rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

DEYİLMİ

Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi?
B.Vahabzadə

Ömür həyat adlı-sonsuz ümmanda,
Sükanı olmayan gəmi deyilmi?
Təlatüm, fırtına gəldiyi anda,
Dəryalar fələyin camı deyilmi?

Zamandır insanı ələyən ələk,
Fəhm edək hikmətin, dərk edək gərək.
Ümidlər, istəklər, azrzular, dilək,
Həyatın ləzzəti, tamı deyilmi?

İnsanın həm gülər, həm ağlar bəxti,
Sevgidir, ülfətdir könlünün taxtı.
İstəklə murada yetdiyi vaxtı,
Həyatdan aldığı kamı deyilmi?

Coşuruq, daşırıq bəzən heç nədən,
Az qalır qəlbimiz çıxsın sinədən.
Dünyanı özünə zindan, dar edən,
Zamanın naşısı, xamı deyilmi?

Gənclikdir ömürün baharı, yazı,
Dünyaya ün salar sözü, avazı.
Yaşamın hər fəsli alında yazı,
Payızı kövrəklik dəmi deyilmi?

Heç yatmaz qəlblərin havarı, hayı,
Tükənməz diləyin, istəyin sayı.
Dövranın qismətdən verilən payı,
Ömrünün, günün şamı deyilmi?

VƏFASIZ YARIM

“Könül dəftərim” – silsiləsindən

Arxanca hey baxa- baxa keçmişəm,
Həsrəti ,hicranı yuva seçmişəm.
Kədərdən özümə köynək biçmişəm,
Vəfasız dünyada, vəfasız yarım.

Dərdlərim başımda qalaq- qalaqdır,
Gözümdən yaş axır, qanlı çanaqdır.
Talehim ömrümə, sanki yamaqdır,
Vəfasız dünyada, vəfasız yarım.

Keçilməz sədləri aşıb gəldim mən,
Dostu- düşmənləri, seçib gəldim mən.
Əynimə ağ kəfən, biçib gəldim mən,
Vəfasız dünyada, vəfasız yarım.

Bu zalim dünyada tənhayam, yadam,
Divarda toz basmış sahibsiz udam,
Leysana köklənmiş, dolu buludam,
Vəfasız dünyada, vəfasız yarım.

Yoxdur gələcəyə heç ümid, güman,
Kəsib yollarımı, görünməz duman.
Dövran, acımadı sənə bu zaman,
Vəfasız dünyada, vəfasız yarım.

27.01.2017.