Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona…
Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı.
-Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma…
Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin.
Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”…
Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır.
Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü.
-Hələ çörək almamısan?
-Yadımdan çıxıb, pul içəridə qalıb.
-Göyərti də alarsan. – Yasəmən mətbəxə keçdi.
Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxanda mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşdü. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi.
Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü.
-Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını dayandırmağa məcbur etdi.
Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan.
Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o, isə qızın gözlərində qorxunu oxudu.
Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Əclaf yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı.
-Pambıqdır. Bu dəfə səni buraxmayacam. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı.
Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.
-Nili, sən niyə yerdəsən? Nə olub?
Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu.
-Hamama keç. Sakitləş, ağlama.
Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi.
-Harda yıxılmısan?
Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı.
-Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb.
Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı.
-Qızım, nə oldu axı? De görüm kim qorxudub səni?
Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı.
-Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan?
Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi.
-A-na…
-Haycan
Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı.
-Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma.
Yasəmən qızının gözlərinə baxdı.
-Anan qurban, de görüm nə olub?
Nilufər içini çəkə-çəkə dedi:
-Ana, aşağıdakı dayı məni …
Anası gözlərini bərəltdi:
-Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı…
Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi.
Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi.
Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.
Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
-Qurban olum, Turan…
Turan qoluyla arvadını itələdi.
-Çəkil.
Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
-Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək.
-Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de.
Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
-Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
-Nə danışırsan, az sən? Çəkil qabağımdan.
-Yalvarıram əlini mundarın qanına bulama.
-Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
-Onu başa salmaq olar? Ayı boydadır.
Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
Turan qonşusunun qapısını yumruqlayırdı.
-Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
-Ay Turannn…. Sus, camaatdan ayıbdı.
Turan arvadının əlini itələdi
-Səndə çəkil o tərəfə.
Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
-Nə olub ə? Meşədəsən?
Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
-Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
-Qatil… Qatiiil… – qışqırırdı.
İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı…
Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmışdı, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
-Qızım, baş vermiş hadisəni bizə danışa biləcəksən?
Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdilər.
Nilufər susurdu. Hakim sualını təkrarladı.
-Qızım, özünü yaxşı hiss edirsən?
Nilufər kövrəldi.
-Yaxşıyam, hakim əmi.
“Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
Nilufər hakimə baxdı.
-Sizdən bir xahişim olacaq, hakim əmi.
-Buyur, qızım.
-Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
Hər kəs təəccübləndi.
-Mən jurnalistlərə sənə görə icazə vermədim.
-Xahiş edirəm, hakim əmi.
Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
-Juranlistləri çağırın.
-Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
-Peşmanam, hakim əmi.
Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
-Anama o adamın elədiklərini deməyə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim.
-Sonra necə oldu dedin?
-O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Anama danışmasaydım, nə olacaqdı, bilirsinizmi?
-Nə olacaqdı? – hakim soruşdu.
-Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
-Atan səni çox istəyir, qızım.
Nilufər sualını təkrarladı.
-Atam yaxşı insandı, hakim əmi?
-Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
Nilufər hakimin cavabını təsdiqlədi.
-Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
Nilufər bir qədər susduqdan sonra davam elədi.
-Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
-Sakit… Davam elə, qızım.
-Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
Hakim də kövrəlmişdi.
-Belə danışmağı sənə kim öyrədib, qızım?
-Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin.
Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı.
-Əyləşə bilərsən, qızım.
-Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir.
Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
Nilufər gözlərini açanda məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası…
Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı…
İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik qadınları gətirdiyini etiraf eləmişdi.
Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.