rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Əymə başını sən kədərə, yar, elə qovdum,
Gəlməz bu könül gülşəninə sar, elə qovdum.

Hicran bizi ağlatmaq üçün gəldi də, amma,
Oldu özü aləmlər içrə xar, elə qovdum.

Çox söylədim, aşiqləri üzmə – bu günahdır,
Əl çək bu əməldən, bir utan, ar elə – qovdum.

Yaydı bütün ərşə xəbəri göydə mələklər,
Yəqin ki, sənin də xəbərin var, elə qovdum.

Düşməz ki, ələ bir belə imkan daha, yavrum,
Sən də sağına, həm soluna car elə – qovdum.

Gəldin, Odayın dünyasına nur ələdin sən,
Olmaz ta ona cümlə-cahan dar, elə qovdum.