*******
İnsan təbiəti belədir. Bir neçə gün xoş sürprizlərə öyrəşəndə, sonra gözlərin qapıda qalır, yenə də nə isə gözləyir, ümid edirsən. Bu gözləntilər bəzən o qədər çox və sənin özündən güclü olur ki, hisslərin məngənəsində aciz, çarəsiz qalırsan.
Bu gün həmişəki adi, sıradan günlərdən biri olaraq davam etməkdə idi. Hər gün təkrarlanan işlər canımı sıxmaqda idi. Əslində isə, canımı sıxan yeknəsəqlik deyil, gözlədiyim fərqliliyin baş verməməsi idi.
Günortadan xeyli keçməsinə baxmayaraq, deyəsən, bu gün unudulmuşdum. Üç gün ardıcıl aldığım zanbaqlar məndə nastalji hissləri oyatmış, keçmişin xoş xatirələrini canlandırmışdı içimdə. Hər dəfə dəhlizdə addım səsləri eşidəndə, qapı açılanda qeyri-ixtiyari otağa daxil olan katibəmin əlinə baxırdım. Əllərini boş görəndə, etiraf edim ki, üzülürdüm.
Özümü on doqquz–iyirmi yaşlı həmin tələbə qız kimi hiss etməkdə idim bu gün. Saysız-hesabsız qayğılarının içində özünü xoşbəxt hiss edən o qız üçün darıxırdım. Güzgüdən boylanan, gözlərimin içinə baxaraq gülümsəyən həmin şən, çılğın qıza, hətta bu gün paxıllığım belə tuturdu. Bir insanın digərlərinə olan həsədini anlaya bilərəm, amma bir insanın özünə, öz keçmişinə, xoşbəxt xatirələrinə özünü qısqanmaq hissini anlamayacaq qədər üzgün idim bu gün.
…Rauf gələcəyi günü bilərəkdən xəbər etməmiş, mənə sürpriz etmək istəmiş və buna da nail olmuşdu.
Həmin axşam narın yağış yağmasına baxmayaraq, yenə də dənizkənarı ilə gəzinir, içimdə gah dənizlə, gah da Raufla söhbətləşirdim. Dəfələrlə darıxdığımı pıçıldayır, öz-özümə təsəlli verib onun da mənim üçün darıxdığını söyləyirdim.
─Xanım qız! Deyirəm, bəlkə axşamın bu saatında, özü də belə havada tək gəzib dolanmayasız… Bəlkə sizə yoldaşlıq edim, tənhalığınızı bölüşüm…
Təklifə bax! Cəsarətə bax! Əsəbi halda geri çevrilib payını verməyə hazırlaşırdım ki, yerimdə donub qaldım. Bir anlığa nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Təklifi edən bir başqası deyil, səsini dəyişən Raufun elə özü idi. Budur, qarşımda idi. İki aylıq ayrılıqdan sonra yenə də gözlərimin içinə baxıb gülümsəyirdi.
─Rauf!–deyərək boynuna sarıldım. Ayların həsrəti bu anın sevincinə qarışıb göz yaşlarımla yanaqlarımdan üzüaşağı süzüldü.
─Başımın bəlası! Bilsən ki sənin üçün nə qədər darıxmışam!–deyərək belimi qucaqladı, bir qədər fırlayıb yerə qoydu. Nəzərlərini üzümdən çəkmədən bir əli ilə saçlarımı, yanaqlarımı oxşayır, digər əli ilə ovcundakı əlimi sıxırdı.
İllərin həsrətliləri kimi bir-birimizə sarılmışdıq. Yağan yağışı belə unutmuşduq. Hər kəsi unutmuşduq. Dəniz, səma, yağan yağış, mən və Rauf… Bütün dünyanın fövqündə idik.
Zamanın dayanmasını, bu anın heç bitməməsini arzu edirdim. Raufun ürək döyüntülərini, isti nəfəsini hiss edirdim. Sevdiyim insanın qolları arasında olmaq xoşbəxtliyin ən son həddi idi mənim üçün. Sevirdim! Sevildiyimi də bilirdim. Sevginin nə olduğunu da, ayrılığın, həsrətin nə olduğunu da, acısı kimi, vüsalının da şirinliyini Rauf yaşatmışdı mənə. Əllərinin saçlarımdakı, yanaqlarımdakı tumarı, ovcumdakı hərarəti, üzümə toxunan isti nəfəsi ruhumun dilə gəlib “Səni sevirəm” deyə hayqırmaq istəyini artırırdı.
Raufun hündürdən dediyi sözlərin kimlərinsə diqqətini çəkəcəyindən ehtiyat edirdim. O isə buna əhəmiyyət vermir, daha da səsini yüksəldirdi:
─Qoy hamı eşitsin: Bu qızı sevirəm! Başımın bəlası! Səni sevirəm! Səni çooox sevirəm!
Sevinc göz yaşlarım yağan yağışın damlaları ilə yanağımdan çənəmə süzülürdü. Heç vaxt olmadığım qədər xoşbəxt idim.
Əllərini islanmış saçlarımda gəzdirib gah belimi qucaqlayır, gah da əlimdən, üzümdən, alnımdan öpürdü. Yanımızdan ötüb keçənlərin diqqətini çəkdiyimizi gördükdə isə, üzünü onlara tutub “Başımın bəlasıdır! Sevirəm onu!” deyirdi. Utandığımdan, xəcalətdən gizlənməyə yerim də olmadığından tez başımı köksünə sıxır, üzümü gizlətməyə çalışırdım.
İslanmışın yağışdan nə qorxusu, deyirlər. Bir kənara çəkilmək, daldalanmaq heç birimizin ağlına gəlməmişdi. O qədər xoşbəxt idik ki, bir-birimizdən başqa heç nə düşünə bilməmişdik. Raufun öz sevgi etirafları ilə diqqətini çəkə bildiyi orta yaşlarında bir rus qadın əlindəki çətiri bizə verib tələsik uzaqlaşdığı an tamamilə islandığımızın fərqinə varmışdıq.
Çətir tutmağın elə də bir əhəmiyyəti qalmamışdı. Onsuz da islanmışdıq. Buna baxmayaraq, Rauf çətirdən imtina etmək fikrində deyildi.
Şəhərin gecə mənzərəsi, tutqun səma, dənizdən əsən xəfif meh, yağan yağış və biz…
Heç vaxt əlimi buraxmayacağına əmin olduğum insanın nəzərləri üzümdə gəzir, nəfəsi boynuma toxunurdu. Raufun pıçıltı ilə dediyi:
─Səni çox sevirəm!–sözlərini eşitdiyim an qeyri-ixtiyari gözlərimi yumdum. İlk dəfə dodaqlarıma toxunan dodaqların hərarəti bütün varlığımı titrətməkdə idi. İncə və zərif toxunuş qəlbimin dərinliklərinə qədər işləyirdi. Sanki bir yuxu idi. Bu yuxudan ayılmaq, bu yağmurlu gecənin bitməsini istəmirdim.
*******
Yenə də soyuq, tənha ev… Qapını açıb içəri girdiyim dəqiqədən divarlar məni sıxmağa başlamışdı. Xatirələrim, düşüncələrim də getdikcə artan pərişanlığımın əsl səbəbi idi. Mətbəxə keçib çaydanın altını yandırdım. Soyuducunu açıb dünən axşamdan bişirdiyim dolmadan bir neçəsini ağzıma atdım. Bu gün heç nə yeməsəm də, heç iştaham da yox idi.
Özümə çay süzüb divanda oturdum. Bir az fikirlərimi dağıtmaq üçün televizoru yandırdım. Rəsmi xəbərlər, əyləncə verilişləri sevgidən bəhs edən melodram və seriallar kimi maraqsız idi. Televizoru söndürüb pultu bir kənara qoydum.
Fincanı əlimdə tutub necə fikrə dalmışdımsa, az qala isti çayı üstümə dağıdacaqdım. Yerlə-göy arasında idim bu an. Düşünür, keçmiş xatirələri beynimdə canlandırır, gah özümü qınayır, gah da özümə haqq qazandırırdım.
Həmin gün bir yerdə oturub şam etməyi Rauf özü mənə təklif etmişdi. Təklifini qəbul edərkən, çox ciddi bir mövzudan söz açacağını düşünmüşdüm. Hətta, fikrimdən mənə evlənmə təklifi edəcəyini keçirtmişdim. Restorandakı romantik ab-hava, həzin musiqi bu cür düşünməyimə əsas verirdi.
Adətən danışıb-gülən, məzəli söhbətlərlə kefimi açan, zarafatından qalmayan Rauf bu gün çox sakit və susqun idi. Arabir gözlərimin içinə baxıb gülümsəyir, sonra yenə də nəzərlərini yayındırırdı. Üzündəki ifadə yorğunluq ifadəsindən daha çox gərgin olduğundan xəbər verirdi. Əlindəki çəngəli gah sağa, gah sola fırlayırdı. İş gününün sonu olmasına baxmayaraq, iştahası olana bənzəmirdi heç.
─Rauf! –dözməyib dilləndim.
Başını qaldırıb üzümə baxdı, gülümsədi:
─Ay caan!
─Yaxşısan? –soruşdum.
Özünü gülümsəməyə vadar etdiyi sönük baxışlarından hiss olunurdu. Bir anlıq üzümdə gəzən nəzərləri yenidən boşqaba yönəldi.
Əlini tutub soruşdum:
─Rauf, nəsə olub? –Başını yellədi. –Evdə salamatçılıqdı?
─Şükür, –deyib susdu yenə.
─Bəs işdə? Hər şey qaydasındadır?
Əlimi dodaqlarına yaxınlaşdırdı:
─Hər şey yaxşıdır, canım.
─Bəs niyə beləsən? –sualım deyəsən onu çətin vəziyyətə saldı. Cavabını gözləməyə səbrim çatmadığından sözümə davam etdim, –Cismin burdadır, ruhun isə başqa bir yerlərdə dolaşmaqdadır. Burda deyilsən, Rauf…
Əlimi ovcunda sıxıb tumarladı, təkrar dodaqlarına yaxınlaşdırdı:
─Bağışla, canım, həqiqətən bir az yorğunam, çox gərgin bir gün yaşamışam. Sən narahat olma amma… Yaxşı?
Gözlərinin içinə baxmağa çalışsam da, hər dəfə yayındırdığı nəzərləri deyə bilmədiyi, amma əslində çox ciddi bir problemi olduğunu üzündən oxumağım üçün kifayət edirdi.
Başını qaldırıb üzümə, daha sonra qarşımdakı dolu boşqaba nəzər saldı.
─Xoşuna gəlmədisə, başqa nə isə sifariş verək.
─Yox, iştaham yoxdu, –dedim.
Əli ilə öz boşqabını da geri itələyib:
─Düzü, elə mənim də iştaham yoxdu, –dedi və bir müddət yenə də gözlərini bir nöqtəyə zilləyib susdu.
Mən də susurdum. Deyiləcək sözümüz yox idi bu gün. Gözlədiyim, xəyal etdiyim hər şeyin əksi ilə qarşılaşdığımdan həm pərt, həm də üzgün idim.
─Gedək səni evə ötürüm, gecdir, –deyib üzümə baxmadan ayağa qalxdı.
Əlavə bir söz demədən ayağa qalxdım. Özlüyümdə işində bir problemi olduğunu düşünüb, mənimlə bölüşmək istəməməsinin səbəbini zabit xarakterindən irəli gələn susqunluqla izah etməyə çalışırdım. Bir anlıq təyinatının istəmədiyi bir yerə verilməsini, məndən ayrılacağını düşündüyü üçün üzgün olduğunu fikrimdən keçirtdim. Ürəyimdən keçən “Səninlə dünyanın ən ucqar nöqtəsinə də gedərəm, yetər ki sən əlimi buraxma” sözlərini dilimə gətirməyə çəkinirdim nədənsə.
Məni evə ötürərkən də yolboyu susmuş, tək-tük ifadələri nəzərə almasaq, demək olar ki danışmamışdı.
Həmişə ayrıldığımız ağacın altında ayaq saxladı. Qucaqlayıb başımı sinəsinə sıxdı. Saçlarımın qoxusunu içinə çəkib, yanaqlarımı barmaqları ilə sığalladı:
─Əslində bu gün sənə fərqli bir gün yaşatmaq, yadda qalan, xoş sürpriz etmək istəyirdim. Bağışla, düşündüyüm kimi olmadı.
─Eybi yox, narahat olma, hər şey yaxşıdır,–pərtliyimi hiss etdirməməyə çalışdım, –Yanımda olduğun hər saniyə mənim üçün yadda qalandır.
Bir neçə dəfə əlini cibinə salıb geri çəkdiyini hiss etdim. Bəlkə də evlənmə təklifi etmək üçün aldığı nişan üzüyünü gizlətməkdə məqsədi bu münasibətlərə indi hazır olmaması idi. Bəlkə də haqlı idi, zamanı deyildi, tələsirdik.
Əlimi ovcundan buraxmadan alnımdan öpdü:
─Nə olur, olsun, inan mənə! Güvən mənə! Heç vaxt hisslərimə şübhən olmasın! Əmin ol ki, sənə görə hər şeyi gözə ala bilərəm!
Bu gün ilk dəfə idi ki, gözlərimin içinə baxırdı. Dediyi sözlərin səmimiliyinə, sevgisinə şübhəm yox idi.
Beləcə, daha çox sükutdan ibarət olan gecəmizi başa vurduq…
Hələ də yaddaşımdan silinməyən, xatirəmdə dərin iz buraxan həmin gün, Raufun gərgin, narahat halı, susqunluğu həyat hekayəmin ən kədərli bölümünün ilk səhifəsi idi.
*******
Bu gün anamın doğum günü idi. Səhər-səhər valideynlərimi ziyarət edib, məzarları üstünə gül qoydum. Ruhlarına fatihə oxuyub, bir qədər ürəyimdə dərdləşdim. Həm uğurlarımdan, həm də tənhalığımdan danışıb, darıxdığımı, onlara nə qədər ehtiyacım olduğunu pıçıldadım.
Əvvəllər tez-tez onları ziyarət etsəm də, sonralar işlərimin çoxluğundan ayda bir dəfə gedə bilirdim. Doğrusu, son zamanlar tez-tez getmək də istəmirdim heç. Bilirdim ki, valideynlərimin ruhu mənə görə narahatdır. İşlərimin yaxşı olmasına baxmayaraq, şəxsi həyatımı qaydaya sala bilmədiyim üçün özümü günahkar hesab edirdim. Məzar daşından boylanan baxışlarının qarşısında belə davam gətirə bilmirdim. Elə bilirdim, indicə anam dil açıb məni danlayacaq, sözünün sonunda da “Sən düzəlmədin də!” deyib məzəmmətlə başını yelləyəcək. Darıxırdım onlar üçün.
Qızlar atalarını daha çox sevir, deyirlər. Atamın münasibəti, məni daha çox sevib-əzizləməyi bacımın qısqanclığına səbəb olurdu. Mən isə atanın, həmçinin nənənin sevimlisi olmaqdan zövq alırdım, düzü. Diqqət mərkəzində olmağı uşaqlıqdan xoşlayırdım.
Xeyir-duasını aldığım nənəmin vəfat etdiyini geri döndüyüm gün öyrənmişdim. Hələ Almaniyada olduğum zaman evə zəng edərkən bir neçə dəfə anamdan, bacımdan nənəmi soruşmuş, onunla danışmaq istədiyimi bildirsəm də, uzaqda olduğum üçün bilərəkdən məndən bu xəbəri gizlətmiş, üzülməyimi, dərslərimdən yayınmağımı istəməmişdilər. Hər nazımı çəkən, şıltaqlıqlarıma göz yuman, dəcəllik etdiyim zaman anamın qarşısına keçib məni onun əlindən alan nənəmin yoxluğu məni hədsiz sarsıtmışdı. Hər səhər, hər axşam üzündən öpdüyüm, qanım qara olanda başımı dizinin üstünə qoyduğum nənəmi gah mətbəxdə, gah öz otağında axtarırdım. Saatlarla oturduğu divanın küncünə qısılar, kürəyinə saldığı tirmə şalı burnuma tutar, hopub qalmış qoxusunu içimə çəkmək istəyirdim.
Bir gecə yatıb bir səhər yuxudan oyanmayan anamı isə işlərimin yoluna düşməyə başladığı bir zamanda itirdim. Hər dəfə ailə qurmağımdan, nəvə sahibi olmaq istədiyindən söz açsa da, qulaqardına vurar, mövzunu dəyişərdim. Arzusunu gözündə qoyduğum anam, yəqin ki hələ də məndən incikdir.
Gərgin və sıxıntılı bir günü dörd divar arasında başa vurmamaq üçün işə getməyə qərar verdim. Fikirlərimi dağıtmaq, keçmişin acı xatirələrindən xilas olmaq üçün iş ən gözəl vasitə idi.
İşə qayıdarkən gün yarı olmuşdu.
Katibəmə mənə qəhvə hazırlamağı tapşırıb qapının dəstəyini burdum. Ayağımı içəri qoyduğum an dörd bir tərəfə düzülmüş çiçəklər dərhal nəzərimi cəlb etdi. Bütün buketlərin sarı çiçəklərdən ibarət olması eyni ünvandan göndərildiyindən xəbər verirdi. Çiçəklərin kimdən olduğunu bilmək üçün üstündəki vizitkaya deyil, masamın üstündəki kiçik zanbaq dəstəsinə nəzər salmaq kifayət idi. Altı sarı zanbağın arasına yerləşdirilmiş tünd çəhrayı zanbaq sahibinin əvəzindən danışa, gizli mətləblərə aydınlıq gətirə bilərdi.
Hər səhər, hər axşam dibçəkdəki zanbaqlarıma nəzər salar, səbirsizliklə sonuncu–yeddinci zanbağın açacağı günü gözlərdim. Bəzən isə onun heç vaxt açmayacağını da fikrimdən keçirirdim.
Həmin səhər də yuxudan ayılan kimi çarpayıdan sıçrayıb pəncərənin qarşısına yaxınlaşdım. Budur, sonuncu zanbaq bu səhər açmışdı. Artıq solan digər zanbaqların yanında daha gözəl, təravətli, zərif görünən bu çiçək özünün sarı rəngi ilə könlümü oxşaya bilmişdi. Sarı rəng ayrılıq, bəzən nifrət anlamına gəlsə də, mənim üçün günəşin rəngi idi: şəfəq və nur idi. Sevindiyimdən zanbağın ləçəklərini, yarpaqlarımı sığallayıb, barmaqlarımla oxşayıb, hətta dodaqlarımı belə toxundurmuşdum. Ayın yeddisi, həftənin bazar günü açan bu yeddinci zanbağa rəmzi məna verməyə də çalışmışdım. Münasibətlərimizə xeyir-dua almış qədər xoşbəxt hiss edirdim özümü. Sevincimi bölüşmək üçün Raufa mesaj yazıb, sonuncu zanbağın açdığını bildirdim. “Gözün aydın! Nəhayət ki!” cavabını aldım.
Elə həmin axşamkı görüşdə Rauf əlimi ovcunda sıxıb əzizləyərkən qəfil xatırlayıb soruşdu:
─Doğrudan, demədin, axı, sonuncu zanbağın nə rəng açdı…
Tez dilləndim:
─Sarı rəngdədir. Elə gözəldir ki! Sanki günəşin özüdür!
Təəccüblə üzümə baxdı:
─Sarı? Sarı rəngi xoşladığını bilmirdim.
─Sarı rəng ayrılıqdı deyirlər… Amma bu fərqlidir. Həftənin bazar günü, ayın yeddisi, yeddinci zanbağım…Görürsən, hamısı yeddidir.
─Rəmzlərə inanırsan? Simvolikaya çox da qapılma!
─Yeddi rəqəmi müqəddəsdir! Bilirsən, nə düşünürəm?
─…
Ona ağzını açmağa imkan verməyib sözümü bitirdim:
─Bu yeddilərdə bir məna var! Allah özü münasibətlərimizə xeyir-dua verib. Günəşin bir parçasını bizə elçi olaraq göndərib.
Başını bulayıb sözlərimə güldü. Dedi:
─Məncə bir qədər şişirtdin… Sənə elə gəlmir?
Başımı yellədim:
─Yox! Əgər ürəkdən inansaq, belə də olacaq!
Saçlarımı, yanaqlarımı sığalladı, üzümü əlləri arasına aldı:
─Sən deyən olsun! Sənə inanıram. Sən də mənə inan! Həmişə inan və zərrə qədər də şübhən olmasın!
Artıq ikinci dəfə eşitdiyim bu söz mənə qəribə gəlməyə başlamışdı. Bu sözləri deməyi, həm də vurğulamağı səbəbsiz deyil, düşünürdüm. Soruşmağa çəkinir, həm də hər şeyi özündən eşitmək istədiyim üçün üstünə getmək, məcbur edib sıxışdırmaq istəmirdim. Özü isə, görünür, hər hansı bir söhbətə bu gün hazır deyildi. Ən doğru qərar zamana buraxmaq idi…
Bir zamanlar sarı rəngə günəşin rəngi kimi dəyər vermişdim. Bu gün isə sarıya bürünən otağım məni qıcıqlandırır, üzdüyü qədər də əsəbləşdirirdi. Nifrət edirdim sarı rəngə. Kədərli xatirələrlə açdığım səhəri həyəcan və əsəblə başa vurmaq istəmirdim.
Əsəbi halda katibəni səslədim:
─Elə bu dəqiqə bütün buketləri–hamısını rədd edin otağımdan! Üstündə vizitkası olmayan, kimdən olduğu bəlli olmayan heç bir gül dəstəsini də otağıma gətirməyin bundan sonra!
Qızın təəccüb dolu nəzərlərini üzümdə hiss edərkən hövsələdən çıxdığımı, hisslərimə hakim ola bilmədiyimin fərqinə vardım. Katibə buketlərin hamısını qucağına alarkən masamın üstündəki kiçik zanbaq dəstəsi ilə sayının yeddi olduğu nəzərimdən qaçmadı. Qucaq dolu çiçəklə masama yaxınlaşıb əlini zanbaqlara uzatmaq istəyən qız bir anlıq ayaq saxladı, nə düşündüsə geri addım atdı. Sakitcə otaqdan çıxdı.
Başımı masanın üstünə qoydum. Ürəyim boşalıncaya qədər ağlamaq istəyirdim. Qeyri-ixtiyari əlimi güldanın içindəki zanbaqlara toxundurdum. Onları ovcumun içində əzmək, qırmaq, ayağımın altında tapdamaqla hisslərimin, sevgimin heyfini almaq istəyirdim. Ovcumda sıxa, əzə bilmədikdə isə hönkürüb ağladım. Altı sarı zanbağın arasından mənə boylanan zərif çəhrayı zanbaq mənə mənim özümü xatırladırdı. Gözlərimdən axan göz yaşı yanaqlarımdan süzülüb şeh damcısı kimi əlimdə tutduğum çəhrayı zanbağın ləçəyində qaldı.
Sarı çiçəklərdən ibarət hər böyük buket ayrılığımızın bir ilinə işarə idi. Yalnız zanbaqlardan ibarət olan kiçik gül dəstəsi də aradan yeddi ilə yaxın zaman ötdüyündən xəbər verirdi. İllər əvvəl rəngarəng altı zanbağın arasında bitən sarı gülün ayrılacağımıza işarə olduğunu anlamaq, qəbul etmək istəməmişdim. Bu gün isə altı sarı zanbağın arasındakı çəhrayı çiçək yoxsa bir sevgi etirafı idi?
Bu axşam hava çox küləkli və soyuq idi. Dənizdən əsən yel, yağan leysan yağış belə məni çəkindirmirdi. Ağlayıb ürəyimi boşaltmaq üçün ən münasib zaman idi. Yanaqlarımdan süzülən yağış suları əslində göz yaşlarımı gizlədirdi. İçin-için ağlamaq üçün uzun zaman idi belə fürsətim olmamışdı.
…Son bir həftədə Rauf çox fikirli və dalğın görünürdü. Üzündən oxunan gərginliyi ciddi problemlərlə üzləşdiyini bəlli edirdi. Əsəbiliyini, dilxorluğunu asan olmayan zabit həyatının qayğıları ilə əlaqələndirir, hər dəfə içindəkiləri mənimlə bölüşmək istəməməsinin səbəbini də buna bağlayırdım. Əslində isə, susqunluğu işinin məsuliyyət və öhdəliklərindən deyil, təbiətindən irəli gəlirdi. Nə gizlədim, bəzən inciyirdim. Amma sonra özümü danlayır, əksinə söz danışan olmadığına, bəziləri kimi sızlamağı xoşlamadığına, təkbaşına hər işin öhdəsindən gəlmək istəyi kimi əsl kişi xarakterinə xas cəhətlərinə görə daha çox heyran olurdum ona. Mümkün qədər anlayışlı davranmağa çalışarkən, ailəsində hər hansı bir narahatçılığın olduğunu çox az ehtimal edirdim.
Bir axşam mənə dediyi:
─Səndən bir söz soruşacam, səmimi cavab ver: Əgər təyinatımı başqa bir şəhərə, rayona alsam, mənimlə gedərsən?–sözlərindən sonra gərginliyinin səbəbinin yalnız işi ilə bağlı olduğuna heç bir şübhəm qalmadı.
Düşünmədən:
─Hə, gedərəm, –demişdim.
Yaş fərqimiz, bəlkə də yaşadığı həyat tərzi ona görə bilmədiyim, görmək istəmədiyim gerçəkləri daha aydın göstərirdi. Məndən daha təcrübəli və dərin dünyagörüşünə sahib olan zabit asanlıqla vaz keçilməsi mümkün olmayan dəyərləri daha yaxşı anladığından sualının ciddiyyətini də dərk edirdi:
─Bəlkə sənə indi tələsik cavab vermək asan gəlir. Əslində çox ciddi sualdır. Seçim edərkən kimdənsə, nədənsə vaz keçməli olacaqsan. Bunu anlayırsan? Razılıq versən, daha “sən” və “mən” olmayacaq, “biz” olacaq. “Biz” uğruna təhsilini yarımçıq buraxıb, ailəndən ayrıla biləcəksən?
Düşünmədən, tələsik dediyim sözlərin ciddiliyini, məsuliyyətini yalnız indi anlayıb başımı aşağı salıb susdum. Ən yüksək balla Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və tərcümə fakultəsinə qəbul olarkən çox böyük ümidlərim, xəyallarım vardı. İndi bir anın içində bir neçə ay tanıdığım insana görə bütün arzu və istəklərimdən imtina etməyə dəyərdimi?Həyatımda kiminsə olduğunu hiss etsə də, nədənsə üzümə vurmayan, hisslərimi, sirlərimi ona açıb danışacağım günü gözləyən anamı, az qala mənimlə nəfəs alan nənəmi qoyub gedə biləcəkdim?
Arzu və istəklərimdən asanlıqla vaz keçmək çətin olduğu kimi sevdiyim insanı itirmək qorxusu ilə də qarşı-qarşıya idim. Həmin an içimə dolan şübhələr də məni narahat etməyə başlamışdı. Öz-özümə düşünürdüm:
─İllərin zəhməti, əziyyəti bahasına tələbə adı qazandın. Adından, soyadından başqa heç nə bilmədiyin yaraşıqlı bir zabitə görə bütün arzu və istəklərindən vaz keçməyə dəyərmi, Afət?! Bəlkə səni aldadır… Heç yeddi ay deyil tanışsız…Dünənə qədər qınadığın qızlar kimi toysuz, nikahsız tanımadığın, bilmədiyin bir insana qoşulub qaçacaqsan? Sən başını götürüb getdikdən sonra yaxınların qohum-əqrəbanın, qonum-qonşunun dilində qalacaq. Kiməsə görə ailənə, əzizlərinə rəzalət hissini yaşatmağa dəyərmi?
Araya çökən sükutu Rauf pozdu. Sanki fikirlərimi oxuyurmuş kimi içimdəki narahatlıqları da hiss edib şübhələrimə, fikirlərimə aydınlıq gətirdi:
─Səndən nə istədiyimin fərqindəyəm. Həyatımda olmağını istərkən nələri qurban verəcəyini, hansı dəyərlərdən, arzu və istəklərindən imtina etməyə vadar etdiyimi də gözəl anlayıram. Əgər gələcəyini mənimlə görürsənsə, həmişə bir yerdə olmağımızı və heç vaxt ayrılmamağımızı istəyirsənsə, qərarını qətiləşdir, münasibətlərimizi rəsmiləşdirək. Hərbçi olduğum üçün ləngitməyəcəklər, ərizə ilə müraciət etdiyimiz günün səhəri nikahımızı kəsəcəklər.
Bir qədər əvvəl haqqında yanlış düşündüyüm üçün gözlərinə baxmağa utandım, nəzərlərimi döşəməyə dikdim. Barəsində necə pis düşünə bilərdim, axı. Məgər, bir insanı tanımaq üçün illər lazımdır? Qarşındakı insanın dürüstlüyünə, səmimiyyətinə şübhən olmadıqdan sonra, sadəcə qəlbin, ruhunla onu hiss etmək kifayət idi. Həmin an içimdəki səs Raufa inanmağı, heç vaxt ona şübhə etməməyi pıçıldayırdı mənə.
─Razıyam, –dedim,– Səninlə dünyanın hər yerinə gedərəm, yetər ki, yanımda ol, inamımı, etibarımı qırma!
Əlimi dodaqlarına yaxınlaşdırıb öpdü:
─Bizlərdə belə bir deyim var: Mən də zabit şərəfim üstünə and içirəm ki, heç vaxt ümidlərini, inamını qırmayacam! Etibarını, güvənini sındırmayacam! Sənə, sevgimə sadiq qalacam, xəyalımdan belə xəyanət keçməyəcək!
Gülüb:
─Deyəsən axı, qərar verməyə tələsdim bir az,–dedim. Təəccüblə üzümə baxarkən bəlkə də fikrimdən vaz keçdiyimi düşünmüşdü. Həmin an bir az onu gərgin vəziyyətdə saxlamaq istəsəm də, qərarımdan daşındım, –Əsas məsələni unutdum… Demək ki, bütün həyatımı hərbi nizamnaməyə uyğun yaşamalı olacam…
Ciddi və sərt təbiəti ilə seçilməsinə baxmayaraq, dəcəlliyimə, ərköyünlüyümə dözürdü, bəzən isə şıltaqlıqlarım kefini açırdı.
─Bax da! Nikah bağlamadan sözünü geri götürə bilərsən, hələ vaxt var…
─Yaxşı fikirdir! Bir daha təklifinizi düşünərəm, –deyib güldüm.
─Bütün yollar Romaya apardığı kimi, bütün fikir və düşüncələrin də onsuzda gec, ya tez səni mənimlə bərabər nikah masasına oturdacaq, xeyri yoxdur! –deyə göz vurdu.
Həyatın qəribə təzadları var. Həyatda nəyisə əldə etmək üçün bəzən nə qədər səy etsən, arzuna çatmaq üçün nə qədər çox xəyal qursan, ümidsizliyə düçar olarsan, istədiyini əldə edə bilmərsən. Bəzən isə heç nə arzu etməz, xəyal da qurmazsan, ya da mübarizə aparmaqdan usanıb istəklərindən imtina edərsən ki, şans özü arxasıyca qaçıb yorulduğun həmin kəpənək kimi gəlib çiyninə qonar.
Arzu və xəyallarımdan əl çəkməyə qərar verdiyim gecənin səhəri dekanlığa çağırıldım. Savadına görə dəyərləndirdiyim, tələbələrlə gözəl rəftarına görə sevdiyim, insanlığına heyran olduğum dekanımız məni gülərüzlə qarşılayıb oturmağa yer göstərdi. Çox uzatmadan dekanlığa çağırılmağımın səbəbini açıqladı:
─Bilirsən ki, Universitetimizin digər ölkələrin elm, təhsil, mədəniyyət müəssisələri ilə sıx münasibətləri var. Tələbələrimiz müntəzəm olaraq Avropanın, həmçinin MDB ölkələrinin ali məktəblərində təşkil olunan konfranslarda, seminarlarda iştirak edir, təcrübə keçir, təhsillərini davam etdirirlər. Hər il bir çox dövlətlərin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi edir, yetirmələrimizin təhsilini artırmaq məqsədi ilə başqa ölkələrdə dil təcrübəsi keçməyinə zəmin yaradırıq. Bu il də Universitetimizin ən savadlı gəncləri arasından bir neçəsini seçmişik. Sənin adını da öz siyahımıza əlavə etmişik. Polyak dilindən əlavə alman dilini də gözəl mənimsədiyin üçün qərara aldıq ki, təhsilini davam etdirmək üçün səni Almaniyanın Tübingen Universitetinə göndərək.
Doğrusu həmin an nə deyəcəyimi bilmədim. Donub qalmışdım. Bu cür təklifi xəyal belə etməmişdim. Başqa vaxt olsa, sevindiyimdən dekanımızın boynuna sarılar, mənə göstərdiyi etimada, verdiyi dəyərə görə necə minnətdarlıq edəcəyimi bilməzdim. Nitqim qurumuşdu. Başımı aşağı salıb təşəkkür edib, yoxsa təklifdən imtina etməyi düşünürdüm. İki od arasında qalmış insanlar kimi hiss edirdim özümü. Dünən Raufa verdiyim sözü xatırlayaraq, bir neçə dəfə təklifdən imtina etmək istədim. Lakin nədənsə dekanımızın nurani, gülərüz simasına, ümid dolu gözlərinə baxınca onu qırmağa cəsarətim çatmadı bu an.
─Həftə sonu yola düşürsüz. Hazırlaşmaq üçün bir neçə gününüz var. İnanıram ki, sənə olan bütün ümidlərimizi doğruldub, böyük nailiyyətlər əldə edəcəksən.
Mənə böyük ümidlər bəsləyən dekanımıza sadəcə gülümsəyə bildim.
Həmin gün nə Raufa, nə də evdəkilərə bu xəbəri deyə bildim. Dalğın halda gəzib dolanır, taleyin ironiyasını–həyatımın ən vacib qərarını qəbul etməyə hazır olduğum bir anda Almaniyada təhsili davam etdirmək kimi qəfil təklifin gəlməsini düşündükcə fikirlərim daha da qarışırdı. Bu həyatımın ən böyük şansı idi. Və mən anlayışlı şəkildə bu şansımdan imtina edirdim.
Həyatımda ən uzun və ən gərgin gecəm idi. Səhərə qədər gözümü yummadım. Hər şeyi ölçüb-biçir, bir daha heç vaxt qarşıma çıxmayacaq bu şansdan imtina edərkən hisslərimin ağlıma güc gəldiyini, hətta, nə vaxtsa peşman belə olacağımı da anlayırdım.
İçimdə qəribə bir sıxıntı hiss edirdim…
Həmin səhər mənə doğma olan bu məkana son dəfə imiş kimi baxır, əzizindən ayrılmağa hazırlaşırmış kimi gördüyüm, nəzər saldığım hər şeylə vidalaşırdım sanki. Baxdığım, toxunduğum hər şeyi xatirəmə yazmağa çalışırdım.
Qapı üzümə açıldığı zaman dekanlığın qarşısında olduğumu fərq etdim. Dünəndən bəri fikir və düşüncələr varlığıma hakim kəsildiyindən ayaqlarımın məni nə zaman və necə bura çəkib gətirdiyini hiss etməmişdim.
─Afət! Qapıda dayanma, qızım, gəl içəri,–deyərək dekan məni içəri dəvət etdi. Başımı aşağı salıb susurdum. Mehriban və nurani üzlü yaşlı dekan gülümsəyərək sözünə davam etdi, –Artıq biletləriniz də sifariş verilib. Getdiyiniz gün sizə təqdim edəcəyik.
─Asəf müəllim, elə mən də sizinlə bu barədə danışmaq istəyirdim.
─Buyur,qızım, dinləyirəm səni.
─Əslində bu təklif mənim üçün o qədər gözlənilməz oldu ki! Xəyal belə edə bilməyəcəyim bir şansla üzləşməyin sevincini yaşamaqdan gözəl hiss ola bilməz…
─Savadına, bacarığına, mühakimə və nitq qabiliyyətinə bələd olduğum üçün ilk ağlıma gələn ad sən oldun…
Mənə bu qədər dəyər verən insanın gözlərinin içinə baxa bilmirdim:
─Təşəkkür edirəm, professor. Sizin etimadınızı qazanmaq mənim üçün şərəfdir, həqiqətən. Mənə verdiyiniz dəyərə görə də Sizə hədsiz minnətdaram. Amma… çox üzgünəm… Mən bu təklifdən imtina etməli olacam.
─Anlayıram, –deyən dekan təəssüf hissi ilə köksünü ötürdü, –Bir çox Azərbaycan ailəsində qızlarımızın xaricdə təhsil almasına qarşı çıxırlar. Mən valideynlərinlə görüşüb bunun sənin, həmçinin dövlətimizin, təhsilimizin gələcəyi üçün nə qədər vacib olduğunu onlara izah edə, razı sala bilərəm. Elə bu gün atanla görüşümüzü təşkil et.
Dekanın sözləri, diqqət və qayğısı məni kövrəltdi. Güclə eşidiləcək tərzdə:
─Atam hələ biz uşaq olanda rəhmətə gedib, –deyə bildim.
─Bacın, qardaşın?
─Bacım ərdədir. Anam və nənəm…
─Aydındır…
Təklifdən imtina etdiyimə görə dekanımız mənim özüm qədər üzülmüşdü. Onun təəssüf dolu baxışları hələ də gözümün önündədir.
─Bax, qızım, həftə sonuna qədər vaxt var. Adını siyahıdan çıxarmıram. Düşün, bir daha ananla danış. Son günə qədər təklifim qüvvədə olacaq.
Minnətdarlıq edib dekanlıqdan çıxdığım an qərarımın qəti və dəyişməz olduğuna əmin idim…
Sanki içimdəki təlatümləri hiss edirmiş kimi dəniz də fırtına qopartmaqda idi. Küləyin vıyıltısı səsimi batırırdı:
─Mənə yaşatdıqların az idi? Yenə niyə gəldin? Nə istəyirsən məndən? Niyə həyatımı yaşamağa imkan vermirsən?! Nifrət edirəm sənə!!!
─Çünki səni sevirəm! –qəfil güclü bir əl qolumdan yapışdı, qarşıma keçib gözlərimin içinə baxdı, –Səni dəli kimi sevirəm! Sənsiz yaşaya bilmirəm…
Bu bir həftə ərzində Raufun məni izlədiyinə əmin idim. Bu gün də heç şübhəsiz ki məni izləmişdi.
Baxışlarımdakı nifrət, qəzəb, dartınıb əlindən xilas olmaq istəyim ona təsir etmirdi:
─Məni sevdiyinə əminəm! Etiraf et ki, hələ də məni sevirsən!
─Həddindən çox xəyallar qurursan! Sənə elə gəlmir?
─Bilirəm, dəli kimi sevirsən məni. Bilirəm ki, bütün bu illər ərzində məni bir an belə unutmamısan.
İstehza ilə güldüm:
─Özündən müştəbeh olmusan! Belə deyildin, illər səni dəyişib.
─İstəməyərəkdən məni düşündüyünü öz dilinlə etiraf etdin,–deyib gülümsədi.
─Yadıma belə düşmürdün!
─Yalan! Zibilə atdırdığın günahsız sarı çiçəklər suallarıma cavabın idi: unuda bilmədiyin sevgindən doğan pərişanlığın idi.
Özlüyümdə hər addımımdan xəbərdar olduğunu düşünüb anladım ki, bu izləmələr bəlkə də bir həftədən daha uzun müddət davam etmişdir.
─Sevgin kimi göndərdiyin çiçəklər də mənə gərəksizdir! Çəkil, get, bir daha da qarşıma çıxma! –deyərək əsəbi halda əlini itələdim.
─Heç vaxt dinləməyi bacarmadın! Qaçıb getmək daha asandır, elə? O vaxt da məni dinləmək istəmədin. Amma… bu gün məni dinləyəcəksən!
Əsəblərimə hakim ola bilmirdim:
─Axı, nə deyəcəksən? Deməyə sözün də var? Ümumiyyətlə, nə üzlə qarşıma çıxmısan?
─Deyəcəyim və dinləməli olduğun çox söz var!
─Səni dinləmək istəmirəm! Deyəcəklərin mənə maraqsızdır!
Dartınıb əlindən xilas olmağa çalışdıqca daha bərk qolumdan tutur, getməyimə icazə vermirdi. Hər zaman özümdən daha təmkinli hesab etdiyim zabit səsini yüksəldib bağırdı:
─İstəsən də, istəməsən də bu gün məni dinləməli olacaqsan, Afət xanım! İndi, elə burada hər şey aydınlaşmadan heç yerə getməyəcəksən!
Küləyin səsinə qarışan bağırtısı, səsindəki hiddəti bir anlıq məni susmağa məcbur etdi.
Axşamın bu saatında, özü də belə bir yağışlı havada dəniz kənarındakı bütün kafelər kimi burada da bir neçə işçidən başqa heç kim gözə dəymirdi. Zəif işıqlandırılmış zal, az qala eşidilməyən həzin musiqi, içəridəki sakitçilik həqiqətən insanın ruhuna dinclik gətirirdi.
İllər sonra yenidən Raufla üzbəüz oturmuşdum. Gözlərinin içinə baxmamaq üçün nəzərlərimi yayındırır, pəncərədən çölə baxır, hələ də kəsmək bilməyən leysan yağışı izləyirdim.
İradəmin ziddinə olaraq məcbur gətirmişdi məni bura. Özüm qədər tərs və inadkar birini, görünür, bu axşam dinləmək məcburiyyətində idim.
Qarşısındakı isti qəhvədən bir neçə qurtum içdi. Fincanı qarşıma çəkib:
─Soyutma, isti-isti iç. Nə qədər soyuq canına təsir etməyib, iç, –dedi.
Payızın soyuğu həqiqətən canıma hopmuşdu. Hələ tam qurumayan saçlarımın nəmini hiss etdikcə bir az da üşüdürdüm. Dəfələrlə yağışdan daldalandığımız kafelərdə isti çay, qəhvə sifariş verib saatlarla beləcə üz-üzə oturub şirin-şirin söhbət edərdik. Bu gün isə bayaqdan bəri bir kəlmə də kəsməmişdim.
Raufun nəzərlərini üzümdə hiss etdikcə, eyni zamanda həm nostalji hisslər yaşayır, həm də əsəbləşirdim.
─Daha uşaq deyilsən! Odur ki, iki yetkin insan kimi söhbət edə bilərik. Ən azından bir-birimizi dinləyə bilərik.
Fincanı əlimə aldım. Bir qurtum içdim:
─Yaxşı. Buyur, səni dinləyirəm.
Rauf barmağını fincanın ağzında gəzdirib söhbətə necə başlayacağını düşünürdü bəlkə.
─Həmişə o günü xatırlayıram. Sənə “Məni dinlə! İcazə ver, hər şeyi izah edim…” deyərək nə qədər dil tökdüm. Dinləmədin. Məni dinləsəydin, mənə inanıb güvənsəydin, bu gün həyatımız tamamilə başqa cür olardı. Sən isə, nə məni dinlədin, nə də mənə inandın. Güvənmədin mənə…
Gözlərim yol çəkirdi. Bu qədər yaxın ikən bu qədər uzaq olan insanın səsi uzaqlardan gəlirdi sanki. Pəncərədən süzülən yağış damlalarından nəzərlərimi ayırmırdım.
…Bu gün olduğu kimi soyuq və yağışlı noyabr günü idi. Xəyallarımdakı sevgi dünyamın dəniz qumundan düzəldilən, elə dənizin göz yaşım tək şor suları ilə dağılan qəsr kimi ümidlərimin, arzularımın məhv olduğu soyuq noyabr günü… Ruhumu üşüdən həmin gün…
Bir qız üçün sevgi xəyalları qurmaq daha asandır. Bütün varlığımızla sevərkən, qarşımızdakı insanı həddindən artıq ideallaşdırır, hər sözünə inanıb tamamilə etibar etməyə başlayırıq. Bəzən ruhumuzun bir parçası, elə özümüz hesab edirik. Sevir, sevildiyimizə də özümüzü inandırmağa çalışırıq, adi diqqəti,qayğını da ilahi eşq kimi qəbul edirik. Bir gün isə yuxudan ayılır, xəyalımızdan keçənlərin sadəcə bir ilğım olduğunu anlayırıq.
O gün səhərdən bütün işlərim tərs gedirdi. Yuxudan durandan hər şeyi əlimdən saldığım, bir neçə tələbə yoldaşımla mübahisə etməyim azmış kimi, günün sonunda daha böyük sürprizlə qarşılaşacağımdan xəbərsiz idim.
Universitetin qapısından çıxarkən bir qadın mənə yaxınlaşdı:
─Afət, sənsən?
İlk dəfə gördüyüm qadına gülümsəyib:
─Bəli, mənəm.
Qadın sınayıcı nəzərləri ilə məni başdan-ayağa süzdükdən sonra dilləndi:
─Mən Raufun anasıyam.
Raufun anası ilə belə qəfil görüşəcəyimi düşünmədiyim üçün bir qədər özümü itirdim. Doğrusu, həmin an çaşqınlıqla bərabər içimdə sevinc hissi də yaşadım. Özlüyümdə, Raufun barəmdə ailəsi ilə danışdığını, fikrinin ciddi olduğunu xəyal edirdim. Əlbəttə, əgər belə olmasaydı, anası nə üçün bura qədər gəlib mənimlə görüşmək istəyəydi ki.
─Vaxtın varsa, səninlə bir az söhbət etmək istərdim, –qadın dedi.
Qarşımda dayanan ağbənizli, ala gözlü qadına baxdıqca, Raufun gözəllik və yaraşığını anasından aldığını düşünürdüm öz-özümə. Son dərəcə gözəl, xanım-xatın qadında kübarlıq dərhal hiss olunurdu. Zövqlü bir xanım olduğu da geyim tərzindən bəlli idi.
─Əlbəttə, buyurun, –deyə cavab verərkən, yəqin ki bütün qızların keçirdiyi həyəcanı hiss etməkdə idim.
Bir neçə addım atıb, bir qədər aralıda dayanmış avtomobilə yaxınlaşdı. Başının hərəkəti ilə mənə də keçib əyləşməyi işarə etdi. Cinayət işlərinə çox baxan anamdan və nənəmdən fərqli olaraq, ağlıma heç bir pis fikir gətirmədən, çəkinmədən avtomobilə əyləşdim. Görünür, əvvəlcədən təlimatlandırılmış sürücü, mən oturduqdan sonra qapını bağlayıb uzaqlaşdı.
Raufun anası ilə üz-üzə idik. Baxışlarından mənə münasibətini anlaya bilmirdim. Üzündəki xəfif təbəssümün mənə olan xoş münasibətindən, yoxsa ki, sadəcə kübarlığından irəli gəldiyini ayırd etmək çətin idi. Ilk dəfə gördüyü qıza qarşı, bəlkə də elə belə olmalı idi münasibəti, nə bilim.
─Görürəm, ağıllı qıza bənzəyirsən. Odur ki, düşünürəm, bir-birimizi çox gözəl başa düşəcəyik. Barəndə də hər şeydən xəbərim var: Ailə vəziyyətindən tutmuş, getdiyin ünvanlara qədər hər şeydən məlumatlıyam. Raufla aranızdakı münasibətləri də bilirəm…
Sözlərinə bilərəkdən fasilə verdi bəlkə də.
Başımı aşağı salıb susur, həyəcandan əllərimin, ayaqlarımın əsdiyini hiss edirdim. Həmin an mənə elə gəldi ki, nəfəsim daralır. Bəlkə də avtomobilin pəncərələrinin bağlı olduğundan sıxılmağa başlayırdım. İçimdə qəribə hiss vardı. Və bu hiss mənə bu söhbətin düşündüyüm kimi davam etməyəcəyini söyləyirdi.
─Raufu qınamıram, gözəl qızsan, cazibənə uyub. Səninlə münasibətləri kəsmək istəmədiyindən də, görünür, sənə nişanlı olduğunu, hər iki ailənin artıq toy hazırlıqlarına başladığını bilərəkdən söyləməyib… Bəlkə də həqiqəti deməyə cəsarəti çatmayıb…
Deməyə sözüm yox idi. Qulaqlarımın eşitdiyinə inanmaq istəmirdim hələ də. Mən nələr eşidirdim! Aylardan bəri görüşdüyüm, bütün varlığımla səmimiyyətinə inandığım insan inamımdan, etibarımdan necə istifadə edə, məni necə aldada bilərdi.
Qadın çantasından çıxartdığı şəkli mənə uzatdı. Əlimə alıb gah şəklə, gah da qadının üzünə nəzər saldım. Heç vaxt Raufun hisslərinə, sevgisinə şübhə etmədiyimdən, ailəsi ilə bərabər bir masa arxasında yanaşı oturduğu incə və zərif üz cizgilərinə sahib son dərəcə gözəl qızın üzündəki xoşbəxt təbəssümünü görüncə, ilk dəfə qısqanclıq hissi keçirtdim.
─Keçən yay Raufun qaynının toyunda çəkilmiş şəkildir. Özünü həmin qızın yerinə qoy. Yəqin ki, sən də barmağında üzüyünü gəzdirdiyin nişanlının soyuq münasibəti ilə üzləşmək, özgə birisi ilə gün keçirtməyini istəməzdin. Başqa birisinin bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Ağıllı, savadlı qızsan, Rauf kimi oğlanlar hələ qarşına çox çıxacaq.
─…
─Raufla münasibətlərinizə son qoy! Belə hər ikiniz üçün yaxşıdır. Rauf səninlə gün keçirə bilər, amma heç vaxt sənə evlənməyəcək! Nə mən, nə də atası ailəmizə soxulmaq istəyən bir qızı gəlin kimi qəbul etməyəcəyik!
Hələ heç vaxt özümü bu qədər alçaldılmış, təhqir olunmuş hiss etməmişdim. Daha çox qadının son sözlərinə, yoxsa ki sarsılan inam və etibarıma üzüldüyümü bilmirdim.
─Narahat olmayın, xanım, Rauf bu gündən sonra bir daha heç vaxt üzümü görməyəcək! –deyib avtomobildən endim.
Arxama baxmadan qaçmaq, uzaqlaşmaq istəyirdim. Keçdiyimiz yollardan, ayaqlarının izi qalan cığırlardan bir daha keçməmək üçün heç vaxt getmədiyim yollardan, küçələrdən addımlayırdım. Onu mənə xatırladan, bağlayan hər şeyi məhv etmək, dağıtmaq, ümidlərim kimi qırmaq, alçalmış qürurum kimi sındırmaq istəyirdim. Eyni səmaya, eyni dənizə baxmaq, eyni şəhərin havasını belə udmaq istəmirdim.
Bütün günü yağan yağış kəsənə bənzəmirdi, arada daha da bərkiyirdi. Yalnız bu şəhərə deyil, ömrümə, xəyallarıma, arzularımın üstünə yağırdı leysan tək.
─Yaxşısız, xanım? –yaxınlaşan polis nümayəndəsi soruşdu. Görünür, axşamın bu saatında, yağışlı, küləkli belə bir havada bayaqdan bəri tək-tənha dəniz kənarında olmağım, nəzərlərimi eyni nöqtəyə zilləyib dayanmağım diqqətini çəkmişdi.
Əvvəllər o qədər də diqqətimi çəkməyən bir məqam –sahildən aralanan gəminin fiti sanki bir işarə idi mənə. Nəzərlərimi uzaqlaşan gəmidən ayırıb polisin üzünə baxdım:
─Hər şey bundan sonra yaxşı olacaq! Hər şey dəyişəcək!
Özlüyündə qəribə təsir bağışlayan qızın nədən bəhs etdiyini anlamayan polis başını yelləyib əlavə bir söz demədən aralandı. Hiss edirdim ki, özümə qəsd edə biləcəyimdən ehtiyat etdiyi üçün kənardan məni izləyir.
Gec idi. Yəqin ki, anam da narahat qalmışdı məndən. Barmaqlarımın ucu ilə yanaqlarımdan yağış sularına qarışan göz yaşlarımı sildim:
─Dənizim! Gözəl, doğma olduğun qədər də amansız və qəddarsan! Hər gün neçə-neçə insan sənin sularında qərq olur. Kimilərini özün udursan, kimiləri isə cəmiyyətin amansız qanunlarına, sərt qaydalarına dözməyib ümidsizlik içərisində bilərəkdən özünü qərq edir. Heç vaxt intihar edənləri anlamasam da, bu gün anladım ki, insan ümidləri öldüyü gün ölür. Dənizim! Bu gün mən də arzularımı, ümid və xəyallarımı ruhumla bərabər sularında qərq edib gedirəm. Nə incilər, nə xəzinələr qoruyub saxladın dərinliklərində. Al, qoy ruhum göz yaşlarımla, nakam sevgimdən doğan xəyal və arzularımla bərabər qiymətli inci,mirvari kimi sənə əmanətim olsun, özündə saxla. Ruhsuz cismimi götürüb gedirəm bu şəhərdən. Əgər bir gün qayıtsam, özümü yenidən doğulmuş kimi hiss edib xoşbəxt ola biləcəyimə əmin olsam, hamısını səndən geri alacam.
Qapıdan içəri ayağımı basar-basmaz anamın səsi eşidildi:
─De, gəldi əzizxələf nəvən!
Əlində oxlov, unlu əlləri ilə dəhlizə çıxıb həmişəki kimi deyinməyə başladı:
─Saatdan xəbərin var? Hardasan bu saata qədər? Evin-eşiyin yoxdur sənin?!
İki balaca otaqdan ibarət evimizin mətbəxi də olduqca darısqal olduğundan anamla nənəm çox zaman yerdən süfrə salar, elə oturaq vəziyyətdə qutab, düşbərə hazırlar, dolma bükər, küftə tutardılar.
Havalar soyumağa başlayandan həm ətə qənaət etmək üçün, həm də xoşladığım üçün çox zaman anam düşbərə bükərdi. Necə deyərlər, həm canımız qızırdı, həm də gündə ət almağa imkanı olmayan kasıb ailə üçün bundan daha münasib, daha dadlı təam tapılmazdı.
Qəfil boynuna sarılıb üzündən öpməyim, deyəsən, anamı çaşdırdı. Nə isə demək istədi. Susdu.
Gəncliyində kəndin ən gözəl qızı hesab edilən nənəmin də əlindən, yanaqlarından öpüb birbaş yataq otağına getdim. Çarpayıma uzanıb yorğanı başıma çəkdim. İsti nəfəsim soyuq yatağımı qızdırsa da, üşüyürdüm. Üşüyən tərk edib gedən ruhumun boş qalmış cismi idi. Dörd səmtə əsən küləklərin dolaşıb tüğyan etdiyi tərk edilmiş bütün məbədlərə bənzəyən boş qalmış cismimi heç səhra günəşinin özü də isindirə bilməzdi indi.
─Nolub? Xəstələnmisən? Sənə diyəndə ki, day yay döyül, üzü qışa gedir, küləkli, yağışlı havalarda az gəz bu küçələri, qulaq asmırsan ki mənə!
Anamın susmağını istəyirdim. Onun nəinki iradlarını, hətta xoş sözlərini belə dinləyəcək halda deyildim indi.
─Gözlə, indi isti bir zoğallı çay gətirim.
Anam sinini dolabçanın üstünə qoyarkən nəzəri telefona sataşdı:
─Telefonun səsini almısan? Zəng gəlir sənə.
Doqquz buraxılmış zəng, yeddi oxunmamış mesaj ekranda görünürdü. Telefonu əlimə aldım. Düyməsini sıxıb, söndürdüm. Bir kənara atıb yenidən yorğanı başıma çəkdim. Hərəkətlərim anama qəribə görünsə də, heç bir sual vermədi.
Yaxşı deyirlər ki, heç vaxt “Heç vaxt!” demə. Bir neçə gün əvvəl qərarımın qəti olduğuna əmin olduğum qədər bu gün də fikrimdə qəti idim.
─Asəf müəllim, mən çox düşündüm və qəti qərara gəldim. Təhsilimi Almaniyada davam etdirmək, dövlətimə, xalqıma faydalı olmaq istəyirəm, –deyərkən ağsaçlı dekan sevindiyindən alnımdan öpdü.
─Bilirdim ki, fikrindən dönəcəksən. Hər bir savadlı, bacarıqlı, istedadlı gənc Azərbaycanın gələcəyi deməkdir! Hamımız üçün xeyirli olsun!
Bir çoxlarının yerimdə olmaq istədiyi, bəlkə hətta ürəklərində həsəd aparıb, bəxtəvər belə adlandırdığı mən, əvvəlkindən daha artıq deyib-gülməyimə, şən görünməyimə, dodaqlarıma saxta təbəssüm taxmağıma baxmayaraq, çox gərgin və fikirli idim. Şəhərdən, ölkədən qaçmaq istərkən, özümdən heç yerə qaça bilməyəcəyimi anlasam da, artıq günləri, hətta saatları sayırdım.
Ümidlərimi itirdiyim gün sanki güvən hissimi də itirmişdim. Dalğın olduğumdan arxamdan gələnin ayaq səslərini, hənirtisini eşitməmişdim. Odur ki, qəfil qolumdan birisi tutunca diksindim. İçimə dolan qorxu, qaranlıq küçənin xofu bütün varlığıma hakim kəsildi.
─Yenə qorxutdum səni? –deyə gülümsəyən Rauf əlimi ovcuna aldı.
Kobud şəkildə əlimi çəkdim.
─Hə, qorxutdun.
Güldü:
─Sən ki həmişə ürəkli qız olmusan! Nədən qorxdun?
─…
─Sən özün bir bəlasan! Səndən qorxmaq lazımdır! Düşünmürəm ki, məndən başqa kiminsə sənə yaxınlaşmağa hünəri çata, cürət edə bilə.
Həmişə zarafatla dediyi sözlər indi məni qıcıqlandırırdı:
─Elədirsə, o zaman sən də məndən uzaq ol! Başına bəla olmayım!
─Gecdir, sən artıq başımın bəlasısan! –gülümsəyib təkrar əlimi tutdu.
Özümdən asılı olmadan əsəbi şəkildə:
─Toxunma mənə! –dedim.
Çox az hallarda adımı deyərdi. Üzündəki təbəssüm bir anın içində çəkildi. Ciddi görkəm aldı. Soruşdu:
─Afət! Nə olub? Nə baş verir?
Nəzərlərimi yayındırır, üzünə baxmaq istəmirdim:
─Heç nə.
─O zaman bu nə soyuqluqdur? Dünəndən bəri də nə zənglərimə, nə mesajlarıma cavab vermisən. Bu gün də bütün günü telefonun sönülü olub. Narahat qaldım, növbəmi uşaqlarla dəyişib səni görməyə gəldim.
Susurdum…Həqiqətləri üzünə çırpmaq, hər şeydən xəbərdar olduğumu bildirmək, ürəyimdən keçənləri demək istəsəm də, susurdum… Şikarını parçalamağa hazırlaşan, pusquda durmuş pələng kimi idim, məqamımı gözləyirdim. Gözlərimin içinə baxaraq mənə utanmadan yalan söyləyən zabitin əynindəki mundirə nəzər saldıqca zabit şərəfinə and içdiyini xatırlayaraq həm qəzəblənir, həm də içimdə istehza ilə gülürdüm. Mənim üçün müqəddəs olan dəyərlərə bu qədər dəyərsiz yanaşan bir insandan daha nələr gözləyə biləcəyimi düşünürdüm.
─Başımın bəlası, nə olub axı, sənə? Niyə susursan? Məni gördüyünə sevinmədin?
Üzündəki günahsız ifadəni, mülayim təbəssümünü gördükcə, mehriban səsini eşitdikcə bir insanın nə qədər saxta ola biləcəyini, riyakarlığının son həddini ağlıma sığışdıra bilmirdim. Əllərinin toxunuşu belə məndə ikrah hissi yaradırdı.
─Yox! Bir daha qarşıma çıxma! Səni görmək istəmirəm! Bir dəfəlik həyatımdan yox ol!
Sanki sözlərimdən diksindi. Heç nə anlamayaraq qeyri –ixtiyari:
─Nə? –dedi, –Nə dedin?
─Düz eşitdin. Qarşıma çıxdığın, səni tanıdığım günə lənət olsun! Sənə baxdıqca ikrah hissi duyuram.
Qürurunu, mənliyini alçatdığıma baxmayaraq, əsəblərinə hakim olmağı bacaran zabit təmkinini pozmamağa çalışırdı:
─Bu nə sözlərdir dilə gətirirsən? Öz dediyini özün eşidirsən?Dediyin sözlərin fərqindəsən?
─Deyə biləcəyim ən yumşaq ifadələrdir. Riyakarlığına, şərəfsizliyinə layiq sözlər tapa bilmirəm.
Üzünün ifadəsi kimi, səsi də dəyişildi həmin an:
─Afət! Həddini aşırsan!
Fərqinə varmadan səsimi yüksəltmişdim:
─Həddimi aşsam, nə olacaq? İç üzünü göstərəcəksən? Göstər! İç üzünü tanıdım, daha betərləri ilə məni təəccübləndirə biləcəyini düşünürsənsə, buyur.
─Səni tanıya bilmirəm, Afət…
─Mən isə səni yaxşı tanıdım, Rauf!
─Anlaya bilmirəm… Bir gecədə necə bu qədər dəyişdin? Nə baş verdi? Mənə qarşı kəskin dəyişilən münasibətinin səbəbini izah et, mən də öz qəbahətimin, günahımın nə olduğunu bilim. Bilərəkdən, bilməyərəkdən etdiyim səhvlərimə görə də səndən üzr istəyim.
Dözməyib əsəbimdən güldüm:
─Səhv? Qəbahət? İki qızın hissləriylə birdən oynamaq səhv adlanır?
─İki?–təəccüblə üzümə baxdı,–Həyatımda yalnız sən varsan! İkincisi yoxdur!
─İlahi! Səmimiliyinə inandığım, dəyər verdiyim insan gözlərimin içinə baxaraq həyasızcasına nə yalanlar söyləməyə qadirmiş! Sən necə insansan, Rauf?! Axı, mən səni necə tanıya bilmədim!
─Peşman olacağın sözləri dilinə gətirmə, Afət!
Hisslərimə hakim ola bilməyib əsəbimdən ağladım. Hirslə bağırdım:
─Artıq peşmanam! Səni tanıdığıma, sənə inandığıma, səni sevdiyimə peşmanam!
─Afət!
─Mən hər şeyi bilirəm. Nişanlı olduğunu, hər iki evdə toy hazırlıqları getdiyini bilirəm! İki qızın hissləriylə oynayacaq qədər şərəfsiz birisən! Sənə nifrət edirəm!!!
─…
Gözlərimin içinə baxmağa cəsarəti çatmadığı üçün baxışlarını yerə dikib susan Raufa hələ də inanmaq istəyirdim. Özümü nə qədər ələ almağa çalışsam da, bacarmadım. Hönkürüb ağladım. Göz yaşlarında boğulsam da, səsimi yüksəltməyə özümdə güc tapdım:
─Niyə susdun? Susma! İnkar et! Nişanlı olmadığını söylə! Bütün dediklərimi təkzib et, yalan olduğuna inandır məni!
─Sakitləş, mən sənə hər şeyi izah edəcəm,–deyərək əlimdən tutmağa çalışdı.
─Nəyi izah edəcəksən? Başqa bir qızın barmağında sənin üzüyünü gəzdirdiyini inkar edəcəksən?!
Divara sıxışdırılmış müqəssirlər kimi həqiqətləri etiraf etməkdən savayı əlacı qalmadı.
─Yox, … etməyəcəm…
Son ana qədər Raufa inanmaq istəyirdim. Özümü aldatmağa çalışırdım. Anasının bizi ayırmaq üçün bu yalanları uydurduğuna özümü inandırmaq istəyirdim. Sevdiyim insanın yalanlarını qəbul etmək, həqiqətləri görməkdən daha asan gəlirdi mənə. Məhv olan arzularımın, yıxılan xəyal dünyamın səsi üzünə vurduğum şillə ilə diksindirdi, silkələyib oyatdı məni.
Geriyə baxmadan, hönkürüb ağlaya-ağlaya qaçarkən Raufdan deyil, əslində, elə özümdən qaçırdım. Mənim üçün bitmiş münasibətlərin son həddinə gəlib çıxmışdım. Yanağında buraxdığım əlimin izi ilə bu sevginin ayrılıq fərmanını verib, möhürünü də basmışdım.
Arxamca qaçıb gələn Raufun məni tutub saxlamaq cəhdləri boş idi. Var gücümlə qaçmaqdan dizlərimdə taqət qalmamışdı. Təngnəfəs idim. Qolumdan yapışıb dartdı:
─Afət! Məni dinlə! Hər şey sənin düşündüyün kimi deyil! Bilmədiyin çox şey var… İcazə ver sənə hər şeyi izah edim… Qulaq as mənə! Mənə inan, mən hər şeyi yoluna qoymağa çalışacam. Sadəcə zaman ver! Səni çox sevirəm! Sənin də məni sevdiyini bilirəm. Bu şəkildə münasibətlərimizə son qoya bilməzsən! Evlənəcəyim qız varsa, o da sən olacaqsan!
Yanaqlarıma süzülən göz yaşlarım, pıçıltı ilə dediyim sözlər vidamız oldu:
─Bir daha məni axtarma! Bir daha qarşıma çıxma! Bitdi…
Hələ orta məktəbdə oxuyarkən “İnsan və cəmiyyət” dərsində müzakirəyə çıxarılan məhəbbət mövzusu ilə bağlı mənim də fikrimi bilmək istəyən tarix müəllimimizə “Ən böyük sevgilər həyatda olmur, yalnız bədii ədəbiyyatda, filmlərdə olur. Leyli və Məcnun, Romeo və Cülyetta aramızda yaşasaydılar, kim bilir, bir müddət sonra ayrılardılar bəlkə” –deyə cavab vermişdim. Və yekun olaraq, özüm üçün belə bir qənaətə gəlmişdim ki, eşq zirvəsinə yüksələn hər sevginin yolu ayrılıq və ölümdən keçir.
Sevirdim… Həyatımda ilk dəfə sevirdim… Bütün varlığımı, ruhumu bu sevgiyə təslim etmişdim. Hər kəs sevməyi bacarmır, sevməyi bacarmaq fərqli ürək sahibi olmaqdır, deyirlər. Sevə bilmək bacarığımı özümdə kəşf etdiyimə görə, ən azından bu hissi anlamağıma, yaşamağıma, həmçinin həyata gözlərimi açıb, insanların xislətini aşkarlamağıma səbəbkar olan Raufa minnətdar idim. Sayəsində, həyatın şilləsini dadıb sadəlövh birindən bir daha insanlara inanmayacaq, güvənməyəcək bir insana çevrilməkdə idim.
Yorğun olduğumu, başımın ağrıdığını bəhanə edərək, yatağıma uzanıb yorğanı başıma çəkmişdim. Anam, nənəm ağladığımdan xəbər tutmasınlar deyə, üzümü göz yaşlarımdan islanmış yastığımda gizlədirdim. Eh, kimi aldadırdım! Aldatmaq istəyən də, aldanan da elə özüm idim.
Ertəsi günü Raufla qarşılaşmamaq üçün axırıncı dərsdən icazə alıb evə getdim. Yazıb- yazmayacağını maraq etdiyimdən telefonu yandırsam da, mesajları oxuyub heç birinə cavab yazmır, zənglərə isə cavab vermirdim; ikinci zəngdən sonra isə söndürüb sanki kiminsə görəcəyindən ehtiyat etdiyim üçün ya çantamda, ya da yastığımın altında gizlədirdim. Təsadüfən pəncərəyə yaxınlaşan zaman Raufun qonşu evin divarına söykənib nəzərlərini pəncərəmizdən ayırmadığının da şahidi olmuşdum. Bir anlıq beynimdən inad etdiyim üçün qapını döyüb evə gələ və anamın yanında belə məndən hesab sora biləcəyi fikri keçdiyindən ehtiyat etdim, lakin sonra heç vaxt buna cəsarəti çatmayacağına özümü inandırdım.
Son bir neçə gündə mühazirələr mənə daha ağır gəlirdi, heç on dəqiqə keçməmiş yorulur, diqqətim yayınırdı. Nə qədər diqqətimi toplamağa çalışsam da, əlimdə deyildi. Hətta ən sevdiyim fənlər belə mənə maraqsız görünməyə başlamışdı. Dərs başlamadan onun bitməsini, günün sonunu gözləyirdim. Əsəblərim çox gərgin idi. Son günlər baş verənlər, dünən axşam anamla aramızdakı çətin söhbət, bir yandan da hələ ölkəni tərk etməmiş duymaqda olduğum həsrət qəlbimə təsirsiz keçməmişdi.
Tənəffüs olsa da, çox zaman auditoriyadan çıxmazdım. Bufetə də nadir hallarda düşərdim.
Tələbə yoldaşım otağa daxil olub dedi:
─Afət! Bu xanım deyəsən səni axtarır.
Qapı ağzında dayanmış qızı heç vaxt həyatda görmədiyimə baxmayaraq, dərhal tanıdım. Bu həmin qız idi. Şəkildə gördüyüm, Raufa qısqandığım qızı nə vaxtsa qarşımda görəcəyimi ağlıma belə gətirməzdim.
Səsi də özü qədər incə və lətafətli idi:
─Salam. Afət xanım sizsiz? Sizinlə söhbət etmək istərdim. Mən…
Kim olduğunu söyləməsinə imkan verməyib sözünü kəsdim:
─Aşağı düşək.
Rahat söhbət edə bilmək üçün pilləkənlərlə bufetə endik. Ən axırdakı masalardan birini seçdim. Çay və şokolad sifariş verib qızla üzbəüz keçib oturdum.
Allahın əhvalının ən xoş vaxtında xəlq etdiyi bu qızın gözəl üz cizgilərinə, uzun və sıx kirpiklərinin arasından bir cüt ulduz kimi parlayan qara gözlərinə, uzun saçlarına nəzər saldıqca onun zərifliyinə, incəliyinə qızlığımla heyran qalırdım. Etiraf edim ki, hətta içimdə ona qarşı bir həsəd də baş qaldırdı. Özlüyümdə düşünür, özümlə onu müqayisə edir, vaz keçilməyəcək bu gözəllikdən Raufun imtina etməyəcək qədər ağılsız olmadığını anlayırdım. Başını aşağı salıb susan qıza, nədənsə birdən yazığım gəldi. Rəqibinin qarşısına çıxıb öz qürurunu, mənliyini alçaldan bir qızın mənə nə deyə biləcəklərini ehtimal edirdim.
─Sizi dinləyirəm.
─Mən…
─Kim olduğunuzu söyləməyə ehtiyac yoxdur. Bilirəm…
Sözə necə başlayacağından çəkinən qızın qarşısında özümü ailə dağıdan biri kimi günahkar hiss etməyə başlayırdım. Qeyri-ixtiyari barmağına nəzər saldım. Üzük taxmamışdı.
─Sizinlə görüşmək öz qərarımdır. Raufun bundan xəbəri yoxdur.
─Aydındı…Arxayın olun.
─Raufla aranızdakı münasibətlər məni narahat etdiyi üçün görüşmək və hər şeyi aydınlaşdırmaq istədim.