmək istərəm – düz on səkkiz yaşına
Təzəcə qədəm qoyan qızı öpənlər kimi.
Uğrunda həyatımı qurban vermək istərəm,
Eşqin təntənəsiyçün can qurban edən kimi.
Səni bütün dünyaya mən göstərmək istərəm
Sevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.
GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN
Gecələr ay olmaq istəyirəm mən,
Pərdəli-pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa.
Mən neçə süfrəyə, neçə çırağa
Baxmaq istəyirəm hamıdan pünhan
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən…
Şirin laylaları ana dilindən,
Ana dodağından eşidim deyə.
Mən ağlı-qaralı neçə taleye
Baxmaq istəyirəm ağarınca dan
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən…
Bir günlük işindən qayıdıb gələn
Qabarlı əlləri öpmək eşqinə.
Yorğun röyaların şirinliyinə
Keşik çəkmək üçün sakit, mehriban
Səma tağlarının ucalığından.
Gecələr ay olmaq istəyirəm mən…
Sevən ürəklərin məhəbbətindən
Səma ucalıqda pay almaq üçün,
Ən yüksək qübbəyə ucalmaq üçün…
Ordan nur səpərəm mən incə-incə
Bu ana torpağa dan sökülüncə.
Nahaq yaranmayıb bu arzu məndə.
Bəzən gecələrin sakitliyində
İnsan öz qəlbiylə edir həsb-hal,
Keçir ürəyindən min arzu, xəyal.
Bununçün ayrılıb öz xislətimdən
Gecələr ay olmaq istəyirəm mən.