“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
(“Ünvanımı tapan kitablar” silsiləsindən)
Saatlara əsir olan günlərin birində qapının cırıltısı pəncərəmdəki kölgəmi titrətmişdi. Uzaqlığın yaxınlığında iki kəlmə kəsilmişdi Tanrıyla bəndə arasında; biri “aman” idi: “Aman, Tanrım!”
Sonuncu qorxunun ilk can hayındaykən Tanrıdan aman diləmək acizliyimizdənmidir? Yoxsa, cəsarətimizdənmi? Cavabımız yox…
Bir dilim buz götürüb qədəhimizə atsaq da günah, atmasaq da… Ruh yanğınından sağ çıxmaqdı şair işi… İşimizin əslidir Tanrı işığında şam olmaq, misra-misra ərimək…
Təkliyə tapınaraq təkliyimizdən şikayətlənirik həmişə. Bioloji əkizimizin olmamasına min şükrümüz olsa da mənəvi əkizimizi daim axtarırıq… Bəzən bu axtarış son “ah”ımızadək davam edir.
Şair olmaq təkliyin bütün etüdlərinin son ştrixi olmaqdır…
Günlərdən birində ünvanımı Elxan Yurdoğlunun “Ulduz çoxluğu qədər təklik” kitabı tapdı. Ulduzların çoxluğundakı təklikdən daha çox məni qızılı rəngdəki təklik düşündürdü…
Mənim təkliyimdə xəzəl rəngi var,
Səni payız kimi sevirəm, qadın!
Payıza sevdalanmağın, payızda sevdalanmağın ayrı dadı var şeirə sığınanlar üçün; bu dad hər zövqə uymur. Yəqin ki, hər sevilən də anlamaz “payız kimi sevməyi”… Amma, Elxan Yurdoğlu anlaşılıb-anlaşılmamasını eyninə də almır, hayqırır ey…. “Səni payız kimi sevirəm, qadın!”
Sonra da ömrün bütün payızlarının bəxtinə düşən əhvalı dilə gətirir: “Payızda hər günüm qəmli bayatı…” Mən heç vaxt şad günümdə bayatı çəkmirəm, şair…
Elxan Yurdoğlu saflığın gizləndiyi böyük həqiqətin axtarışındadır… İpucu kimi öz düşüncəsinin küncündən tutub:
Dostum,
Saflığını qoruya bildiyimiz
Duyğuların anasıyıq biz…
Kim bilir, o, “dost” deyəndə Yaradanamı, yoxsa yaradılanamı üz tutub?! Bunu heç nağıllarımızın Gülü, Sinanı da bilməz… Amma, Elxan Yurdoğlu nağıllarımızın “Bacılı-bacılı”sını şeirinə gətirib.
Siz nə desəniz, inanarlar, edərlər,
İki göyərçin bacının sözləri kimi,
Qızları aldatmayın…
Şeirin bu parçasında min parça oldu xəyalım, qayıtdım uşaqlığıma… Nar çiçəyi rəngdəydi Azərbaycan xalq nağıllarını oxuduğum kitabın cildi. Bizim kənddə nar ağacları bitməzdi… Mən nar çiçəklərinin rəngini bilirdim, özünü görməmişdim… Sonra o kitabı itirdim. O gün-bu gündür nar çiçəklərinə toxunmuram. İtirməkdən qorxuram o uşaqlıq arzularımın mənə qalan ulduzlu xatirələrini… “İtirməkdən qorxan adamam…”-deyir Elxan Yurdoğlu… Düz edir! İtirməkdən qorxmayan insandan dərdə vəfadar olmaz!
Bir şeirində “Bu payızı ötən il də belə görmüşdüm…” deyir Elxan Yurdoğlu… Yadıma 2015-ci ilin payızında, Bakının sarı tozlu yollarında avtobusun arxasınca qaçarkən yaşadığım o böyük təəssüf hissi düşdü… Onda yazmışdım ki: “Fərqli deyil payızım, Ötənilkidi elə…” Dünyanın dörd bucağında (hərçənd ki, dünyanın bucağı yoxdur) bütün təəssüfləri eyni yaşayır Tanrının əzabkeşləri-şairlər…
Bu “əzabkeş” sözü xoşuna gəlməyə bilər Elxan Yurdoğlunun… Nolar, xoşlamasın qoy… Elə bilərəm bir misrasıyla məni ovudur; “Təsəlli yeri kimi şeirimiz var…”
“Yay axşamında..” adlı şeirində Elxan Yurdoğlu “Yerdə bir şair dolub buludların yerinə…” deyir… Demək ki, yeni şeir “yağacaq”…
Qəşəm Nəcəfzadənin bir kitabının adı belədir: “Oğlum, qapını aç, qapıda bir külək ölür…” Elxan Yurdoğlu Qəşəm Nəcəfzadəni bir döngə qabaqlayıb:
Mən isə küləyin oğurladığı
Qızılgül ətrini sinəmə çəkdim…
Halbuki, küləyə bir çay süzəcək,
Onun dərdlərini dinləyəcəkdim…
Azərbaycan, eləcə də, Şərq poeziyasında əsrlərlə dərdlər “badi-səba”ya söylənilib, yarın naməsi küləyə etibar edilib. Küləyə qapı açmaq, hələ lap irəli gedib ona çay süzmək, oturub onun dərdlərini dinləmək şair düşüncəsinin individual tərəqqisindən daha çox ictimai fikir inqilabıdır…
Elxan Yurdoğlu öz “ulduz çoxluğu qədər təkliyi”ndən elə danışır ki, bilmirsən şikayətdir, ya fəxarət?! Bu təkliyi o, özüylə hər yerə aparır; “şəhərin xatirə tərəflərinə”, “yaddaş saxlancındakı yallı səsinin harayına”, “sevgi günlərinin intihar yeri olan tək skamyalara”… Şairin təkliyin sonuna olan ümidi möhtəşəmdir:
Mənim yaddaş saxlancımdan qopub gələn yallı səsi,
Çətin gündə el-obanı yumruq kimi birləşdirər.
Baxmayaraq ki, ruh mövsümünün dəli-dolu havasında etiraf etməkdən çəkinmir: “Ümidlərim təngnəfəsdi…” Sevdasına üz tutmağı bacarır amma: “Baxışında qızınır bir şairin ümidi…”
Uşaqkən Rövşən Qələmkar bizə çox gələrdi. Bir gün mənim dəftərimin bir küncünə öz şeirindən iki misra yazmışdı: “Səbəbi sən oldun bu ayrılığın, Niyə deyirsən ki, fələk qoymadı?” Nənəmə oxumuşdum. Nənəm başını yelləmişdi, “adam balası günahlarını fələyə yükləməsə, bağrı çatlayar”-demişdi… Rövşən Qələmkardan fərqli olaraq Elxan Yurdoğlu fələyin günahsızlığını sübut etməyə çalışır, yaşanan illərdə fələyə alibi axtarır…
O dəli sevdalar gəncliklə getdi,
Günahkar tutmuşuq indi fələyi…
“Ana qarğışı duadır” deyə inancımız var bir də… Elxan Yurdoğlu bu inancın kölgəsində sevdiyinə sevgisinin ölçüsünü izah etməyə çalışır. Hərçənd, özü də yaxşı anlayır ki, sevgi mizan-tərəzi tanımır. Dəli sevdaların səməndər quşu olan şair ürəyi necə ilahi bir ülviyyətlə pıçıldayır, duymaq gərək: “Mən onu da dua billəm, Eylə hər gün qarğış mənə.”
“Olanları misra-misra Yazıb… şeirdən unutdum…” -deyir Elxan Yurdoğlu… “Yollara gah yad, gah doğma”lığını, ruhunun “göyqurşağı rəngdə” olduğunu da oxusucundan gizlətmir. Mövlanə kimi bir təbəssüm də ələyir misraların başı üstdən; “Mənə içinlə gəl…”- deyir…
Mən bu kitabda saatın necə duyğuyla əzizlənməsini də gördüm. “Ulduz çoxluğu qədər təklik”də “saatın çıqqıltısı divarlara çırpılır”, “əqrəblər vida şərqisi çalır”… Saat burda şikayət obyekti deyil, həmdərddir. Həmdərdlər ən çətin anlarda bir-birinin xilaskarına çevrilir…
Bütün günahlardan arınmağın tək yolu elə günahı sevməkdir bəzən… Ovuc boyda ürəyi var insanın, fəzanın bütün xaotik incəliyi sığır amma bir ovuc içinə… Hər sözünün üstündə şairi günahlandırmaq da günah, Tanrı qıymaz… Axı, hər şairin Tanrıya yönəlik bir duası var; Elxan Yurdoğlunun “Tanrım, axı sənin şair bəndənəm…” misrası kimi..
Şəfa Vəli (Gəncə-2018)