rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

1918-1920)
/AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 100/

N A X Ç I V A N – 2018

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 100
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Heydər Əliyev
Ümummilli lider
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyini elan etdi. Zaman etibarilə bu tarixi hadisədən 100 il keçməsinə baxmayaraq onun təkcə xalqımız və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir. Bu gün Azərbaycan Xalq Cümhuriyyəti irsinə təkrarən müraciət olunur və bir sıra suallara cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir:
Cümhuriyyətin yaradılmasına aparan yol necə olub? Cümhuriyyət necə elan edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət dərsləri almalıyıq?…
Heç kəsə sirr deyil ki, sovet dövründə Azərbaycan tarixinin yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılanda və danışılanda isə kobudcasına təhrif edilən səhifələrdən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi.
Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza – repressiya maşını da bu məşəli söndürə bilmədi.
“Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.
Bütün bu dediklərimizə aydınlıq gətirmək üçün dəyərli oxucularımızla birlikdə 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinin səhifələrini bir daha vərəqləmək yerinə düşər.
Beləliklə, Birinci Dünya Müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya İmperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.
Ölkənin Qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub torpaqlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsi ilə Qərbin yeni – demokratik dövlət quruculuğu ənənələri ilə, parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.
Azərbaycan ziyalılarının bir qismi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla, peşəkar hüquqşünaslar Rusiyanın Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Həmin dövrdə Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov I Dövlət Dumasına deputat seçilmişdilər. II Dövlət Dumasının üzvləri – Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov olmuşdur. III Dumaya Bakıdan nümayəndə verilməsinə imkan verilməmiş, IV Dövlət Dumasına isə bütün Cənubi Qafqaz müsəlmanları adından yeganə nümayəndə isə Məmməd Yusif Cəfərov olmuşdur.
Rusiya Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər. Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi yaranması tarixi zərurətdən və reallıqdan doğurdu. Həmin tarixi dövrdə çarizmin devrilməsi və ondan sonrakı proseslər buna doğru aparırdı.
1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci ilin fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya parlamentini yaratdılar.
Zaqafqaziya Seymində müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın türk-müsəlman seçicilərinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu Zaqafqaziya Müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il may ayının 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan parlamenti elan etdi. Bununla əslində, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axunov, Məhəmməd Məhərrəmov, Cavad Məlik Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni qəbul etdilər. “İstiqlal Bəyannaməsi” bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının “İstiqlal Bəyannamə”sində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycanda tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası həmin iclasda, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi:
Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov – Hərbi nazir
Məmməd Həsən Hacınski – Xarici işlər naziri
Nəsib bəy Usubbəyov – Maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov – Ədliyyə naziri
Məmməd Yusif Cəfərov – Ticarət və sənaye naziri
Əkbər ağa Şeyxülislamov – Əkinçilik və əmək naziri
Xudadat bəy Məlik-Aslanov – Yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski – Dövlət nəzarətçisi.
Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda AXC-nin ərazisi aşağıdakı kimi göstərilirdi:
“Bakı quberniyası – Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası – Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası – Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi; Tiflis quberniyası – Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi; Zaqatala mahalı; Dağıstan vilayəti – Kürə və Samur nahiyyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq-Tabasaran qəzasının bir hissəsi. Eyni zamanda AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kvadrat kilometr idi. Bunun 97,3 min kvadrat kilometri mübahisəsiz, 16,6 min kvadrat kilometri isə mübahisəli idi.
Bu dövrdə Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi.
Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Milli Şura və hökumət 28 may 1918-ci il tarixdən 16 iyul 1918-ci il tarixinə kimi Tiflisdə fəaliyyət göstərir.
1918-ci il 16 iyuldan 15 sentyabr 1918-ci ilə kimi Gəncə şəhərində fəaliyyətini davam etdirir. Ağır və gərgin şəraitdə nazirliklər quruldu. İcraedici hakimiyyəti də yaradılan hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinetlərə Nəsib bəy Usubbəyli başçılıq etdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.
Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-c il noyabrın 19-da qəbul edildi.
Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri qəbul olunmalı idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü:
Türk-müsəlman əhali – 80; ermənilər – 21; ruslar – 10; almanlar – 1; yəhudilər – 1; gürcülər – 1; polyaklar – 1; Bakı Həmkarlar İttifaqı – 3; Bakı Neft Sənayeçiləri Şurası və Ticarət Sənaye İttifaqı – 2.
Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və digərləri partlamentin işində iştirak etmədilər.
Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi. Parlamentin müzakirəsində 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.
23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna baxmayaraq aşağıdakıları edə bildi:
1918-ci il…
– Mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
– Azərbaycan Xalq Cümhuriyyəti coğrafi məfhum olan “Azərbaycan” sözünü siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif adlar altında təsbit olunan bu ərazi Azərbaycan, dövlət isə Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı.
– İyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsi imzalandı.
– İyulun 21-də Azərbaycan hökuməti Azərbaycanın ilk dövlət rəmzlərini təsdiq edərək qəbul etdi. Qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq qəbul edildi.
– İyunun 24-də Milli hökumət Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi haqqında qərar qəbul etdi.
– İyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Milli Ordusu yaradıldı.
– İyunun 27-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan olundu.
– İyunun 27-dən iyulun 1-dək Qaraməryəm yaxınlığında Qafqaz İslam Ordusu Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvələrini darmadağın etdi.
– İyulun 15-də Azərbaycan hökumətinin qərarı ilə erməni-daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları təhqiq etmək və tarixi həqiqətləri dünyaya çatdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.
– İyulun 20-də Qafqaz İslam Ordusu Şamaxını Bakı Soveti qüvvələrindən azad etdi.
– İyulun 30-da Milli hökumətin qərarı ilə Yelizavetpol şəhəri Gəncə, Qaryagin isə Cəbrayıl adlandırıldı.
– İyulun 31-də Stepan Şaumyan başda olmaqla Bakı Soveti qüvvələri istefa verdi.
– Sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakı şəhərini Sentrokaspi qüvvələrindən azad etdi.
– Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət Bakı şəhərinə daxil oldu. Bakı Azərbaycanın paytaxtına çevrildi.
– Oktyabrın 21-də Azərbaycan Xəzinə Palatası təşkil edildi.
– Noyabrın 1-də Hərbi Nazirlik yaradıldı.
– Noyabr ayında Azərbaycan Məhkəmə Palatası təşkil edildi.
– Noyabrın 17-də general Tomson başda olmaqla ingilis qüvvələri Bakıya daxil oldu. Bakıda ingilis general qubernatorluğu yaradıldı.
– Dekabrın 7-də Azərbaycan Parlamenti təsis edildi.
– Azərbaycan Parlamentində türk-müsəlman əhalisinə 80, ermənilərə 21, ruslara 10, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer ayrılmışdı. Parlamentin demokratik tərkibi, hətta bugünkü Avropa Şurasına da nümunə ola bilər.
– Azərbaycan parlamentinin 17 ay ərzində 155 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-u qəbul olunmuşdur.
– Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi, 11 komissiya var idi.
– Azərbaycanda hakimiyyət bölgüsü aparıldı:
1. Qanunverici. 2. İcraedici. 3. Məhkəmə hakimiyyəti.
– Dekabrda Azərbaycan parlamenti Bakı şəhərinin azad edilməsi zamanı şəhid olmuş türk və Azərbaycan əsgərlərinin şərəfinə Bakının ən hündür yerində abidə ucaldılması haqqında qərar qəbul etdi.
– Dekabrda milli valyuta olan Bakı bonu tədavülə buraxıldı.
– Dekabrın 28-də parlamentdə Ə.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edildi.
– Dekabrın 28-də general Tomson Fətəli xan Xoyskinin başçılıq etdiyi hökuməti tanıdığını bəyan etdi.
1919-cu il…
– Yanvar ayında Qarabağda erməni seperatçılarının qanunsuz hərəkətlərinə son qoymaq üçün Qarabağ general-qubernatorluğu yaradıldı. Fevralda Xosrov bəy Sultanov qubernator təyin olundu.
– Fevral ayında ermənilər tərəfindən Naxçıvana edilən hücumların qarşısını almaq üçün Naxçıvan general-qubernatorluğu yaradıldı.
– Martın 3-də Azərbaycan Teleqraf Agentliyi yaradıldı.
– Martın 21-də Əlifba İslahat komissiyası yaradıldı. Məqsəd latın əlifbasına keçməkdən ibarət idi.
– Mart ayında Novruz bayramı dövlət səviyyəsində qeyd olundu.
– 1919 və 1920-ci illərdə 31 Mart dövlət səviyyəsində Milli Matəm Günü kimi qeyd olundu.
– Mart ayında “Əksinqilabla Mübarizə Təşkilatı” adı altında Milli Təhlükəsizlik Xidməti yaradıldı.
– İyunun 11-də Dövlət Müdafiə Komitəsi yaradıldı.
– İyunun 15-də Denikin təhlükəsinə qarşı Gürcüstanla hərbi pakt imzalandı.
– İyunun 28-də Böyük Britaniya hökuməti ingilis ordusunun Qafqazdan çıxarılacağı haqqında Paris Sülh Konfransına rəsmi məlumat verdi.
– İyulun 21-də parlament Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə seçkilərdə qadın və kişi bərabərliyi təsbit olundu.
– Avqustun 11-də parlament Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul etdi. Yəni, rəngindən, irqindən, cinsindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri qanun qarşısında bərabər elan edildi.
– Avqustun 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması barədə polkovnik V.Haskelin bəyanatı elan edildi və amerikalı polkovnik Edmund Delli bu zonaya qubernator təyin olundu. Lakin Azərbaycan hökumətinin ciddi müqaviməti və Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində amerikalılar öz niyyətlərini reallaşdıra bilmədilər.
– Avqustun 20-dən sentyabrın 2-nə kimi Azərbaycan müəllimlərinin I qurultayı keçirildi.
– Avqustun 22-də Dağlıq Qarabağ erməniləri Azərbaycan hökuməti qarşısında 26 bənddən ibarət öhdəlik götürdülər.
– Avqustun 23-də qaçqın və köçkünlərlə bağlı komissiya yaradıldı. Hökumət qaçqın düşən əhali ilə bağlı parlament və hökumət səviyyəsində 10 qərar və qanun qəbul etdi.
– Avqustun 25-də ingilis qüvvələri Bakını tərk etdilər.
– Avqust ayında Xəzər Hərbi Dəniz Donanması yaradıldı.
– Avqust ayında Lənkəranda qiyamçı qüvvələr darmadağın edilərək bölgədə AXC-nin hökuməti bərpa olundu.
– Sentyabrın 1-də Azərbaycan parlamenti 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi haqqında qanun qəbul etdi.
– Sentyabrın 1-də Azərbaycan parlamenti “Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında” Qanun qəbul etdi.
– Noyabrın 1-də BDU-da dərslər başlandı.
– Yayda Azərbaycan hökuməti özünün maliyyə çətinliklərinə baxmayaraq Dağıstan Dağlar Respublikasına 50 milyon manat həcmində yardım göstərdi.
– Sentyabrın 3-də Lənkəran bölgəsindəki rus hərbi qüvvələri tərksilah edildi.
– Sentyabrın 30-da Dövlət Bankı təşkil olundu.
– Oktyabrda mətbuatda senzura ləğv olundu.
– Noyabrın 23-də Tiflisdə Azərbaycan-Ermənistan sazişi imzalandı.
– Dekabrda “İstiqlal muzeyi” açıldı.
– Bakı neftini dünya bazarına çıxarmaq üçün Bakı-Batum neft kəməri bərpa edilərək istifadəyə verildi.
– İstehkamçılar Məktəbi, Hərbi Dəmiryolçular Məktəbi, Hərbi Feldşer Məktəbi və Hərbiyyə Məktəbi açıldı.
– Milli hökumət Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait ayırdı. Amma məqbərəni tikmək üçün vaxt çatmadı.
1920-ci il…
– Yanvarın 11-də Versalda Azərbaycan Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanındı.
– Yanvarın 14-də Azərbaycanın Paris Sülh Konfransının Ali Şurası tərəfindən tanınması şərəfinə Təzəpir məscidində dualar oxundu. Parlamentin təntənəli iclası keçirildi. Hürriyyət meydanında Milli Ordunun rəsmi keçidi oldu.
– İlin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun sayı 40 minə çatırdı. Bunun 30 mini piyada, 10 mini isə süvari idi.
– Martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti İran tərəfindən de-fakto və de-yure tanındı.
– Martın 20-də İranla bağlanmış müqaviləyə əsasən Tehranda səfirlik, Təbrizdə Baş konsulluq, Rəstdə konsulluq, Ərdəbildə, Məşhəddə Vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradıldı.
– Bakı-Culfa dəmiryolu inşa edilərək istifadəyə verildi.
– Kür çayı üzərində körpü salındı.
– 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin sonuncu – 145-ci iclası axşam saat 20:45-də başladı və 23:25-dək davam etdi. Parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyətin kommunistlərə verilməsi haqqında qərar qəbul etdi.

1920-ci ilin bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinə aşağıdakıları həyata keçirməyə imkan vermədi:
– Bakı neftini dünya bazarına tam gücü ilə çıxara bilmədi. 2005-ci ildə Bakı-Tiflis-Ceyhan beynəlxalq neft kəməri bunu reallaşdırdı.
– Azərbaycan ali hərbi məktəb aça bilmədi. Müstəqilliyimizin yenidən bərpasından sonra çoxlu sayda ali hərbi məktəblər açıldı.
– Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.
– Parlament seçkilərini keçirə bilmədi. 1995-ci ilin noyabrında parlament seçkiləri keçirildi.
– Ərəb əlifbasından latın qrafikalı əlifbaya keçməyi təmin edə bilmədi. 2001-ci ildə latın qrafikalı əlifbaya keçildi.
– Aqrar məsələni, yəni torpaq məsələsini həll edə bilmədi. 1996-cı ildə aqrar məsələ həll olundu.
– Qafqaz İslam Ordusunun şərəfinə abidə qoya bilmədi. 2000-ci ildə Şəhidlər Xiyabanında bu əzəmətli abidənin açılışı oldu.
– Ermənistan və sovet Rusiyasının günahı üzündən onlarla qonşuluq münasibətlərini qura bilmədi. Bu gün də Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində onunla qonşuluq münasibətlərini qurmaq mümkün olmadı.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvanı Azərbaycandan ayırmaq meylləri getdikcə güclənirdi.
1918-ci ildə Naxçıvan ikitərəfli təhlükə ilə rastlaşır. Bir tərəfdən Naxçıvana köçürülən və burada yaşayan erməni əhalisi bu diyarın Ermənistana birləşdiriləcəyi barədə yayılan şayiələrdən ruhlanaraq Naxçıvana Ermənistanın bir hissəsi kimi baxır və diyarın müxtəlif yerlərində hər cür fitnəkarlıq törədirdilər. Digər tərəfdən isə daşnaklar ingilislərdən geniş yardım alaraq Culfanı ələ keçirmiş qaniçən Andranik Ozanyan Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi şəkildə qırırdı. Yaycı, Dizə, Düylün, Süst, Çeşmə-basar, Tumbul kimi kəndlər tamamilə dağıdılmışdı. Müttəfiq dövlətlər İngiltərə və Fransa daşnakların hərbi əməliyyatlarına yardım göstərirdilər.
Belə ağır vəziyyətdə Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha da genişləndirir. Türklər Şərur-Dərələyəz və İrəvan-Culfa dəmiryolunu öz əllərinə keçirərək Naxçıvana doğru irəliləyir. Sonra Türkiyə Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq qoşunlarını Naxçıvandan çıxarmalı olur. 1918-ci ilin noyabrı yerli əhali Araz-Türk Respublikasının müvəqqəti müstəqilliyini elan edir. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə əksər əhalinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməsini hazırlamağa cəhd edirdi.
Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alınır.
Azərbaycan Xalq Cümhuriyyətinin “rəhbərliyi və yerli hökumət orqanları imkanları daxilində Naxçıvan məsələsinə diqqət yetirmiş, torpaqlarımızın bütövlüyü və suverenlik məsələlərində daxili-xarici düşmən qüvvələrə qarşı barışmaz mövqe tutmuşlar”. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti öz fəaliyyətində, daxili və xarici siyasətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirmiş, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verməmiş və ona siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərmişdir.
Beləliklə, aydın olur ki, AXC hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmışlar. Lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə nail ola bilməmişlər.
Ulu diyarın əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət, 1921-ci ilin martında Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdir.
Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə 5 kabinet mövcud olmuşdur. İlk üç kabinetə F.Xoyski, sonrakı kabinetlərə isə N.Yusifbəyli başçılıq etmişdir. Hökumətin daxilində baş verən proseslərin təhlilini verən Ulu Öndər Heydər Əliyev qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə 5 dəfə hökumət təşkil olunmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də, bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar”.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti AXC-nin yaranmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik Rusiyanın Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.
Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin dan ulduzu oldu. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən xalqların olmaması, eyni zamanda AXC-nin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, AXC yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycanın vətəndaşı olmaqdan ötrü İrkutskdakı konsulluğa müraciət etmişdilər.
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amilin məcmusu tələb olunur. Əgər Azərbaycanda parlament deyil, prezident respublikası və möhkəm əl olsaydı, bəlkə də müstəqilliyin ömrü uzun ola bilərdi. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalıdır. Xalq öz milli dəyərlərini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
Beləliklə, ötən əsrin 70-80-ci illərində Azərbaycan zıyalıları Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi oldu.
Heç kəsə sirr deyildir ki, sovet dövründə AXC-nin yaranma tarixinin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma müstəqil ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Cümhuriyyət dövrü tarixinin sistemli şəkildə araşdırılmasına başlanması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi, kitab və monoqrafiyalar çapdan çıxdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində AXC-nin rolundan danışarkən demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi vəziyyətdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.
1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq olduğunu göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq qeyd edir.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli xüsusi sərəncam vermişdir. Sərəncamın qərar hissəsində göstərilir:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin;
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin;
3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyyə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə söylədiyi nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını belə dəyərləndirir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman dünyasında ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.

İstifadə edilmiş mənbələr:
1. Əliyev Heydər. “Müstəqillik yolu” (Seçilmiş fikirlər). Bakı, 1997.
2. Əliyev Heydər. “Azərbaycanın dövlət mütəqilliyi əbədi, dönməz və sarsılmazdır”, “Azərbaycan” qəzeti, 28 may 1997.
3. Əliyev Heydər. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti”, “Azərbaycan” qəzeti, 30 dekabr 2000.
4. Əliyev İlham. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2867 №-li Sərəncamı, 16 may 2017.
5. Naxçıvan MR Dövlət Arxivi, fond 314, siy. 5, s/v 63-67.
6. Naxçıvan MR Dövlət Arxivi, fond 314, siy. 5a, s/v 13, 33, 71, 72.
7. ARDA, fond 100, siy. 2, iş 7, vər. 10-12.
8. ARDA, fond 699, siy. 1, iş 63, vər. 252.
9. ARDA, fond 970, siy. 2, iş 17 (AXC Xarici İşlər Nazirliyi).
10. M.Ə.Rəsulzadə. “Azərbaycan Cümhuriyyəti”. Bakı, “Elm”, 1990, 116 s.
11. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, “Lider” nəşriyyatı, 2004, I cild, 440 s.
12. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafik hesabatlar. Cild 1, Bakı, 1998.
13. Azərbaycan tarixi. 7 cilddə, V cild, Bakı, 2001.
14. Dəmirov M. ADR Ali dövlət hakimiyyəti orqanları. Bakı: “Azərnəşr”, 1996.
15. Azərbaycan Cümhuriyyəti (1918-1920). Məsləhətçi redaktor: N.Ağaməliyeva. “Bata”, 1998.
16. “Azərbaycan” qəzeti № 73, vər.2, 15 aprel 1920.
17. Азербайджанская Демократическая Республика (1918-1920 г.г.). Законодательные акты, Баку: «Азербайджан», 1988, 560 с.
18. Азербайджанская Республика. Документы и материалы. 1818-1920 г.г. Баку: Элм, 1998, 616 с.

AYB- nin üzvü ŞAİRƏ- PUBLİSİST: RAHİƏ DÖVRAN.