Qayıt, uşaqlığım, qayıt bir anlıq…
İtən günlərimi tapmaq istərəm.
Minib axşamüstü qarğı atımı,
Yollardan-yollara çapmaq istərəm…
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Yeriyib, yıxılıb, qaçmaq istərəm.
Səhərlər çiynimdə məktəb çantası,
Sinif otağını açmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Mən səni bağrıma basmaq istərəm.
Nənəmin saxlancı ala çatıyla,
Ağacdan yelləncək asmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Sən niyə tez keçdin? Bilmək istərəm…
Həyat şirin imiş, mən bu dünyaya,
Yenidən doğulub gəlmək istərəm…
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.